Xarici turistlərin regionlara marağı niyə azdır? - QURUM RƏSMİSİ AÇIQLADI

“Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycan otellərində gecələyən əcnəbilərin 80%-i məhz Bakı şəhərinin payına düşür. Qalan 20% isə digər regionlar arasında bölünür. Əlbəttə ki, bu göstəricilər heç də təəccüblü deyil. Çünki Azərbaycanda 700-ə yaxın otelin üçdə biri Bakı və ona yaxın ərazilərdə yerləşir. Nəzərə alsaq ki, Azərbaycanda olan bir neçə beynəlxalq hava limanlarından yalnız Bakıda yerləşən Heydər Əliyev adına Beynəlxalq Hava limanı əlverişli işləyir. Ümumi əməliyyatların 90%-dən çoxu Bakı Beynəlxalq Hava limanı üzərindən nəzərdən keçirilir”. Bu sözləri SİA-ya açıqlamasında Qlobal Sağlamlıq Turizm Şurasının baş katibi Ceyhun Aşurov deyib.

Onun sözlərinə görə, quru sərhədlər bağlı olduğuna görə hava yolu ilə ölkəmizə gələn əcnəbilər Heydər Əliyev adına Beynəlxalq Hava Limanından daxil olurlar: “Həmin turistlər birbaşa regionlara üz tutmurlar, ilk günlərini məhz Bakıda gecələməli olurlar. Təbii ki, regionlara səfərlər çox olsa da, otellərdə gecələmə halları bir o qədər çox deyil. Bunun bir çox səbəbi var. Tutaq ki, Bakıda qalan əcnəbi heyət ola bilər ki, yaxın regionlara sadəcə ekskursiya şəklində səfər edir. Bu halda səhər regionlara gedir, axşam isə yenidən Bakıya qayıdırlar. Amma bu o demək deyil ki, ölkəmizə gələn turistlər regionlarımıza səfər etmirlər. Lakin onların az bir hissəsi həmin regionda qalmalı olurlar”.

Qurum rəsmisi sözlərinə davam edərək bildirib ki, Azərbaycanda pandemiya dövründən başlayaraq daxili turizmdə aktivlik müşahidə olunur: “Regiondakı otellər kifayət qədər dolu olur və bununla əlaqədar olaraq xüsusilə tətil günlərində qiymətlər yüksək olur. Yəni, müqayisə etsək Bakıdakı otellərdə qiymətlər regiondakılara nisbətən qat-qat aşağı olur. Qiymət, lokasiya olaraq turistlər daha çox paytaxtda qalmağa üstünlük verirlər. Həmçinin, Bakıda kifayət qədər restoranlar, əyləncə mərkəzləri, tarixi abidələr var ki, bu da əcnəbilərin maraqlarına uyğun olaraq öz istirahətlərini qurmasına imkan yaradır. Xüsusilə regionlarda 2 və 3 ulduzlu otellərin açılmasına ehtiyac var. Bu, həm yerli, həm də xarici turistlər üçün əlverişli olar. Eyni zamanda, regionlarda yerləşən hava limanlarının işi də səmərəli təşkil olunsa, turistlərin həmin bölgələrdə gecələmələrinə şərait yarana bilər”.

Müəllif: Ləman Əlizadə

Bütün xəbərlər Facebook səhifəmizdə