“Su pəhrizini uzun müddət saxlamaq olmaz” - MÜTƏXƏSSİS DANIŞDI

“Bu gün insanlar sağlam çəki vermək üçün bəzən bir çox pəhriz növlərinə üz tuturlar. Belə olan halda da mənşəyi bilinməyən, peşəkarlar, mütəxəssislərlə məsləhətləşmədən saxlanılan pəhrizlər bir çox hallarda insan sağlamlığına zərər verə bilər. Bunlardan da biri bu gün dünyada məşhur olan su pəhrizidir”. Bu sözləri SİA-ya açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, su pəhrizini uzun müddət saxlamaq olmaz: “Bu prosesi həftələrlə davam etdirən insanların sağlamlığında ciddi fəsadlar yaranır. Su pəhrizi yaxşı olar ki, 2-3 gün müddətində saxlanılsın. Həmin müddət ərzində isə sadəcə su deyil, maye tərkibli bir çox qidalar da qəbul edə bilərlər. Bunun içərisində meyvələr, bir çox bitki dəmləmələri, təbii sıxılmış meyvə suları, şorbalar, yoqurt, qatıq, kefir, ayran kimi qidalar da qəbul edilə bilər. Lakin hər bir halda mütəxəssislə məsləhətləşmək lazımdır. Çünki bir insan orqanizminin gün ərzində 70-ə qədər makro və mikro elementlərə ehtiyacı var. Məhz bu elementlər sayəsində daxili orqanlar öz funksiyasını yerinə yetirir. Lakin az kalorili və ya sadəcə su ilə pəhriz saxlasaq, bu zaman orqanizmdə vitamin və mineral çatışmazlığı baş verəcək”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə