Evlilik insanın həyatında ən mühüm dönüş nöqtələrindən biridir. Bundan əvvəl uşaqlıq və yeniyetməlik dövrlərini saymasaq, məktəbi bitirmək, valideynlərdən asılı olmayan həyat qurmaq dövrü var. Bu həyat dövrünün ən vacib qərarı isə fərdin karyerasını qurmaq və özünə həyat yoldaşı tapmaqdır. Bu dövrdə bir araya gələn və ömürlərini birlikdə keçirməyə qərar verən cütlük evlənməyə qərar verdikdə yeni bir həyat dövrü alınır. Təbii ki, hər yeni həyat dövrü kimi burada da yaşanacaq ilk şey stress və dəyişikliyə qarşı müqavimətdir. Sistem dəyişir və yeni sistemə uyğunlaşmağa ehtiyac var.

Evləndikdən sonra insanın həyat tərzi dəyişəcək, yeni məsuliyyətlər üzərinə düşəcək, ən əsası isə fərd ailəsindən müstəqil olub öz ailəsini, həyatını qurmaq üçün yeni səhifə açacaq. Bu həm də böyümək deməkdir... Böyümək gücləndirir, həm də çətinliklərlə bizi baş-başa qoyur. Bir çox gənclər ailələrinin təhlükəsiz və rahat qanadları altından çıxıb uçmağa başladıqları zaman böyük daxili gərginlik yaşayırlar, xüsusən də çox qoruyan və bütün məsuliyyəti öz üzərinə götürən ailələri varsa, gənc ailəni də tərk edərək getməyə məcbur olur.
Evlilik qərarı ilə daha əvvəl tanışlıq dövründə olmayan bir çox məsələlər ortaya çıxa bilər. Məsələn, hər iki tərəfin ailələri ortaya çıxmağa başlayır, xüsusən də iki ailə arasında münaqişə və ya konflikt varsa və bu vəziyyət yaxşı idarə olunmursa, bu, cütlüyün münasibətində özünü göstərir. Xüsusilə nişan dönəmində və ya toya hazırlıq zamanı çoxlu problemlər görürük. Cütlüklərin ortaq qərarlar verməsi, güc balansı, gözləntilər, fikir ayrılıqları, pul məsələsi, ailələrdəki mədəni fərqliliklər və s. kimi problemlər çox ola bilər.

Uyğunlaşma prosesi evləndikdən sonra da davam edir. Bu səbəbdən evliliyin ilk 1-2 ilində boşanmalara çox rast gəlirik. Bir-birinə öyrəşə bilməyən, evlilik həyatına alışa bilməyən, aralarındakı fərqləri qəbul edib uyğunlaşa bilməyən cütlüklər arasında böyük münaqişələr olur və bəzən bu, ayrılıqlarla nəticələnə bilir. Yeni qurulan evlilik həyatının yeni qaydaları və gözləntiləri var. Əgər cütlük arasında sağlam ünsiyyət yoxdursa, əvvəllər bu məsələlərdən danışmayıblarsa, münaqişələri yaxşı idarə edə bilmirlərsə, davalar qaçılmazdır.

Bundan əlavə, evliliyin ilk illərində, xüsusən də böyük ailələrdə problemlər yaşanırsa və bu vəziyyətlərlə bağlı yaxşı bir barışıq və əlaqə idarə olunmazsa, bu gərginlik cütlüyün münasibətlərində də özünü göstərir. Xüsusən də ailəsi (ailə üzvü) ilə həyat yoldaşı arasında qalan insan ən çox təsirlənən şəxsdir.
Evliliklərdə ən çox rast gəlinən problemli sahələr evin büdcəsi, pul, evdə iş bölgüsü, qadın və kişi rolları, intim həyatdır. Büdcənin idarə edilməsi və evdə əmək bölgüsü cütlük eyni evdə yaşamadan əvvəl müzakirə edilməlidir. Münaqişələrə səbəb olmasın deyə ümumi zəmində anlaşmaq lazımdır, əslində evlilik yeni işə başlamaq kimidir. Necə ki, yeni işə başlayanda bütün detallar nəzərə alınır, güzəştə gedir, müqavilələr və vəzifə təlimatları hazırlanır, eyni şey evlilik üçün də keçərlidir.

Cinsi əlaqəyə gəlincə, cütlüyün bu mövzuda uyğun olması, gözləntilərin və ehtiyacların müzakirə edilməsi çox əhəmiyyətlidir. Çox vaxt evliliyin ilkin dövrlərində yaşanan cinsi uyğunsuzluqlar həm cinsi həyatda, həm də ümumiyyətlə uzun müddətli əlaqələrdə özünü göstərir, münaqişələrə və bir-birindən uzaqlaşmaya səbəb olur.
Yeni evli cütlüklərdən xüsusilə də xanımların oğlanın ailə üzvlərindən ayrı yaşamaq istəməsi günümüzün aktual mövzularındandır. Yeni evli xanımlar bunu daha çox həyat yoldaşı ilə aralarında soyuqluq olmasın, evdə daha rahat olsun, bir sözlə loru dildə desək “əlinə-ayağına dolaşan olmasın” deyə istəyirlər.
Bəzən də bu yeni gəlinlərin utancaqlığından qaynaqlanır. Bəzi qızlar qaynanalı evdə özünə bir boşqab yemək çəkməyə belə utanır.
Digər səbəb isə gəlinin övladını nənə-baba tərbiyyəsi ilə deyil də, öz üsulu və taktikası ilə böyütmək istəməsidir. Hamıya məlumdur ki, nənə-baba yanında çox zaman keçirən uşaqlar daha ərköyün olur. Bu da gələcək həyatlarında problemlərlə başa çıxmaq baxımından həmin uşaqlarda çətinlik yaradır.
SİA məsələ ilə bağlı araşdırma apararaq ekspert, sosioloq və psixoloqların fikirlərini öyrənib.

“Ailə Dünyası" Ailələrə Hüquqi Yardım İctimai Birliyinin sədri Gülayə Səfərova: “Əslində, ağsaqqallı, ağbirçəkli evdə yaşamaq çox gözəldir. Amma indi elə zəmanəyə gəlmişik ki, bir çox gənclərimiz mövcud şəraiti, ailənin maddi durumunu nəzərə almadan ayrı yaşamağa daha çox üstünlük verir, müstəqil olmaq istəyirlər. Onların ayrı yaşaması üçün ailənin maddi imkanı olmadıqda isə tərəflər arasında narazılıq yaşanır.
Gənc ailələrin valideynlərlə birgə yaşamağının həm müsbət, həm də mənfi tərəfləri var. Müsbət tərəfi odur ki, ailə büdcəsində gəlir daha çox olur, o evdə bərəkət olur, artıq məsrəflərə yol verilmir, uşaq dünyaya gələndə onun sağlam böyüməsinə köməklik olur və s. Mənfi tərəfinə gəldikdə isə, valideynlərlə birlikdə yaşayanlarda məsuliyyət hissi az olur, sərbəst qərar verə bilmirlər, romantik dövrlərini istədikləri kimi yaşaya bilmirlər”.

Psixoloq Fidan Namazova: “Valideynlərin yeni evlənən cütlüklərlə bərabər yaşamaq istəməsi, əsasən, ya maddi sıxıntılardan, ev ala bilməmək səbəbindən olur, yaxud da müəyyən valideynlər prinsipə bərabər yaşamalarını istəyirlər. Bunu, əsasən də, oğlanların anaları və yaxud da ataları istəyir.
Burada əsas səbəb oğuldan, övladdan ayrıla bilməməkdir. Bu istək də bəzi səbəblərdən qaynaqlanır. Məsələn, oğuldan maddi olaraq asılı, onun gəlirini kontrol etmək və yaxud özünü kontrol etmək, onun ailəsini yaxşı mənada düşünüb müdaxilələr etmək və hardasa öz avtoritetini təsdiqləmək ki, “mənim sözüm burada keçir, mənim fikrimlə övladım hərəkət etməlidir, həmçinin də onun həyat yoldaşıyam” və s.
Çox diqqətli olmaq lazımdır. Çünki bu müdaxilə ilə münaqişə arasında çox incə bir xətt var və əsasən ailədə şiddət və yaxud da boşanmalar, ailədaxili münaqişələr bu səbəblərdən əmələ gəlir. Yəni, ilk baxışdan başqa bir səbəb görsənsə də araşdırılanda bu valideyn tərəfindən gənc ailədə yaranan gərginlik, cütlüklərin bir-birinə qarşı aqressiyasına dönüşür.
Burada mentalitet də çox rol oynayır. İstənilən halda valideynlərin ailə qurmuş övladı ilə bərabər yaşaması doğru deyil. Burada heç bir köməkdən söhbət gedə bilməz. Yəni, əgər bu maddidirsə, köməyi kənardan da etmək olar. Mənəvi köməyi də həmçinin. Məsafə hər bir münasibətdə olduğu kimi, burada da çox vacibdir.
Düşünürəm ki, bu, bir qayda olaraq tənzimlənməlidir. Yəni, artıq hər kəs bir ailədirsə, bu ailənin də öz başçısı var. Hər ailədə kişi və qadın başçı var. Bir ailədə iki nəfər başçı, iki nəfər qadın, iki nəfər kişi olmalı deyil.
Valideynin övlada olan köməyini bugünə kimi etmək lazım idi. Bugünə kimi onu kişi və yaxud qadın kimi yetişdirmək lazım idi. Bugünə kimi ona ailə dəyərlərini başa salmaq lazım idi. Əgər bu günə kimi edilibsə və yaxud edilməyibsə artıq variant yoxdur. Yəni, bundan sonra heç nə etmək mümkün olmayacaq. Artıq buraxmaq lazımdır ki, insan özü ailəsini idarə etməyi öyrənsin. Səhv edərək, doğru addımlar atmayaraq və yaxud da ataraq. Bizim bir qəşəng söz var: “öz yağında bişməlidir”. Hər bir ailə, hər bir insan, hər bir gənc özü öz yağında bişməyi öyrənməli və bu şansı valideynlər uşaqlara əsirgəməməlidir.
Birmənalı şəkildə əgər şərait və imkan varsa ayrı yaşamalarına imkan verilməlidir. Valideyn tərəddüdlə istəyirsə övladı ilə bərabər yaşasın, yəni, bu eqonun, qısqanclığın, azadlığı uşağa verməməyin səbəbidir. Burada başqa bir səbəb ola bilməz.
Kişilər çox vaxt vurğulayırlar ki, “anam, atam mənsiz yaşaya bilməz, onlara çətin olar və yaxud anam təkdir, atam təkdir”. Bu da valideynin övlada yüklədiyi bir yükdür. Bundan öncə qeyd etdiyim kimi hər kəs öz yağında bişməlidir, həmçinin valideyn də özü sərbəst yaşamağı öyrənməlidir. Yəni, nə uşağın həyatı valideyndən asılı olmamalıdır, nə valideynin həyatı uşaqdan asılı olmalı deyil. Valideyn də uşağını evləndirənə, ərə verənə kimi öz həyatını artıq qurmalıdır. Onun öz məşğuliyyəti, işi, ailəsi, həyata tutan başqa şeylər olmalıdır ki, öz həyatını, xoşbəxtliyini, sevincini yalnız uşağın həyatından görməsin.
Bizim ölkədə bu balans çox pozulub. Övladım üçün yaşamaq, övladının xoşbəxtliyindən xoşbəxtlik almaq, bunlar təbii ki, ikinci dərəcədə olan bir prosesdir, bu olmalıdır və bu varsa nə gözəl. Amma bundan ayrı da valideynin öz həyatı olmalıdır, öz maraqları, öz məşğuliyyətləri, öz dostları, öz qohumu, öz dünyası olmalıdır ki, bu öz həyatını başqasının həyatının içində yaşamasın. Bu çox önəmlidir”.
SİA araşdırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib:
Şəhər sakini Paşa Məmmədov: “Mən evin tək övladıyam. Lakin ailə qurduqdan sonra ayrı yaşamaq istəyirəm. Bunu mənim ailəm də belə istəyir. Düşünürəm ki, imkan varsa, belə daha yaxşıdır. Həmçinin, ayrı yaşayanda problem, söz-söhbət də az olur, arada sərhəd qorunur”.
Şəhər sakini Bahar Qasımova: “Məncə, evlilər ayrı qalmalıdır. Nə qədər bir-birini sevsələr, yaxşı tanısalar da, bir evin içində yenidən kəşf edirlər bir-birini. Ona görə də düşünürəm ki, yeni ailə quranlara sərbəstlik vermək lazımdır ki, onlar da müdaxilə olmadan özləri idarə edə bilsin ailəni.
Əlbəttə valideynin heç bir ziyanı yoxdur, amma sərbəstlik daha yaxşıdır. İnşallah, mən də çalışacam ki, gələcəkdə övladlarıma sərbəst yaşayış yaratmaq üçün əlimdən gələn hər şeyi edim”.
Şəhər sakini Aylin Məmmədova: “Yeni evlilərin valideynlərlə yaşaması düzgün deyil. Düzdür, bəzən məcburiyyət qarşısında birlikdə yaşamalı olursan. Amma ailə içində ailə olmaz. İstər-istəməz anlaşılmazlıq yaranır. Problemlərə səbəb olur. Nə qədər ayrı olsan, o qədər yaxşı olur. Aradakı pərdə götürülmür”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB