Boksçularımız 1/4 final mərhələsi uğrunda rinqə çıxacaqlar

Sentyabrın 17-də Rusiyanın Yekaterinburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında dörd boksçumuz səkkizdəbir final mərhələsində çıxış edəcək.

SİA-nın məlumatına görə, 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məsud Yusifzadə ikinci görüşündə ermənistanlı Artur Hovannisyan, 57 kiloqram çəki dərəcəsində çıxış edən Tayfur Əliyev üçüncü görüşündə İngiltərə təmsilçisi Peter Makqral ilə üz-üzə gələcəklər. Digər boksçularımızdan Dominqes Alfonso (81 kq) Avstriya təmsilçisi Umar Cambekov, Məhəmməd Abdullayev (+91 kq) isə misirli Yusru Mustafa Rezk ilə qarşılaşacaqlar.

Xatırladaq ki, 8 boksçumuzun iştirak etdiyi mundialda Bəxtiyar Qazıbəyov (63 kq), Lorenzo Sotomayor (69 kq), Amin Kuşkov (75 kq) və İsmayıl Yaqubov (91 kq) məğlub olaraq mübarizəni dayandırıblar.

Dünya çempionatında yarışlar yeni qaydalara əsasən 8 çəki dərəcəsində təşkil olunur. Yekaterinburqdakı “EXPO Arena”da baş tutacaq yarışda təsnifat mərhələsinin qarşılaşmaları sentyabrın 9-dan 17-dək keçiriləcək. Ayın 18-də boksçular dörddəbir final mərhələsində yarışacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcəklər. Qaliblər ayın 21-də müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə