Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi təlim keçirib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin elan etdiyi “Technest” təqaüd proqramı çərçivəsində “Code and More” təhsil layihəsinə cəlb olunan məktəblilərə elektronika sahəsi üzrə təlim keçirilir.

SİA xəbər verir ki, Azərkosmosun dəstəyilə təşkil olunan təlimdə şagirdlər “CubeSat” (Kub peyk) layihəsi üzərində çalışırlar. Layihə “CubeSat”ların hazırlanmasına, eləcə də məktəblilərin elektronika və mexanika sahəsində mühəndislik bacarıqlarının inkişaf etdirilməsinə hədəflənib.

Qeyd edək ki, “CubeSat” gənclərin hazırladığı və kosmosa göndərib araşdırmalar etdiyi peyk növüdür.

Altıaylıq təlim proqramının ilk dörd ayında məktəblilər elektronika sahəsinin əsaslarını öyrənirlər. Növbəti mərhələdə isə onlar real peyklərin hazırlanma prinsipləri əsasında kiçik ölçülü peyklərin modelləşdirilməsi və işləmə xüsusiyyətlərini mənimsəyir, həmçinin onların idarə olunması üzrə praktiki biliklər əldə edirlər.

Xatırladaq ki, “Technest” təqaüd proqramının əsas məqsədi informasiya texnologiyaları müxtəlif istiqamətləri üzrə əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdə mövcud çatışmazlıqları aradan qaldırmaqdır. Proqram çərçivəsində 500-dək gənc və yeniyetmə ödənişsiz əsaslarla təhsil alır. Onlardan 120 nəfəri məktəblidir.

“Code and More” təhsil layihəsinin elektronika sahəsi üzrə növbəti tədris proqramına qeydiyyatın mart ayında açıq elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən “Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1,5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə “Azərkosmos” 2018-ci ildə ikinci telekommunikasiya peyki “Azerspace-2”ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarıb. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə