Qərbi Azərbaycan tarixinin öyrənilməsi ilə bağlı hansı işlər görülüb? - FƏLSƏFƏ DOKTORU DANIŞDI

"Əvvəlcə qeyd etmək istərdim ki, tarixçi alimlərimiz istər Sovet dövründə, istərsə də müstəqillik dövründə Azərbaycanın milli mənafeyini əsas tutaraq onun qorunması üçün əllərindən gələni etmişlər. Ümumiyyətlə, Qərbi Azərbaycanla bağlı tarixi məsələlər son 30 il ərzində A.A.Bakıxanov adına Tarix İnstitutunun diqqət mərkəzində olmuş, monoqrafiyalar və məqalələr yazılmış, fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcələrini almaq üçün dissertasiyalar müdafiə olunmuşdur. Tarix İnstitutunda Qərbi Azərbaycanla bağlı əsaslı tədqiqatlara Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra başlanılmışdır. Məsələn, İrəvan xanlığı haqqında geniş məlumat, ilk dəfə olaraq 1993-cü ildə nəşr edilmiş bir cildlik “Azərbaycan tarixi” kitabında öz əksini tapmışdır". Bu sözləri SİA-ya açıqlamasında AMEA-nın Tarix İnstitutunun Qərbi Azərbaycan tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramov deyib.

Onun sözlərinə görə, 1998-2003-cü illərdə nəşr edilmiş 7 cildlik “Azərbaycan tarixi” kitabının 3, 4 və 5-ci cildlərində də bu barədə geniş məlumat təqdim olunmuşdur: "Çoxcildliyin bu cildlərində Çuxur-Səəd bəylərbəyliyi, İrəvan xanlığı, XIX əsrdə bu ərazilərin işğalı, ermənilərin bu ərazilərə köçürülməsi və məskunlaşdırılması tarixi, İrəvan quberniyası, Qərbi Azərbaycan ərazilərinin - İrəvan şəhəri və Zəngəzurun qərb ərazilərinin ermənilərə güzəştə gedilməsi, erməni-daşnak respublikasının yaradılması, İrəvan quberniyası və Zəngəzurda azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımı cinayətləri məsələləri öz əksini tapmışdır. Həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindən deportasiya olunması, 1988-1991-ci illərdə baş verən hadisələr ümumiləşmiş şəkildə tədqiqata cəlb edilib. Daha sonralar, 2007-ci ildən Tarix İnstitutunda İrəvan xanlığının tarixi ilə bağlı tədqiqatlara başlanılıb. Bu istiqamətdə tədqiqat aparan tarixçi alimlər sırasında hazırda Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşlarından olan aparıcı elmi işçi, tarix üzrə fəlsəfə doktoru, dosent Elmar Məhərrəmovun, tarix üzrə fəlsəfə doktorları Elçin Qarayev və Bəxtiyar Əhmədovun adlarını çəkmək olar".

Cəbi Bəhramov sözlərinə davam edərək bildirib ki, İrəvan xanlığı ilə bağlı kiçik bir kitab ilk dəfə 1996-cı ildə professor F.Əliyev tərəfindən nəşr olunmuşdur: "Qeyd etmək istərdim ki, Sovet dövründə İrəvan xanlığı ilə bağlı işıq üzü görmüş kitablarda bəzi təhriflərə yol verilmişdir. Bunun səbəbi həmin dövrdə fəaliyyət göstərən alimlərimizə olan təzyiqlər və mövcud olan senzura idi. Bir faktı da diqqətə çatdırmaq istərdim ki, bu dövrdə tarixçi alimlərimizdən birinə Ermənistan ərazisində Azərbaycan mədəniyyəti tarixi ilə bağlı doktorluq dissertasiyası mövzusu təqdim olunsa da, bu istiqamətdə tədqiqatların aparılmasına icazə verilməmişdir. Bu səbəbdən həmin illərdə bu ərazilərin tarixi ilə bağlı əsaslı tədqiqatlara rast gəlmək mümkün deyil. Yalnız 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra bu istiqamətdə tədqiqat işlərinə başlanılmışdır. Bu illərdə ömrünün böyük bir qismini İrəvan şəhərində yaşamış qocaman alim, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İsrafil Məmmədov tərəfindən çoxsaylı əsərlər yazılmağa başlanmışdır. Onun Sabir Əsədovla birgə ərsəyə gətirdiyi “Ermənistan azərbaycanlılarının acı taleyi”, eləcə də “Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası” və digər əsərlərini bunlara nümunə göstərmək olar.

Bundan başqa, vaxtilə Tarix İnstitutunda Azərbaycanlıların deportasiyası və soyqırımı şöbəsi fəaliyyət göstərirdi. Şöbənin rəhbəri isə İsrafil Məmmədov olmuşdur. Hazırda bu şöbə elmi qrup olaraq fəaliyyətini davam etdirir. Bu şöbənin Qərbi Azərbaycanla bağlı çox sayda əsərlərin yazılmasında böyük rolu olmuşdur. Həmçinin t.ü.f.d., dosent Kamran İsmayılovun, t.ü.f.d. İlqar Niftəliyevin, t.ü.f.d. Elmar Məhərrəmovun və mənim həmmüəllifliyimlə İrəvan quberniyasında və Zəngəzurda 1918-1920, 1948-1953 və 1988-1991-ci illərdə azərbaycanlı əhaliyə qarşı törədilən soyqırımlarla bağlı kitablar və məqalələr nəşr olunmuşdur. Dünya xalqlarının 8 dilinə tərcümə olunan “İrəvan xanlığı, Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” adlı monoqrafiya 2009-cu ildə işıq üzü görmüşdür. 2012-ci ildə bu monoqrafiya Dövlət mükafatına layiq görülmüşdür. Bundan başqa, t.ü.f.d. Elçin Qarayev və Nazim Mustafa İrəvan şəhərinin tarixi, xanlıqda hökmranlıq etmiş sülalələr, şəxsiyyətlər barədə geniş monoqrafiyaların, şöbəmizin əməkdaşı t.ü.f.d. Ziyad Əmrahov isə “İrəvan quberniyasının tarixi” əsərinin müəllifidir".

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə