“AzerGold” QSC-nin təşkilatçılığı, Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsi çərçivəsində jurnalistlər üçün növbəti təlim və mediatur təşkil olunub. SİA xəbər verir ki, Səhmdar Cəmiyyətinin 2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyasına uyğun olaraq, Azərbaycan milli mətbuatının 150 illiyi ərəfəsində baş tutan tədbirdə televiziya, qəzet və onlayn mediada çalışan 30-dan çox jurnalist iştirak edib.
Tədbirin ilk günü Gəncə şəhərində dövlət şirkətinin mütəxəssisləri tərəfindən geoloji kəşfiyyat, hasilat, emal, qiymətli metalın satışının təşkili, əməyin mühafizəsi, eləcə də ətraf mühit, kommunikasiya, korporativ sosial məsuliyyət mövzularında nəzəri təlimlər keçirilib. İnteraktiv formatda təşkil edilən təlimlər zamanı qeyd edilən istiqamətlər ətrafında müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Səfərin ikinci günü iştirakçılar əvvəlcə Gəncə şəhərində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold”un dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin təşkilatçılığı ilə fəaliyyət göstərən Gəncə Autizm Mərkəzində yaradılan şəraitlə tanış olublar. Jurnalistlər autizm spektr pozuntulu uşaqların fərdi inkişafı üçün göstərilən reabilitasiya prosesini əyani şəkildə izləyiblər. Daha sonra Daşkəsən rayonu, Quşçu qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü, “AzerGold”un dəstəyi ilə inşa olunmuş Səlmixan İsgəndərov adına tam orta məktəbin modul tipli binası, həmçinin Quşçu kənd mərkəzində istifadəyə verilmiş Kitab köşkü ilə tanış olublar.
Səfər “AzerGold”un Daşkəsən rayonu, Çovdar kəndində yerləşən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsi (ÇİRES) və “Çovdar” qızıl mədəninə təşkil olunmuş mediaturla davam edib. Jurnalistlər “Çovdar” qızıl mədənində ekoloji norma və tələblər, müasir texnologiyalar əsasında aparılan istismar işləri, ÇİRES-də qiymətli metalların emalı, tullantıların idarəolunması prosesi ilə yerində tanış olublar.
Həmçinin layihə çərçivəsində jurnalistlərin dağ-mədən sahəsinə dair məlumatlılıq səviyyəsinin ölçülməsi məqsədi ilə təlimdən öncə və sonra test tapşırıqları icra edilib. Sonda media nümayəndələrinə sertifikat və xatirə hədiyyələri təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə