"True Colors Festival”ı Bakıda - FOTOLAR

İyunun 24-25-də Milli Abilimpiya Federasiyasının, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təşkilatçılığı; Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiyanın aparıcı xeyriyyə təşkilatı olan “The Nippon Foundation”in dəstəyi ilə “True Colors Festival”ı keçirilib. SİA xəbər verir ki, layihə Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrin qurulmasının 30 illik yubileyinə həsr olunub.

Dünyanın müxtəlif ölkələrində “Bir dünya, bir ailə” şüarı ilə təşkil edilən festival Azərbaycan və Yaponiya dostluq əlaqələrinin təzahürü olmaqla yanaşı, həm də fiziki məhdudiyyətli insanların öz bacarıqlarını göstərmələri üçün platformadır. İki gün davam edən festival Bakı Dənizkənarı Milli Parkda baş tutub. Tədbirə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin xüsusi dəstək göstərməsinin səbəblərindən biri də festivalla Mərkəzin hədəflərinin eyni olmasıdır.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin əsas məqsədi əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailələri üzvlərinin, habelə sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına kömək etməkdir. Mərkəzdə bu qrupdan olan şəxslərə müxtəlif istiqamətlər üzrə təlimlər keçirilir, onların hər birinin yaradıcılıq potensialının üzə çıxarılması üçün lazımi şərait mövcuddur. Belə ki, Mərkəz əlilliyi olan şəxslərin istedad və bacarıqlarının üzə çıxarılması və cəmiyyətə inteqrasiyası məqsədilə ardıcıl müxtəlif layihələr reallaşdırır. Qısa müddətdə Mərkəz istedadlı insanların yaradıcılıq emalatxanasına çevrilib. Benefisiarların əl işləri bir çox sərgilərdə təqdim edilib.

Qeyd edək ki, tədbirə fiziki məhdudiyyətli insanlarla yanaşı, Azərbaycanın peşəkar müğənni, aktyor və rəqqasları da cəlb edilib.Festivalın məqsədi əlilliyi olan şəxslərin abilitasiya tədbirləri vasitəsi ilə cəmiyyətə inteqrasiyasının, insanları bir araya gətirərək əhalinin müxtəlif təbəqələri arasında inklüzivliyin təbliğ olunması və incəsənətə marağın artırılmasıdır. Layihədə hər iki xalqın mədəniyyət və incəsənət nümunələri təqdim olunub.

Layihə çərçivəsində Yaponiya-Azərbaycan dostluğunu tərənnüm edən 5 dəqiqəlik film nümayiş etdirilib. 20 nəfər könüllü tərəfindən Azərbaycan və Yaponiya bayraqları dalğalandırılıb. Tədbirdə Azərbaycan Paralimpiya Komitəsinin şüarlarını əks etdirən videoçarx da izlənilib. Videoçarxda Tokio 2020 XVI yay Paralimpiya oyunlarında Azərbaycan Paralimpiya Komitəsinin yığmasının 14 qızıl, 1 gümüş və 3 bürünc medal qazanaraq tarixi rekorda imza atmasından bəhs olunur. Festivala video formatda Afrika qitəsindən Siera Leonda yaşayan görmə məhdudiyyətli uşaqlar da qoşularaq, musiqi nömrələrini təqdim ediblər. Dövlət Gənc Tamaşaçılar və “ƏSA” teatrlarının aktyorlarının ifasında hər bir nömrəyə uyğun canlı klip, interaktiv tamaşa və pantomim səhnələr göstərilib.

Konsert proqramında Azərbaycan musiqisi, həmçinin dünya xalqlarının yaradıcılığından nümunələr yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə