Qadınlar niyə yaşlarını gizlədir? - ARAŞDIRMA

Bəzi qadınlar, xüsusilə də 30-dan çox yaşı olan xanımlar bunu özlərinə kompleks edərək yaşlarını gizlədirlər. Bəs buna səbəb nədir? Ümumiyyətlə belə bir deyim var ki, “qadından yaşını soruşmazlar”. Yəni həqiqətən qadından yaşını soruşmaq etik deyil? Orta yaşda bütün qadınlar eyni simptomları göstərə bilməz. 35 yaşdan yuxarı qadınların çoxu çətin bir dövrdən keçir. Qadınların çoxunun qəbul etmək istəmədiyi bu orta yaş sindromu əslində müvəqqəti bir böhran ola bilər. Bəs, bu dövrü necə asanlıqla aşmaq olar? SİA məsələ ilə bağlı araşdırma aparıb sosioloq, ekspert, psixoloq və şəhər sakinlərinin fikirlərini öyrənib.

Orta yaş adlandırılan 40-lı yaşlar, bir insanın həyatının ümumiyyətlə durğunlaşdığı, iş və ictimai həyatının yavaşladığı bir dövrdür. Bu dövr çox ziddiyyətli duyğuları əhatə edir. Müvəqqəti bir dövr olduğu üçün buna orta yaş sindromu deyilir. Qadınlar kişilərdən daha duyqusal olduqları üçün bu dövrdə daha həssas ola bilərlər və bu dövrdə çətinliklər yaşaya bilərlər. Bir çox araşdırmada hormonların bu vəziyyətə təsir etdiyi tez-tez söylənilsə də, bu mövzuda qəti bir diaqnoz qoymaq doğru deyil.

Orta yaşda bütün qadınlar eyni simptomları göstərə bilməz. Əsas ümumi vəziyyət emosional qarışıqlıq və ziddiyyətlərdir. İnsan həyatı ilə bağlı suallar vermə, nə etdiyini və etmədiyini gözdən keçirmə və peşman ola bilər. Etmək istədiyi işlərə çox gec qaldığını, yetərincə gənc olmadığını düşünə və imtina edə bilər.

Bu dövrdə qadınlarda yaşlanma səbəbi ilə kilo, saç tökülməsi, saç ağarma və bədəndə çatlaqlar ola bilər. Bu vəziyyətdən asılı olaraq, qadın öz görünüşündən narahat olacaq və daha çox bəyənilməmək qorxusunu yaşayacaq.

Qadınların çoxu bu dövrdə daha gözəl olmaq üçün qocalma əleyhinə müalicələrə (estetik əməliyyatlar) müraciət edə bilərlər. Geydiyi paltarlar daha şık və ya orta yaş həddindən artıq ola bilər. Bu dövrdə ən çox rast gəlinən problemlərdən biri boşanmadır. Duyqusal qarışıqlıq cütlərin ailə nizamını da poza bilər. Görünüşünə çox əhəmiyyət verən qadınlarda orta yaş sindromu daha sıx və ağrılı ola bilər.

Bu dövrü rahat keçmək üçün şəxs yaşadığı vəziyyəti müəyyənləşdirməli və paylaşmalıdır. Bu müddət ərzində evli cütlüklər daha çox danışmalıdır. Hər yaşın öz gözəlliyə sahib olduğu düşünülməli və fiziki dəyişikliklər həyatın geri dönüşü kimi qəbul edilməlidir. Yeni hobbi əldə etmək olar (zərgərlik kursları, səyahət). İnsanın sağlamlıq vəziyyətinə görə idmana üstünlük verilə bilər.

Şəxs özü ilə barışmalı, yaşamağı və özünü sevməyi həyat tərzi olaraq təyin etməlidir. Yaşadığı problemlərin öhdəsindən gələ bilmirsə və güclü duyğuları varsa, mütləq psixoloji yardım almalıdır. Hər bir insanın həyatında yaş böhranları olur. Bu böhranlar hər kəsdə olur və müəyyən yaş dövrlərində ümumi hisslər yaşanır. İlk yaş böhranı - həyatın birinci ilində olur. Bu mərhələdə insanda ətraf aləm barədə fikir formalaşır. Bu mərhələ insan həyatında vacib dövrdür, çünki bu zaman şəxsiyyətin gələcək inkişafı müəyyən olunur. Növbəti böhran yaşı 3 yaşdır. Böhran uşağın inadkarlıq göstərməsi - "xarakter nümayiş etdirməsi" ilə özünü göstərir. Yaş böhranı 12-14 yaşında da baş verir. Bu yaşda insan özünün cinsi mənsubiyyətini anlamağa başlayır. Bu dövrdə o öz müstəqilliyini və sərbəstliyini sübut etməyə çalışır. O bütün məhdudiyyətləri aqressiv və kəskin qarşılayır. Növbəti yaş böhranı 18- 20 yaşlarında olur. Eyni böhran 25-27 yaşda müşahidə olunur. Amma ən kəskin böhran 35 yaş böhranı sayılır. Bəzi qadınlarda bu yaşlarda meteoasılılıq başlayır. Bu yaşda insan öz nailiyyətlərini qiymətləndirir və onlara şübhə ilə yanaşır.

Məsələ ilə bağlı sosial ekspert, jurnalist Rövşən Rəsulov da münasibət bildirib: “Dünyanı gözəllik xilas edəcək”, deyə bir kəlam var. Məncə, bu kəlam yalnız fiziki deyil, həm də mənəvi gözəlliklə ölçülməlidir. Təbii ki, dünyamıza gözəllik qatan məhz xanımlardırlar və onlarsız dünyanı təsəvvür etmək qeyri-mümkündür. Sualınıza gəldikdə isə, xanımların doğum günü yaşlarını gizlətmək məsələsi artıq bir ənənəyə çevrilib. Yəni onlar yaşlarını gizlətməklə qarşı cinslərə-kişilərə həmişə cavan, təravətli görünmək marağındadırlar. Yeri gəlmişkən, onu da deyim ki, elə kişilərdə də bənzər centlmenlik münasibəti mövcuddur, onlar qadınlardan yaş soruşmurlar. Düzdür, indi belə davranış xüsusiyyətləri artıq unudulur, amma hələ ki, qalmaqdadır”.

“Xanımların yaşlarını gizlətmək maraqları başqa yöndən də izah edilə bilər. Misal üçün, bəzən elə olur ki, sevgi yaşayan qadın özündən bir neçə yaş cavan şəxsə aşiq olur və reallıqda hər iki cütlüyün yaş fərqi üzdə görünmür. Kənardan baxan insanlar onların həmyaşıd olduqlarını sanırlar. Amma bunun belə olmadığını yalnız qarşı tərəf bilir. Əgər insanlara yaş fərqi deyilməsə, heç kim bunu bilməz. Necə deyərlər, sirr kimi saxlanılır. Belə məsələlər kişilərdə də olur və eyni hal yaşanır”.

“Şəxsən mənim üçün yaşlı, cavan, xanım anlayışı yoxdur. Qadınlar hər zaman gözəldirlər və həyatımıza, dünyamıza təravət qatırlar. Xanım gözəlliyini, anlayışını dərindən dərk edən, qiymətləndirən istənilən kişi üçün onun neçə yaşının olması qətiyyən maraqlı deyil. Qoy xanmlarımız hər zaman öz gözəllikləri, təravətləri və ruhları ilə gerçək yaşlarını gizlətsinlər”.

Psixoloq Aytən Ələkbərova isə məsələnin psixoloji yanlarına toxunub: “İnsan özünə və ətraf aləmə təsir göstərmək, onu dəyişdirmək kimi məsələlərdə daim maraqlı olur. Yəni, bəşəriyyətin əldə etdiyi bütün nailiyyətlər insan zəkasının, psixikasının hesabına başa gəlir. Görəsən insan psixi imkanlarının həddi - hüdudu varmı? Əgər varsa onu fəth etmək mümkündürmü? Təbiidir ki, artıq burada insanları daim maraqlandırmış və bundan sonra da maraqlandıracaq bir çox suallar olur, yanaşmalar olur. O yanaşmaların içərisində insanın həyatda olması, doğulması, böyüməsi, gəncləşməsi, yaşa dolması var. Bunlar isə təbii ki, yaşın üzərində artıq özünü göstərməyə başlayır. Yəni, artıq imkanlar hərəkətdə, əməldə reallaşır. İnsan faktoru istər qadın olsun, istər kişi olsun təbiidir ki, həmişə diqqətə və xoş sözə ehtiyac duyur. Sanki bu xoş söz onun həyatını yenidən dəyişərək, psixosomatik olaraq onu ruhlandırır”.

“Psixo ruh, somatika bədən deməkdir. İnsanın ruhu bədəninin ən əsas, ən vacib yəni, onu həyatda saxlayan ən gözəl bir sütunudur. O sütun isə insanlara eyni zamanda xoş söz, dəyərdən ibarətdir. Qadınlar 30 yaş yubileyini belə çox böyük bir həvəslə keçirdirlər. Hətta hər kəsə “artıq 30 yaşım olur” deyərək bunu çox həvəslə dilə gətirirlər. 30-dan yuxarı isə sanki bu illər artıq çox gəlməyə başladı və bu çox gəldiyi zaman “görəsən, mən niyə belə tez qocaldım düşüncələri” və qəflətən bir qadın salonunda oturub onun bəzəkli-düzəkli çıxmasına, “maşallah 15 yaşında qıza oxşayırsan cümləsi” onu ruhən artıq həyata yenidən bağlayır. Bu səbəbdən insanlar bəzən o gözəl sözləri eşitsin deyə yaşını demir”.

“Qadınlar bir neçə kriteriyalara bölünürlər. Yəni, onlar hansı kriteriyalarda yaşını gizlədirlər? Və hansı kriteriyalarda heç çəkinmədən deyirlər? Demək ki, burada qadının özgüvəni onun birbaşa yaşını gizlətməməyə gətirib çıxarır. Bəzən görürsən ki, 40 yaşından sonrakı yaş dövründə xanımlarımız rəng baxımından bəzi al-əlvan rənglərə üstünlük verirlər. Sanki o onların çöhrəsini açır və daxili ruh yaşlarının kiçik olmasına gətirib çıxarır. Qadın yaşını gizlətməkdə psixi ehtiyatını əldən vermir. Yəni, psixi ehtiyatını əldən verməmək üçün öz yaşı haqqında məlumat vermir. Amma daha güvənli xanımlar təbiidir ki, bunu daha çox pafosla, ürəklə deyirlər”.

Sosioloq Lalə Mehralı da öz fikirlərini qeyd edib: “Bunu mən həmişə fikirləşmişəm və gərəksiz, absurd hesab etmişəm ki, “insan yaşını niyə gizlətməlidir? Bu insanı niyə narahat etməlidir?” Özgüvəni yerində olan xanımlar məncə heç vaxt yaşını gizlətməz. Qadınlardan yaşın soruşulması məsələsinə gəlincə isə bunun etika, estetika ilə hər hansı bir bağlantısının olduğu qənaətində deyiləm. Qadının yaşını soruşmaq mədəniyyətsiz olmaq demək deyil, yaşını gizlətmək hansı məntiqə sığır onu da başa düşə bilmirəm. Bəzən ola bilər insan yaşından böyük görünsün və bunu qəbul etmək istəməsin. Bu səbəbdən də həmişə yaşını gizlətməyə çalışır. Amma yaşından kiçik görünən insanlar da var. Onlar da yaşını gizlətməyə çalışır. Yəni əslində məntiqlə heç bir bağlantısının olmadığını düşünürəm”.

“Bir də ola bilsin ki, işə qəbul məsələlərinə görə qadınlar özlərində məcburiyyət hiss edib yaşını gizlədə bilər. Axı biz yaxşı bilirik ki, işə qəbulda xüsusilə də qadınlarda kriteriyalar təyin olunur, yaş çərçivəsi müəyyənləşdirilir. Bu baxımdan qadınlar bu səbəbə görə yaşını gizlədə bilər. Yəni misal üçün qadın 40 yaşındadır, amma görünüşcə 35 yaşını göstərir. Bu halda 40 yox 35 yaş deməyi üstünlük hesab edir ki, iş yerində yaşı ilə bağlı problem yaranmasın. Tutalım hər hansı bir qeyri-rəsmi bir iş yeridir, sənəd tələb etmirlər. Məsələn, xadimə və günəmuzd kimi işləri nəzərdə tuturam. Bu halda ondan sənəd tələb olunmur, sənədinə baxılmır. Şifahi hansı yaşı deyirsə, o yaş da qəbul olunur. Bu baxımdan, yaşını ona görə gizlədə bilər ki, işi ilə bağlı problem yaşamasın”.

Ekspert, psixoloq və sosioloq rəyləri ilə yanaşı şəhər sakinlərinin, xüsusilə də fərqli yaş qruplarında xanımların fikirlərini öyrəndik:

Şəhər sakini Alidə Qarayeva: “Mənim 42 yaşım var. Kimsə məndən yaşımı soruşanda içimdə istəmsizcə kompleks yaranır. Düşünürəm buna səbəb odur ki, qadınlar həmişə eyni yaşda, yəni cavan qalmaq istəyirlər. Onlar düşünür ki, zaman keçdikcə qocalıb təravətini itirəcəklər. Ümumiyyətlə qadınlar yaş, çəki, xarici görünüş kimi mövzularda həssasdırlar və asan qırıla, küsə bilərlər”.

Şəhər sakini Aidə Qədiməliyeva: “Heç vaxt yaş, çəki və boyumu gizlətmirəm. Yaşımı kim soruşsa, çəkinmədən deyərəm. İnsan gərək özünü sevsin. İnsan hər yaşda gözəldir. Daha doğrusu, hər yaşın öz gözəlliyi, özəlliyi var. Yaşını gizlədənlər kompleksli insanlardır. Məncə yad insanın qadından yaşını soruşması heç etik deyil. Yaxınların soruşması isə nisbətən normal qarşılana bilər”.

Şəhər sakini Aliyə Qarayeva: “Qadınlar doğum günlərində və yaxud adi günlərdə yaşlarını demək istəmirlər. Ona görə ki, onlarda yaş kompleksi var. Onlar sanki yaşlaşmaqdan qorxurlar və qocalmaq istəmirlər. Yaşları artdıqca sanki acizləşirlər, özgüvənləri itir. Ən əsası da odur ki, qarşı cinsin onların yaşını bilməsini istəmirlər. Bu qadınların ən zəif nöqtəsidir. Sanki yaşları artdıqca gözəllik, təravət itir və özlərini ətraf aləmdə lazımsız hesab edirlər. Bu səbəbdən onlar doğum günündə çox duyğusal olurlar”.

Şəhər sakini Yeganə Əliyeva: “Mən belə halları heç sevmirəm. Bir insan yaşını niyə gizlətməlidir ki?! Nə varsa, odur da. Günümüzdə kifayət qədər yaşını gizlədən qadınlar var. Məncə bu heç düzgün deyil. Amma məncə bu onlarda qocalıq qorxusundan gələn bir düşüncədir”.

Şəhər sakini Aypara Vəliyeva: “Qadınlar yaş komplekslərinə sahibdirlər. Çünki özlərini yaşlarından daha gənc göstərməyə çalışırlar. Buna görə də, yaşlarının soruşulmasını istəmirlər. Qadınlar həmişə gənc və gözəl görünmək istəyirlər”.

Şəhər sakini Aytən Məmmədli: “Elə insanlar var ki, tam səmimi şəkildə öz yaşını deyir. Məndən həmişə soruşurlar ki, “neçə yaşın var?”. Mən də həmişə cavabında deyirəm ki, “neçə yaş verərsən?”. Yəni, mən o yaşı özümə vermirəm və özümü cavan hiss edirəm. Bəlkə də insanlar qocalmaq istəmədiyi üçün bu addımı atırlar. Yəni, özlərini cavan hiss edirlər və istəmirlər ki, qarşılarındakı insan onların yaşını bilsin. Bəlkə də, qınanmaqda qorxur ki, birdən kimsə deyər ki, “neçə yaşı var, amma etdiyi hərəkətə bax”. Kişilərlə nisbətdə xanımlar daha çox yaşını gizlədir. Qadınlar arasında isə daha çox yaşlı xanımlar bunu gizlədir”.

Şəhər sakini Aynur Məmmədli: “Çünki, qadınlar yaşlanmaq istəmirlər. İstəyirlər ki, həmişə gənc və təravətli qalsınlar. Qadının neçə yaşı olursa-olsun, həmişə uşaq kimi qayğı və sevgiyə ehtiyyacı var. Bəzi xanımlar da var ki, 40 yaşı var amma 25 yaşında qız kimi gənc qalıb. Burada baxımdan, özünəqulluqdan və genetikadan da çox şey asılıdır”.

Şəhər sakini Ülkər Orucova: “Bu xüsusiyyət insandan- insana dəyişə bilər. Amma, düşünürəm ki, insanlar yaşları artdıqca kompleksə düşürlər. Necə ki, uşaqlıqda tez böyümək istəyirdik, böyüdükdə isə tam əksini, yəni yaşımızın azalmasını istəyirik. Bəlkə də yaşlandıqca çirkinləşdiyimizi düşünürük, bəlkə keçmiş yaşımızdan faydalana bilmədiyimizi düşündüyümüzdən, özümüzü belə aldadıb daha cavan olduğumuzu düşünərəkdən hərəkət edirik”.

Şəhər sakini Zərdüşt Quluzadə: “Buna daha çox özgüvən çatışmamazlığının da səbəb olduğunu deyə bilərik. Belə ki, qadınların çoxunda yaş kompleksi olur. Yaşın qadınların evlilik planında çox önəmi olduğuna görə də yaşlarını gizlədirlər. Sırf buna görə də qadınlardan yaşını soruşmaq da qəbahət sayılır. Necə ki, kişidən maaşını soruşmaq olmaz, eyni ilə də qadınlardan yaşını soruşmaq düzgün deyil”.

Şəhər sakini Nərmin Nağızadə: “Qadınlar əslində zəif yox,zərif varlıqlardır. Onlara kənardan baxdıqda nə qədər zərif, incə görünsələr də daxildən çox güclü, əzmkar olurlar. Məsələn, bizi boya-başa çatdıran analarımız bizi böyüdənə kimi min cür əzab-əziyyətlərə dözürlər. Hətta yeri gəldikdə kişilərin görə biləcəyi işləri də görürlər. Lakin, heç vaxt incəliklərini, zərifliklərini, qadın ruhlarını satmırlar. Onlar qayğıya ehtiyac duyurlar. İçlərindəki o uşaq qalmaq istəyi onları yaşını gizlətməyə vadar edir. Elə buna görə də bəzi qadınlar yaşlarını gizlədir. Sadəcə, içlərindəki o uşaq ruhunun üzlərinə də yansımasını istəyirlər. Kənardan baxan insanlar həmişə onları cavan, gözəl, baxımlı hesab etsin deyə bunu edirlər. Qadının gözəlliyi o yaşa dolduqca artır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə