Müharibə artıq başa çatıb və region postmünaqişə dövrünə daxil olub! - MƏQALƏ

Azərbaycan dövləti tarixinin ən böyük qələbəsini həm beynəlxalq səviyyələrdə, həm də yerli düşərgələrdə həzm etdirməkdədir.

Bu yaxınlarda Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənablarının Müstəqil Dövlətlər Birliyinin Dövlət başçılarının Şurasının videokonfrans formatında keçirilən iclasındakı nitqi ilə, aydın şəkildə izah etdi ki, müharibə artıq başa çatıb və region postmünaqişə dövrünə daxil olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları: “Ona görə “postmünaqişə dövrü” deyirəm ki, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal, qeyd-şərtsiz və tamamilə çıxarılmasını tələb edən qətnamələrini yerinə yetirib və Azərbaycan Ermənistanla münaqişəni hərbi-siyasi yolla həll edib. 2020-ci il noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin üçtərəfli Bəyanatı imzalandı. Bu Bəyanat Ermənistan-Azərbaycan münaqişəsinə son qoydu. Hərbi əməliyyatların dayandırılmasında Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putinin xüsusi rolunu bir daha qeyd etmək istərdim. Bu, hər iki tərəfdən minlərlə insanın ölümündən qaçmağa imkan verdi. Üçtərəfli Bəyanata müvafiq olaraq, Ermənistan öz işğalçı qüvvələrini Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarının işğal edilmiş hissəsindən çıxardı. Bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri 300-dən çox şəhəri və kəndi döyüş meydanında azad etdi. Beləliklə, artıq qeyd etdiyim kimi, münaqişə hərbi-siyasi yolla həll edildi".

Bununla da, cənab Prezident BMT, Qoşulmama Hərəkatı və MDB-ölkələri olmaqla, yəni, bütün dünyaya bir daha elan etdi ki; Qarabağ münaqişəsi bitib! Yəni, müharibə artiq başa çatib və region postmünaqişə dövrünə daxil olub!

Sonra, belə buyurdu: “Həmçinin üçtərəfli Bəyanata müvafiq olaraq Azərbaycanın Qarabağ regionuna Rusiya sülhməramlıları yerləşdirildi. Nəqliyyat kommunikasiyalarının açılması ilə bağlı məsələlərin həll edilməsi üçün Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə işçi qrup yaradıldı. Azərbaycanın Ağdam rayonunun ərazisində Azərbaycan tərəfi Rusiya-Türkiyə monitorinq mərkəzi yaratdı”.

Burada da, cənab Prezident birdaha MDB ölkə başçılarına bildirdi ki, Azərbaycanın gələcəkdə Ermənistana qarşı hərbi hərəkətlərə təşəbbüs planı yoxdur.

Daha sonra erməni vandallığına diqqəti çəkən cənab Prezident dedi: “Hazırda Azərbaycanın qarşısında duran əsas problemlər azad edilmiş ərazilərin minalardan təmizlənməsi və dağıdılmış infrastrukturun, binaların, evlərin, Azərbaycan xalqının tarixi abidələrinin bərpasıdır”.

Cənab İlham Əliyev bu cümləsi ilə Ermənistanın öz ərazisindən Azərbaycana atəş açmaqla hərbi manevr sahəsini genişləndirməklə müharibəyə ODKB-ni qoşmaq istədiyini, bunun kimi, ermənilərin əlahiddə və əlbir olaraq törətdiyi cinayətləri, vəhşiliyi və barbarlığını, onun üzv olduğu qurumda ifşa etdi.

Cənab prezident erməni vəhşiliyi haqqında əlavə olaraq bu məlumatları da, verdi: “Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb. Bir məscid “tolerantlıq” nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib. Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb. Azərbaycan ərazilərində vandalizmin izləri belədir. Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb. Qızıl yataqları və digər təbii ehtiyatlar qanunsuz istismar edilib. Transsərhəd Oxçuçay çayı bir Avropa şirkətinin iştirakı ilə sistematik olaraq çirkləndirilirdi, bu da artıq nüfuzlu beynəlxalq ekspertlər tərəfindən təsdiq edilmiş ekoloji fəlakətə gətirib çıxarıb. İşğal edilmiş ərazilərdə real mənzərə belədir. Azad edilmiş ərazilərdə bir ildən az müddətdə bir çox ölkələrdən olan minlərlə siyasətçi, diplomat və jurnalist, o cümlədən MDB ölkələrinin nümayəndələri bunları görüblər. Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib”.

Bu, o deməkdir ki, Azərbaycanın İranla 130 kilometrlik dövlət sərhədinin nəzarətsiz qalmasından istifadə edərək, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün özlərinə qanunsuz yol açmışdırlar. Amma bu otuz il ərzində onlar unutmuşdular ki, dünyanı zəhərləyərək heç vaxt xoşbəxtliyə, firavanlığa nail ola bilməyəcəklər, uğursuzluğa düçar olacaqlar. Ac olublar, ac da, qalacaqlar.

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...