"Bu sahədən getməyi heç ağlıma gətirməmişəm" - NEFTÇİ İLƏ MÜSAHİBƏ

Nəriman Nərimanov adına Neft və Qaz Çıxarma İdarəsi Dəniz Neft Mədən Hidrotexniki qurğuları sahəsində böyük iş icraçısı Həşimov Məhəmməd Hamzat oğlunun SİA-ya verdiyi müsahibəni təqdim edirik:

- Sizə necə müraciət edək? Neftçi, yoxsa dənizçi?
- Mənə neftçi kimi müraciət edə bilərsiniz.

- Neçə ildir bu sahədə çalışırsınız? Özünüz haqqında məlumat verə bilərsiniz?

- 1962-ci ildə Qax rayonunun Sarıbaş kəndində doğulmuşam. 1979-1985-ci illərdə Azərbaycan Politexnik Univesitetində təhsil almışam. Bakı maşınqayırma zavodunda mühəndis, aparıcı mühəndis, baş texnoloq müavini vəzifəsində işləmişəm. 1993-cü ildən Nəriman Nərimanov adına NQÇİ-də operator, 2002-ci ildən böyük iş icraçısı vəzifəsində çalışıram.

- Dənizdə çalışmaq asan, yoxsa çətindir?

- Əlbəttə, dənizdə çalışmaq həm çətin, həm də məsuliyyətlidir. Dəniz şəraiti olduğu üçün bir çox çətinliklər baş verir. Bu, normaldır. Biz bu çətinliklərə baxmayaraq işimizin öhdəsindən məsuliyyətlə gəlməyi bacarırıq.

- Heç olubmu ki, gəmi dənizdə olarkən hər hansı problem yaşansın?

- Gəmi dənizdə olarkən bəzən güclü külək başlayır və gəminin hərəkəti çətinləşir. Lakin biz bu çətinliklərə öyrəşmişik.

- Küləkli havalarda dənizlə necə mübarizə aparırsınız?

- Dənizdə küləkli havalar tez- tez olduğundan buna hazır oluruq. Yəni, alışmışıq. Biz hava şəraitinə uyğun hərəkət edirik. Bəzən hava şəraiti küləkli olduqda evimizə gedə bilmirik.

- Bayramları da dənizdə qeyd edirsiniz?

- Bəzən bayramları dənizdə keçirməli oluruq. Bayram zamanı çalışırıq ki, bütün kollektiv bayram əhval- ruhiyyəsində olsun. Bunun üçün əlimizdən gələni edirik.

Amma təbii ki, hər kəs bayramda öz evində ailəsi ilə olmaq istəyir.

- Nə vaxtsa bu sahədən öz istəyinizlə getmək istəyərsiniz?

- Bu sahə nə qədər çətin olsa da, bu çətinliklər insanı bərkidir, dayanaqlı edir. Çətinliklərə görə bu sahədən getməyi heç ağlıma gətirməmişəm.

- İşçi qrupunuz haqqında nə söyləyə bilərsiniz? Uzun müddət bir-birinizlə zaman keçirirsiniz. Bu sizi doğmalaşdırıbmı?

- Biz dənizdə 15 gün işlədiyimizə görə kollektiv üçün dəniz ikinci ev sayılır. Biz bütün bu çətinliklərin öhdəsindən mehriban kollektiv hesabına gəlirik.

- Övladınızın sizin peşənizi davam etdirməsini istəyərdiniz?

- Övladlarım başqa peşəni seçdiyinə görə başqa sahədə çalışırlar. Mən də bir valideyn olaraq fikirlərinə hörmət edib, onlara dəstək oluram.

- Son olaraq gənclərə hansı tövsiyələriniz var?
- Gənclər bizim gələcəyimizdir. Buna görə onlara yaxşı təhsil almağı və sevdiyi peşəyə yiyələnməyi arzulayıram.

Konfutsinin belə bir sözü var, “Əgər sevdiyiniz işi görürsünüzsə, bir gün də işləmiş sayılmazsınız”. Həyatda qalmaq üçün hər birimiz müxtəlif peşə qruplarına təyin olunmuşuq. Kimimiz həkim, kimimiz müəllim, rəssam, jurnalist, hüquqşünas, mühafizəçi, memar... Hər peşənin qarşıladığı ehtiyaclar fərqli və önəmlidir. Bundan əlavə, hər bir peşə, bir növ, başqa bir peşəkar qrupun ehtiyaclarını və rahatlıq sahələrini ödəmək üçün lazımdır.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə