Hərbi prokurorluq Ağdamda əsgərin minaya düşməsi ilə bağlı araşdırmalara başladı

Ağdam Hərbi Prokurorluğu Daxili Qoşunların əsgərinin minaya düşməsi ilə bağlı araşdırmalara başlayıb.

Hərbi Prokurorluğun mətbuat xidmətindən SİA-ya bildiriblər ki, mayın 27-də Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçusu, əsgər Ömərov Seyidağa Mirzağa oğlunun həmin gün Ağdam rayonu ərazisində mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə Ağdam hərbi prokurorluğuna məlumat daxil olub.

Daxil olmuş məlumat əsasında Ağdam hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb, müvafiq ekspertizalar təyin olunub və digər zəruri hərəkətlər yerinə yetirilib.

Hazırda Ağdam hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən fakta hüquqi qiymət verilməsi təmin ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...