Dağların arasında gizlənən cənnət - “Bal Qayası”ndan - FOTOREPORTAJ

Aprel ayının 22-sində “Konstitusiya” Araşdırmalar Fondu Cənub bölgəsinə yəni Lənkəran, Masallı, Lerik və Astara rayonlarına mediatura təşkil edib. SİA-nın verdiyi məlumata görə, jurnalistlər tur çərçivəsində bu rayonlarda 8 yerli turzim məkanına səfər ediblər.

Astara rayonunun dilbər guşələrindən biri olan Sım kəndi rayon mərkəzindən 45 kilometr uzaqda, ucqar dağlıq ərazidə, dəniz səviyyəsindən 800 metr hündürlükdə yerləşir. “Sım” sözü talış dilində “sıldırım”, “hündür” qayalıqda yerləşən kənd mənasındadır. Azərbaycanın qədim yaşayış məskənlərindən olan Sım kəndi sanki açıq təbiət muzeyidir.
Bu qədim yaşayış məntəqəsi əsrarəngiz şəlaləsi, bulaqları və mağaraları ilə məşhurdur. Təkcə Sım kəndinin mərkəzində 74 bulaq var. Qədim yaşayış məskəni zəngin meşəsi və çoxsaylı şəfalı bulaqları ilə yanaşı, həm də özünün tarixi tikililəri və qayaları ilə də tanınır. Kənddə yerləşən Buzxana mağarası turistlərin diqqətini daha çox özünə cəlb edir. Burada təbiətin gözəlliyi ilə tarixilik harmoniya təşkil edir.

Dağlar qoynunda yerləşən bu məkanı cənub bölgəsində bulaqlar və şəlalələrin mənbəyi də adlandırırlar.

Hər daşında bir tarix, hər yamacında bir bulaq olan bu sirli-sehrli kənddə hazırda 180 ailə təsərrüfatında 830 nəfər yaşayır. Kəndin sakinləri həyətlərində axar bulaq suyundan istifadə edirlər.


Talış sıra dağlarının ətəyində yerləşdiyindən kənddə öz mənbəyini dağlardan götürən dörd şəlalə də var.


Astaranın Sım kəndinin diqqət çəkən məkanlarından biri də “Bal Qayası”dır. Burada yay-qış fərqi olmadan hər fəslin öz aurası, marağı, gözəlliyi var. Gəzinti zamanı “Bal Qayası” turizm müəssisəsinin sahibi Pərviz Salayevlə şirin söhbətimiz oldu. Onun sözlərinə görə, qayanın üzərində arılar yuva salırlar: “Yay aylarında həmin qayanın üzərindən bal axır. Bal qayası ailəvi turizm mərkəzinə Türkiyə, Rusiya, Avstriya və Rumıniyadan turistlər gəlir. Qonaqlama üçün kotejləri olan mərkəzin ərazisində gələnlər üçün hər cür şərait yaradılıb.

Bulaq suyu, təmiz hava, dəmir ağacdan asılmış yelləncək, müxtəlif növ mürəbbələr, şirniyyatlar qonaqların zövqüncədir. Burada 50-dən çox yemək növü var”.


Bundan əlavə kənd sakinlərinin tarixi peşələrindən biri də dəmirçilikdir. Azərbaycanda “kürük” sistemi ilə işləyən yeganə dəmirçilik sistemi də məhz burada yerləşir. Pərviz bəyin qardaşı Təhmasib Salayev də elə bu sənətlə məşğuldur.


Pərviz Salayev bildirib ki, indi kürüyü vintelyatorlarla əvəz ediblər: “Kürük dəridən düzəldilir. Sımdakı qədim kürüyün yaşı 1 əsrdən artıqdır. Dəmirçilər öz kiçik emalatxanalarında dəmiri əridib müxtəlif formalara salır, alətlər düzəldirlər. Burada əsasən kənd təsərrüfatı və dülgərlik üçün lazım olan bütün alətlər hazırlanır”.

Buraya gələn qonaqlar dağlara, şəlalərə, nadir ağaclara və qədim yerlərə turla gedə bilərlər. Sım kəndi qədim bir kənd olduğuna görə, gəzmək üçün bir neçə tarixi yer və mağaralar var. Ərazidə gəzib görmək üçün dağlar, dərələr, şəlalər və meşə var.


Qeyd edək ki, bu mediatur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə