Nitqin inkişafındakı gecikmələr ümumiyyətlə 3-4 yaşa qədər uşaqlarda yaş standartlarından nitqin formalaşmasında geriləmə kimi başa düşülür. Eyni zamanda, bu formula müxtəlif səbəbləri olan nitq inkişafının geniş spektrini nəzərdə tutur.
Bu zaman beyin və onun funksiyaları intensiv şəkildə inkişaf edir. Nitqin inkişafındakı hər hansı pozuntular mütəxəssislərə - həkimə (pediatr, uşaq nevroloqu, LOR həkimi, uşaq psixiatrı), danışma terapevtinə, psixoloqa təcili müraciət etmək lazımdır. Həyatın ilk illərində beyin funksiyalarının, o cümlədən nitqin inkişafındakı sapmalar ən yaxşı şəkildə düzəldilir.
Nitq yalnız insana xas olan xüsusi və ən mükəmməl ünsiyyət formasıdır. Şifahi ünsiyyət prosesində insanlar fikir mübadiləsi aparır, bir-biri ilə qarşılıqlı əlaqədə olurlar. Nitq uşaqla xarici dünya arasında mühüm ünsiyyət vasitəsidir. Nitqin kommunikativ funksiyası həmyaşıdları ilə ünsiyyət bacarıqlarının inkişafına kömək edir, adekvat davranışın, emosional-iradi sferanın və uşağın şəxsiyyətinin formalaşması üçün əvəzolunmaz olan birlikdə oynamaq imkanlarını inkişaf etdirir. Nitqin koqnitiv funksiyası kommunikativ funksiya ilə sıx bağlıdır. Nitqin tənzimləyici funksiyası artıq uşağın inkişafının ilkin mərhələlərində formalaşır. Bununla belə, böyüklərin sözü yalnız 4-5 yaşlarında, nitqin semantik tərəfi uşaqda əhəmiyyətli dərəcədə inkişaf etdikdə, uşağın fəaliyyətinin və davranışının əsl tənzimləyicisinə çevrilir. Nitqin tənzimləyici funksiyasının formalaşması daxili nitqin inkişafı, məqsədyönlü davranış və proqramlaşdırılmış intellektual fəaliyyət qabiliyyəti ilə sıx bağlıdır.
Nitqin inkişafındakı pozğunluqlar uşaqların şəxsiyyətinin ümumi formalaşmasına, onların intellektual böyüməsinə və davranışına təsir edir, öyrənməyi və başqaları ilə ünsiyyəti çətinləşdirir. Nitqin inkişafı pozuntularının formaları, spesifik inkişaf nitq pozğunluqlarına erkən mərhələlərdə normal nitq inkişafının pozulduğu pozğunluqlar daxildir.
Alaliya (müasir beynəlxalq təsnifatlara görə - "disfaziya" və ya "inkişaf disfaziyası") nitqin sistemli inkişaf etməməsidir, beyin qabığının nitq mərkəzlərinin qeyri-kafi inkişaf səviyyəsinə əsaslanır, anadangəlmə və ya qazanılmış ola bilər. Eyni zamanda, nitq qabiliyyəti ilk növbədə uşaqlarda əziyyət çəkir, ifadəli nitq əhəmiyyətli sapmalarla xarakterizə olunur, nitq anlayışı fərqli ola bilər. Ən çox yayılmış variantlar (ekspressiv və qarışıq ifadə-reseptiv pozğunluqlar) anlayışın inkişafı ilə müqayisədə ifadəli nitqin inkişafında əhəmiyyətli bir gecikmə ilə özünü göstərir. nitq hərəkətlərinin təşkilində və onların əlaqələndirilməsində çətinliklərə görə müstəqil nitq uzun müddət inkişaf etmir və ya ayrı-ayrı səslər və sözlər səviyyəsində qalır. Nitq yavaş, zəif, söz ehtiyatı məhduddur.
Sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi pedaqoq İlahə Yusifli SİA-ya açıqlamasında saytına xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərindən və problemlərin həll yollarından danışıb.
Belə vəziyyəti daha yaxşı anlaya bilmək,kənaraçıxmaları təyin edə bilmək üçün ilk növbədə normal meyarları bilməliyik.
1.Əgər uşağın inkişaf səviyyəsi üzvü olduğu cəmiyyətin inkişafına, öz yaşında uşaqların inkişaf səviyyəsinə uyğun gəlirsə,
2.Əgər uşaq öz şəxsi orqanizmi və ətraf mühit tərəfindən göstərilməsi ehtimal olunan mənfi təsirləri dəf edərək, inkişaf səviyyəsinə uyğun olaraq, fərdi xüsusiyyətrlərini, qabiliyyətlərini və imkanlarını inkişaf etdirə bilirsə hər şey qaydasındadır. Kənaraçıxmalar isə 4 səbəbdən qaynaqlana bilər:
1.Baş beyin və onun qişası normal işləmirsə, yəni müəyyən patogen, mənfi təsirlər nəticəsində patoloji vəziyyət yarana bilərki, bu zaman uşağın beynində qıcıqlandırıcı və tormozlayıcı proseslərin balansı pozulur, beyin daxil olan informasiyanın təhlil və tərkibini normal həyata keçirə bilmir.
2.Uşağın sinir proseslərinin tonusunun pozulması – Yəni bu hal baş verərkən, uşağın fiziki inkişafı ilə bağlı iş qabiliyyəti aşağı düşür.
3.Uşağın ətraf aləmdən informasiyaları qəbul edən hiss üzvlərinin zədələnməsi – Xarici aləmdən informasiya natamam şəkildə qəbul edilir.
4.Uşağın ailə, uşaq bağçasında, ümumtəhsil məktəbində gördüyü yalnış münasibət - Nəticə etibarilə düzgün qurulmayan münasibətlər əsasında uşaqların davranışı, düşüncələri mənfi yönə doğru dəyişir.
Bunlar nəticəsində uşaqda kənaraçıxmalar neqativ və pozitif şəkildə müəyyən problemlərlə özünü göstərir. Neqativ kənara çıxmalara əqli gerilik,psixi inkişaf ləngiməsi, alkoqolizm, narkomaniya və s. kimi hallar aiddir. Pozitif kənaraçıxmalara isə üstünzəkalılıq kimi hallar aiddir. Gəlin, bu kənaraçıxmaları təsnifatlaşdıraq:
1.Fiziki-Görmənin, eşitmənin, dayaq-hərəkət aparatının pozulması
2.Psixi-Psixi inkişaf ləngiməsi, əqli gerilik, nitq pozulması, emosional-iradi sferanın pozulması və s.
3.Pedaqoji-Orta təhsildən yayınma, peşə təhsili almaqdan yayınma
4.Sosial-Alkoqolizm, taksikomaniya, narkomaniya, cinayətkarlıq, hüquq pozuntuları. Bu uşaqların vəziyyətinin diaqnostikası ilə bağlı psixoloji-tibbi-pedaqoji komissiya yaradılır. Onun tərkibinə psixoloq, nevropatoloq, ortoped, okulist,pediatr, fizioterapevt, loqoped, oliqofrenopedaqoq, surdopedaqoq, tiflopedaqoq, xüsusi pedaqoq və hüquqşünas daxildir. Qeyd edim ki, bu uşaqların əsas davranış forması asosial və antisosial davranışlardır:
1.Asosial davranış-Yəni, bu zaman şəxsin davranışları cəmiyyətdə qəbul edilmiş norma və qaydalara uyğun gəlmir, lakin hüquqa zidd deyildir.
2.Antisosial davranış- İnsanın hüquqa zidd davranışıdır. Bu uşaqlar qanunla da müəyyən kateqoriyalara bölünürlər:
1.Valideyn himayəsindən məhrum olan uşaqlar
2.Əlilliyi olan uşaqlar
3.Fiziki və psixi inkişafında çatışmazlıqlar olan uşaqlar
4.Silahlı və beynəlxalq konfliktlərin, ekoloji və texnogen qəzaların, təbii fəlakətlərin qurbanları
5.Zorakılıq qurbanları
6.Cəzalarını tərbiyəedici kolonlarda çəkən azadlıqdan məhrum uşaqlar. Bu uşaqlara kömək etmək məqsədilə isə xüsusi pedaqoqlar istiqamətləndirilir. Beləki xüsusi pedaqoun işi kənaraçıxmaların profilaktikasına, pozulmalar barədə xəbərdarlıq edilməsinə və bu uşaqların reabiltasiyasına istiqamətlənmişdir. Sözügedən uşaqların gələcəkləri üçün isə sosial yararlılıq deyə geniş bir nəzəriyyə formalaşmağa başlayıb, hansı ki bu nəzəriyyə həmin şəxslərin sosial faydalı fəaliyyətdə iştirak etmələrini dəstəkləyir, yəni bu nəzəriyyənin tərəfdarları düşünürlərki, onlar da cəmiyyətə fayda verə bilərlər.
Uşaqlarda özünə inamın formalaşdırması üçün hansı presudurlar həyata keçirilir?
Yeniyetməlik dövründə tez-tez rast gəlinən əlamətlərdən biri də özgüvən əksikliyidir. Bu, psixikanın vəziyyəti və ondan irəli gələn insan davranışı olub, cəmiyyətdə özünü acizlik, qorxaqlıq, gərginlik, sıxılma və qeyri-sərbəstliklə büruzə verir. Bütün bunların başında duran səbəb isə uşağın özündən əmin olmaması, qorxması, ətraf dünyadan daima zərbə və fəlakət gözləməsidir. Bu zaman təbii ki, uşağın orqanzimi və psixikası da stress halını yaşayır.
Bəs nə edə bilərik?
•İlk növbədə, uşağa ünsiyyətdə, insanlarda müsbət tərəfi tapmağı öyrədin.
•Onu qorxutmayın. Əksərən, böyüklər, dünyanın təhlükəli, ətrafın düşmənlərlə dolu olduğunu söyləyirlər.
•Uşağın yanında dedikləriniz, müəllimlər, başqa uşaqlar və digərləri barəsində yürütdüyünüz rəylər üzərində iki dəfə düşünün.
•Uşağa düzgün nəfəs almağı öyrədin. Bu ən güclü psixikanı idarə üsullarından biridir. Bu zaman vaxtı saatla ölçün. 45 saniyə planla, 45 saniyə adi rejimdə nəfəs alıb, verin. Bu təmirin yerinə yetirildiyi zaman, beyin ünsiyyətdən doğan stressi və təlaşı unudur və sakitləşir.
•Uşaqla birlikdə şeirlər öyrənin və öyrəndiyiniz şeiri yaxın insanlar qarşısında ifadəli şəkildə oxumağa başlayın. Bu addım bu problemdən qurtulmağın yollarından biridir.
•Evə dostlarını dəvət edin. Dostları ilə birlikdə evdə, bayramlarda kiçik tamaşalar qurmasına köməklik göstərin.
•Daima, geyimlərinin rəngli olmasına diqqət yetirin, bunun psixologiyaya təsiri əvəzolunmazdır.
•Onun üzərinə yaşına uyğun öhdəliklər qoyun.
•Məsələn, əgər, ev heyvanınız varsa onun qulluğunu, əgər istəyərsə,köməkli şəkildə uşağa ötürə bilərsiniz. Lakin bu məsələni dəqiq başa salmaq və öhdəlikləri konrket şəkildə bölmək lazımdır. Məsələn, heyvanı gəzdirmək, yedizdirmək kimi öhdəlikləri uşağa ötürə bilərsiniz. Lakin, heyvanın sağlamlığı barədə məsələnin həllini uşağa ötürə bilməzsiniz. Yenə də bu kimi məsələlərdə son qərarı siz verməlisiniz, çünki uşaq timsahı da saxlamaq istəyə bilər və ya aqressiv cinsli bir itlə parkla gəzmək də istəyə bilər, təbii ki bu hallarda müdaxilə etməlisiniz.
•Digər bir öhdəlik, uşağın zahiri görünüşü ilə bağlı qərarları rahatlıqla onun üzərinə qoya bilərsiniz. Məsələn, paltarını ütüləyə və ya ayaqqabısını təmizləyə bilər.
•Uşağa kommunal xidmətlərə görə gəlmiş qəbzdəki detalları izah edə, otaqdan çıxarkən işığı söndürməyin niyə vacib olduğunu vurğulaya bilərsiniz.
•12 yaşdan yuxarı yeniyetmələrin pul qazanmaq üçün göstərdiyi təşəbbüsü qiymətləndirib, onlara yaşlarına uyğun, dərslərinə mane olmayacaq şəkildə kiçik vəzifələr təyin edib,qarşılıqlı razılaşma şəklində bunun qarşılığında kiçik əməkhaqqı, mükafatlandırma və cəzalandırma sistemi yarada bilərsiniz. Qeyd edim ki, bunun üçün maraq dairəsinə uyğun ödənişli təcrübə proqramlarına qoşulması üçün istiqamətləndirə də bilərsiniz.
•Uşağa qarşısında hədəflər qoymağı öyrədin. Bu proses ilk olaraq, günlük 5-7, illik 100 hədəf olaraq edə bilərsiniz.
•Uşağın çəkdiyi şəkli və ya hazırladığı bir əşyanı yaxşı görsənməsə belə, tənqid etməyə tələsməyin, müsbət tərəflərini tapın və ona bildirin.
•Uşağın öz gücünə inanması üçün ona dəstək olun, ona ilk növbədə edə biləcəyi səviyyədə tapşırıqlar verib,bacardıqca tərifləyin, bundan əlavə edə bilmədiyi tapşırıqlarla qarşılaşdıqda da bacaracağına inandığınızı deyib, bir daha sınamaq üçün həvəsləndirin.
•Eyni zamanda öz səhvlərinə tənqidi yanaşa bilməsi üçün səhvlərini qəbul etməyin normal bir davranış olduğunu vurğulayın. Bunu nağıl terapiyası vasitəsilə hər hansı personajın dilindən də edə bilərsiniz. Məsələn, eyni problemlə qarşılaşmış 2 personajdan ibarət nağıl uydurub, gedişatda məsələnin həllini düzgün nümunələrlərlə göstərin və sonda uşaqların da fikrini soruşun.
•Bunlarda əlavə, L.S.Vıqotskinin də vurğuladığı öz effektivliyini sübut etmiş bir metod varki, bu metodu da sizinlə paylaşmaq istəyirəm. Bu metoda görə qışqırmağa gərək duyduğunuz məqamlarda pıçıldamadan istifadə edirsiniz. Bu metod uşaq və valideynin bir birini anlaması üçün daha etibarlı zəmin yaradır.
•Əsəbi olarkən, uşaqdan uzaqlaşıb, sakitləşdikdən sonra yenidən yaxınlaşdıqda, etdiyi hərəkətin səhv olduğunu bildirdikdən sonra onu hələ də sevdiyinizi və onunla mübahisə etmək istəmədiyinizi sadə yolla izah edin. Bu faktorun uşağın həm sizə, həm də özünə olan güvəninin formalaşmasında rolu böyükdür.
•Müntəzəm olaraq uşağınıza fiziki yolla, toxunuşları, qucaqlaşmaları yaddan çıxarmayın. Bu ona sevildiyini daima hiss etdirəcək və həm sizə, həm də özünə qarşı sevginin yaranmasına müsbət təsir edəcək ki, özünə qarşı sevgi, özünəinamın formalaşması üçün əsas amillərdən biridir.
•Uşaqlarınızla birlikdə keçirdiyiniz xoş xatirələrlə bağlı şəkillər çəkdirib, daha sonra müntəzəm olaraq bu şəkilləri onlara göstərin. Bu onların xoş xatirələri xatırlamasına və özlərini güvəndə hiss etməsinə səbəb olacaq.
•Uşağınızı heç kəslə müqayisə etməyin. Bu metod sadəcə özünəinamın düşmənidir və uşaqda olan mövcud özünəinamın belə zədələnməsinə səbəb olur.
•Uşağın kiçik, həyati təhlükəsi olmayan səhvləri etməsinə icazə verin, onun əvəzinə problemlərini həll etməyə çalışmayın. Onun təşəbbüslərini daima qiymətləndirin. Evdə sizə kömək etməsinə icazə verin, ona edə biləcəyindən əmin olduğunuz işləri tapşırın və bunun üçün onu həvəsləndirib, bol-bol tərifləyin. Bu onun özünü bacarıqlı və faydalı hiss etməsinə səbəb olacaq.
•Unutmayın ki, adekvat özünəinamın, özünüqiymətləndirmənin formalaşması üçün uşaq uğurları ilə bərabər uğursuzluqlarını da qəbul edə bilməli və tənqidəaçıq olmalıdır. Bunu asan qəbul etməsi üçün özünüzün də uğur və uğursuzluqlarınıza qarşı düzgün münasibət göstərdiyinizdən əmin olun. Uşağınızla birgə onun uğursuzluqlarını müzakirə edib, düzgün nəticələr çıxarın. Özünüzdən nümunələr də gətirə bilərsiniz, bu həm də uşağın sizə güvənməsi üçün faydalıdır.
•Bunlar, müstəqil və azad şəxsiyyətin formalaşmasında atılan başlıca addımlardır.
Uşaqlarda nitq geriliyin əsas səbəbləri hansılardır? Aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
Ümumiyyətlə, nitq qüsurlarının əmələ gəlmə səbəbləri çox müxtəlifdir. Nitq qüsurlarını yaradan səbəblər arasında əlverişsiz xarici (ekzogen) və daxili (endogen) faktorları və eləcə də ətraf mühitin ekoloji şəraitini göstərmək olar. Məktəbəqədər yaş dövründə uşaqların nitqi tez zədələnə bilən funksional sistem olduğundan və mənfi təsirlərə asan məruz qaldığından, məhz bu dövrdə bu və ya digər səbəblərdən nitq qüsurları daha çox özünü göstərir. Gəlin, bu səbəblərin təsnifatlaşdırılmış formasına nəzər salaq:
1.Dölün inkişafında pozulmalara səbəb olan müxtəlif bətndaxili patologiyalar – Nitqin ən kobud qüsurları dölün inkişafının 4 həftəsindən 4 ayına qədərki mərhələdə yaranan mənfi təsirlər nəticəsində meydana gəlir. Nitq qüsurunun baş verməsi, hamiləlik zamanı viruslu və daxili xəstəliklər, zəhərlənmə halları, psixi və fiziki zədələr, qan uyğunsuzluğu və digərləri səbəb ola bilər.
2.Doğuş zədələri və asfiksiya (tənəffüsün pozulması nəticəsində beynin oksigen çatışmazlığı) nəticəsində uşağın kəllədaxili qansızmaları nitq qüsurlarının yaranmasına gətirib çıxara bilər.
3.Uşağın həyatının birinci ilində keçirdiyi müxtəlif xəstəliklər
4.Kəllənin beyin silkələnməsi ilə müşayiət edilən zədələnmələri
5.İrsilik
6.Sosial-məişət şəraitinin əlverişli olmaması
Təbiiki, bu hallardan şübhələndiyimiz halda dərhal mütəxəssisə müraciət etməliyik. Bilirikki, uşağın öz fikirlərini izah etməsi üçün səlis nitqinin əhəmiyyəti çox böyükdür. Bu səbəblə sizinlə bəzi nitq inkişafı strategiyaları paylaşacam:
1.Öz-özünə danışmaq – Nə etdiyinizi uşağınızın eşidəcəyi şəkildə səsləndirin.
2.Paralel danışmaq- Uşağınızın nə etdiyini səsləndirin.
3.Təkrarlama-Sözləri təkrarlayın.
4.Anlamanı asanlaşdırma- Qısa cümlə və ifadələrdən istifadə edin.
5.Onların deməyini istədiyiniz sözləri gün ərzində çox istifadə edin.
6.Daima onunla yeni məlumatlar paylaşın.
7.Vizuallıq- Nə haqda danışırsınızsa onun şəklini göstərin.
8.Seçim təqdim edin- Bunu ya o birini istəyirsən?
9.Birlikdə mahnı oxuyun-mahnı oxuyaraq sözləri öyrənməsinə şərait yaradın.
10.Uşağınızla aydın danışın, körpə uşaq səsləri çıxarmayın.
11.İnsanların və əşyaların adlarını bütöv və dəqiq şəkildə öyrədin.
12.Uşağınız üçün bol-bol kitab oxuyun.
13.Eyni zamanda hələ oxuya bilməsə də onun özünün baxması üçün də şəkilli kitablar verin, çünki kitabdakı şəkillər uşaqların təxəyyülünü inkişaf etdirir.
14.Onunla bol-bol söhbət edin və onun fikirlərini sonacan dinləyin.
15.Eyni zamanda onu başqa uşaqlarla və böyüklərlə söhbət etməyə də həvəsləndirin.
Uşaqların cəmiyyətə adaptasiyası və sağlam düşüncəli şəxsiyyət kimi yetişdirilməsində valideynlərin rolu çox olmalıdır yoxsa müəllimlərin?( baxça, məktəb müəlliməri)
Təbii ki, burada əsas rol valideynlərin üzərinə düşür, çünki müəllimlərdən fərqli olaraq valideyn uşağın sağlam düşüncəli şəxsiyyət kimi formalaşacağı ən önəmli dövrdə hər zaman övladının yanında olur. Bu məqamda isə uşağın sağlam düşüncəli şxəsiyyət kimi yetişməsi üçün valideynlərin demokratik tərbiyə üsulunu seçməsi çox vacib nüansdır. Bu yanaşmanı seçən valideynlər uşağa nəzarət etmə və azadlıq vermə kimi mövzularda balansı qoruya bilirlər. Aydın sərhədlər təyin edib, müəyyən tələblər irəli sürürlər, lakin bunların uşağın edə biləcəyi səviyyədə olmasından əmin olurlar.Uşağın ehtiyaclarına kifayət qədər diqqət göstərir və uşaqları ilə fikir mübadiləsi etməyə açıq olurlar, onların da fikrini önəmsəyirlər. Yalnış davranışları isə daima, təmkinlə, səbəbini uşağın inkişaf səviyyəsinı uyğun olaraq açıqlayırlar. Araşdırmalara görə, adətən belə yanaşma görmüş uşaqlar özgüvəni yüksək, yaradıcı və sosial olurlar. Bu tipli ailələrdə ortaya çıxan probemlər fikir mübadiləsi edilərək həll edilir, ən əsası isə ailə üzvləri arasında şərtsiz sevgi və yüksək empatiya hissi olur. Qaydalar isə uşağın inkişafına müsbət təsir etməsi və məsuliyyət hiss etməsi üçün onun inkişaf səviyyəsinə uyğun təyin olunur.
Unutmayınki, övladınızı sevməyiniz, qayğı göstərməyiniz onun inkişafı üçün çox faydalıdır, lakin özünüzü ona həsr etməniz hər ikiniz üçün zərərlidir. Unutmayın ki, övladınız ətrafda baş verənləri yaşından asılı olaraq anlamasa da, hər şeyi hiss edir və onun inkişafı üçün ən önəmli faktorlardan biri özlərindən və həyatlarından məmnun valideynlərdir. Bu səbəbdən onun yerinə deyil, onun yanında yaşamağa cəhd edin.
Lakin, burada nəzərdə tutduğum müəllim önəmsiz olması deyil, təbii ki, müəllim də düzgün seçilməlidir və uşağın sağlam düşüncəli şəxsiyyət kimi böyüməsində rolu əvəzsizdir. Müəllimlər tədris və təlim prosesində ən çox məsuliyyət daşıyan şəxslərdir. Bu məsuliyyəti ən yaxşı şəkildə yerinə yetirə bilmək isə onların peşəkar bilik və bacarıqlarından asılıdır. Tədqiqatlara görə, effektiv tədris üçün müəllimlər ən azı dörd növ bilik sahəsi üzrə məlumatlı olmalıdırlar.
1.Sahə bilikləri- Müəllim nə öyrədəcəyini bilmirsə, öyrədə bilməz. Ona görə də bu sahədə bilikli olmalıdır. Müəllimin fənn üzrə biliyi yetərli deyilsə, o, dərsi tez bitirmək istəyəcək və vacib materialı təqdim edə bilməyəcək. Əksinə, əgər o, mövzu ilə bağlı ətraflı biliyə malik olsa, şagirdlərlə bir çox təcrübələr həyata keçirə bilər və onların çətinlik çəkdiyi situasiyaları daha asan müəyyən edib, kömək edə bilər.
2.Pedaqoji sahə bilikləri – Dərsi uyğun formada təqdim etmək üçün pedaqoji sahə biliyi tələb olunur. Burada müəllim fənnin ən effektiv tədris üsullarını seçməlidir. Bayaq qeyd etdiyimiz sahə bilikləri tədris üçün zəruridir, lakin kifayət deyil. Bir çox insan öz sahəsində çox məlumatlıdır, lakin öyrədə bilmir. Bu da pedaqoji sahə biliklərinin yetərsizliyi ilə əlaqəlidir. Yəni, müəllim nə öyrədəcəyini bilməklə yanaşı, necə öyrədəcəyini də bilməlidir. Çünki fərqli fənlər fərqli strategiyalar tələb edə və eyni metod bütün fənlər üçün istifadə edilməyə bilər. Müəllim səmərəli tədris üçün öz sahəsinə uyğun müxtəlif üsullar barədə məlumatlı olmalıdır.
3.Ümumi pedaqoji biliklər - O, uyğun mühit yaratmaq, eyni zamanda həmin mühiti idarə edə bilmək üçün tədris nəzəriyyələrini və sinifi necə idarə etməyi bilməlidir.
4.Öyrənənlər haqqında məlumat – Tələbələrin qabiliyyətləri, motivasiyaları, hazırlıq səviyyələri kimi bir çox məlumatları anlamağa çalışmalıdır. Çünki, müəllim şagirdləri haqqında nə qədər çox məlumata malik olsa və onları nə qədər yaxşı tanısa, tədris prosesini bir o qədər səmərəli təşkil edə bilər.
Son olaraq, qeyd etmək istəyirəmki, əgər sağlam düşüncəli şəxsiyyət yetişdirmək istəyiriksə, mütləq və mütləq müəllim və valdeyn əməkdaşlıq şəraitində işləməlidir.
Müəllif: Havar Şəfiyeva
Bütün xəbərlər Facebook səhifəmizdə