Koreyalı alimlər qadcetlər üçün unikal material hazırlayıblar…

Koreya Elm və Texnologiya İnstitutunun tədqiqatçıları yaddaş qurğuları üçün həm məlumatın etibarlı saxlanması, həm də bir neçə gün ərzində suda tamamilə həll olunma qabiliyyəti ilə xarakterizə olunan innovativ material yaradıblar.

SİA-nın məlumatına görə, materialın tənəzzül dərəcəsi qoruyucu təbəqəni dəyişdirməklə idarə edilə bilər ki, bu da, məsələn, cihazın vaxtından əvvəl itməsinin qarşısını almağa imkan verir.

İşin nəticələri nüfuzlu ACIE jurnalında dərc olunub. Ağıllı saatlar, tibbi yamaqlar, sensorlar və implantlar kimi elektron qadcetlərin geniş tətbiqi ilə ətraf mühiti çirkləndirən elektron tullantıların istismar müddəti bitdikdən sonra utilizasiya problemi kəskinləşib.

Təklif olunan material üzvi molekul TEMPO (elektrik siqnallarının saxlanmasına cavabdeh) və bioloji parçalana bilən polimer PCL-nin birləşməsidir. Bu kombinasiya istifadə etdikdən sonra tullantı yaratmadan təhlükəsiz komponentlərə ayrılan “ağıllı” cihazların hazırlanmasına imkan verir. Sınaqlar göstərdi ki, bu materiala əsaslanan qurğu bir milyondan çox yazma və silmə dövrünə tab gətirə bilir, məlumatı 10 min saniyədən çox saxlayır, 3000 əyilmə və 250 yazma silmə dövrünə davamlıdır ki, bu da üzvi elektronika üçün əla göstəricidir.

Bu cür yoxa çıxan çiplər birdəfəlik tibbi sensorlarda və manipulyasiyadan sonra əriyən implantlarda, eləcə də elektron tullantılar probleminin həllində tətbiq oluna bilər.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə