Əlcəzairdə qurumlararası yazışmalarda fransız dilindən imtina edilir

Əlcəzair rəsmi və qeyri-rəsmi kargüzarlıqda, eləcə də qurumlararası yazışmalarda fransız dilinin istifadəsini dayandırmaq üçün müxtəlif tədbirlər həyata keçirir. SİA yerli KİV-lərə istinadla xəbər verir ki, Əlcəzair Futbol Federasiyasının əmri ilə yerli futbol federasiyalarından rəsmi sənədlərini və yazışmalarını “ən qısa zamanda” ərəb dilində hazırlamaları və bunun 2025–2026 futbol mövsümündən etibarən tətbiq olunması istənilir. Bundan başqa, intizam komitələrinin protokollarının hazırlanması, oyunları idarə edəcək hakimlərin təyinatları, oyunların planlaşdırılması və bütün yazışmaların ərəb dilində aparılması tələb olunur.

Rəsmi sənədləşmədən fransız dilinin çıxarılması prosesi sürətlə davam edir. Əlcəzair şəhərinin su təchizatı şəbəkəsinin idarə edilməsinə cavabdeh şirkət (SEAAL) fakturalarda fransız dili əvəzinə ingilis dilinin tətbiqinə başladığını elan edib. Şirkət ərəb və ingilis dillərində tərtib olunmuş yeni fakturasını istifadəyə verdiyini bildirib. Bu sahə əvvəllər fransız şirkəti tərəfindən idarə olunurdu. Öhdəliklərin pozulmasına görə 2021-ci ildə Əlcəzair tərəfi onunla müqaviləyə xitam verib.

Apreldə Əlcəzair Hava Yolları təyyarə biletlərindən fransız dilində yazıları çıxarıb. Əlcəzair Hava Yollarının ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Əbdülqadir Salimi bildirib ki, bundan sonra aviabiletlər ərəb və ingilis dillərində tərtib olunacaq. Məqsəd "ərəb ölkələrinin hava yolları şirkətlərinin təcrübəsinə uyğunlaşmaqdır".

Qeyd edək ki, bir müddət əvvəl Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşı həbs olunub. Bundan sonra Əlcəzair 12 fransız diplomatı ölkədən qovub. Rəsmi Paris cavab olaraq, 12 əlcəzairli diplomatın ölkədən çıxarılması və səfirin məsləhətləşmələr üçün geri çağırması barədə qərar qəbul edib. Bununla da iki ölkə arasında münasibətlər yenidən gərginləşib.

Bütün xəbərlər Facebook səhifəmizdə