Əhməd Məsud Düşənbədə keçirilən konfransda "Taliban"ı tənqid edib

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin lideri Əhməd Məsud “Herat Təhlükəsizlik Dialoqu” beynəlxalq konfransının onuncu raundunda iştirak etmək üçün Düşənbəyə gəlib.

SİA-nın əldə etdiyi məlumata görə, noyabrın 29-da Düşənbədə “Herat Təhlükəsizlik Dialoqu” adlı iki günlük konfrans işə başlayıb.

Forum “Hyatt Regency Dushanbe” hotelində keçirilir. Forumun təşkilatçıları bildiriblər ki, konfransda Əfqanıstan problemi ilə məşğul olan, maraqlanan bütün qrup və ölkələrin 120 nümayəndəsi iştirak edir.

Qeyd edək ki, Əhməd Məsul noyabrın 30-da günorta “Herat Təhlükəsizlik Dialoqu”nda çıxış edib. Amma “Taliban” əleyhinə müqavimətin liderinin Tacikistana nə vaxt və haradan gəldiyi məlum deyil.

“Kabilin ələ keçirilməsindən sonrakı bir il ərzində biz şahid olduq ki, dünya ictimaiyyəti və regionun hakimiyyətləri Əfqanıstan üçün “Taliban”ı tənqid və qınamaqdan başqa heç nə etməyiblər”.

Bunu deyən Əhməd Məsudun sözlərinə görə, belə yanaşma “Taliban”ın siyasətini dəyişməyəcək.

Tədbirdəki çıxışı zamanı “Taliban”ı tənqid edən Əhməd Məsud, Əfqanıstanın hazırda regional və beynəlxalq terrorçuların təlim-məşq bazasına deyil, həm də məzlum əfqan xalqı üçün böyük həbsxanaya çevrildiyini deyib.

Məsuda görə, hazırda “Taliban” İslam və beynəlxalq təlimlərə zidd hərəkət edir. Repressiv və ekstremist yanaşmalara riayət edir.

Qeyd edək ki, 10-cu “Herat Təhlükəsizlik Dialoqu” Beynəlxalq Konfransı ilk dəfə Əfqanıstandan kənarda keçirilir. Konfransın bu raundunun əsas məqsədi Əfqanıstandakı mövcud vəziyyəti təhlil etmək və problemlərin həlli yollarını tapmaqdır.

Xatırladaq ki, konfransda ABŞ və Avropa İttifaqı nümayəndələri də iştirak edirlər.

Və yeri gəlmişkən, “Taliban” 2021-ci ilin avqustunda Əfqanıstanı ələ keçirib. İndiyədək dünyanın heç bir ölkəsi Əfqanıstandakı “Taliban” hökumətini tanımayıb. Dünya ictimaiyyəti dəfələrlə “Taliban”ı qadın hüquqlarının pozulmasına, milli azlıqlara qarşı zorakılığa, media məhdudiyyətlərinə və Pəncşirdə dinc sakinlərin öldürülməsinə görə tənqid edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə