27 sentyabr - Zəfər günümüzün təməli FOTOLAR

27 sentyabr - Anım Günü ilə əlaqədar olaraq Ağdaş rayonunda silsilə tədbirlər davam etdirilir. Rayon icra hakimiyyəti, Yeni Azərbayan Pariyası Ağdaş rayon təşkilatı və fəalları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları rayonun Şəhidlər Xiyabanı kompleksini ziyarət ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi dərin hüzünlə anılmış və ruhlarına dualar oxunmuşdur.

Ümumrayon tədbirini açan rayon icra hakimiyyətinin başçısı Tofiq İbrahimov qeyd edib ki, bu gün Azərbaycanın Vətən müharibəsinə başlamasından bir il ötür. Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarının, döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək və işğal altındakı torpaqların azad edilməsi məqsədilə rəşadətli Azərbaycan Ordusu Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bütün cəbhə boyu əks-hücum əməliyyatlarına başlandı. Qeyd edilib ki, Vətən müharibəsində Ağdaş rayonundan olan 32 şəhidin adı illər boyu ehtiramla anılacaq və hər zaman fəxr mənbəyimiz olacaqdır. Milli Ordumuzun qələbəsində payı olan ağdaşlı şəhidlərin hər birinin adları xüsusi vurğulanaraq, ictimaiyyətin diqqətinə çatdırılıb.

YAP İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov qeyd edib ki, Prezidentimiz Cənab İlham Əliyev 27 sentyabrın Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb. 27 sentyabr Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkənin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərinə, bütün şəhidlərinə dərin ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edilir. Azərbaycan Ordusu döyüşlərin ilk günündən düşmən üzərində böyük üstünlük qazanaraq, işğalçı qüvvələri torpaqlarından qovmağa, ərazilərini düşmən qüvvələrdən təmizləməyə nail oldu. Zəfər Günümüzün təməlinin məhz 44 günlük Vətən müharibəsinin başlandığı 27 sentyabr günündən qoyulduğunu vurğulayan millət vəkili şəhidlərə rəhmət, qazilərimizə şəfa diləyib.

Millət vəkili Məzahir Əfəndiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin rəisi Qulu Əsədov, şəhid atası Ayaz Vəliyev çıxış edərək bildiriblər ki, Vətən müharibəsində qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı bahasına bütün dünyanın Azərbaycanın şanlı Qələbəsinə şahid olduğu və bu zəfərin həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” kimi miflərə birdəfəlik son qoyduğu bildirilib. Bildirilib ki, tarixi qələbə nəticəsində dədə-baba yurdlarımız təxminən 30 ildən sonra düşməndən azad edildi. Bu tarixi qələbə bir milyondan çox Azərbaycan vətəndaşının uzun illər davam edən Vətən həsrətinə və nisgilinə son qoydu.

Tədbir iştirakçıları şəhid məzarları, eləcə də digər şəhidlərin kompleksdəki barelyefləri qarşısına tər gül dəstələri düzüblər. Sonra Şəhidlər xiyabanı kompleksinin ətrafındakı ərazidə şəhidlərin xatirəsinə ağacəkmə kampaniyası keçirilib.

Rayon mərkəzində şəhidlərin xatirə kompleksi önündə yeniyetmə və gənclərin iştirakı ilə Anım Gününə həsr olunan yürüş-flashmob keçirilib. Gün ərzində Şəhidlər Xiyabanına partiya fəallarının ziyarəti davam etdirilib.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...