Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının və Mahmud Kaşğari adına Beynəlxalq Fondun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasında tanınmış pedaqoq ziyalı, şair-dramaturq, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyi Şəki bölməsinin rəhbəri Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib. SİA xəbər verir ki, kitabxanadan bildirilib ki, tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Vaqif Aslanın yaradıcılığı haqqında geniş məlumat verib.
İ.Həbibbəyli şairi Azərbaycan Milli Elmlər Akademiyasının Elmi Şurasının qərarı ilə “Ədəbiyyat İnstitutunun fəxri dostu” Fəxri diplomu ilə təltif edib.
Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Türkiyədən Vaqif Aslana ərməğan olunan mötəbər təltifi – “Türk dünyası Elmlər Akademiyasının fəxri professoru” diplomunu və mantiyanı yubilyara təqdim edib. Səfir bu günlərdə AMEA və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziuma diqqət çəkərək, belə elmi-mədəni əməkdaşlıqların iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini bildirib.
Milli Məclisin deputatı Cavanşir Feyziyev çıxışında Vaqif Aslanın çağdaş Azərbaycan ədəbiyyatında fəlsəfi-estetik, ədəbi-bədii, elmi-nəzəri və milli düşüncənin formalaşmasında önəmli xidmətləri olan istedadlı qələm adamı olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Vaqif Aslan şair, alim, publisist və dramaturq kimi geniş oxucu kütləsinin gerçək sevgisini qazanan bir sənətkardır.
Digər çıxış edənlər - tarix üzrə fəlsəfə doktoru, Fəxri mədəniyyət işçisi, Yasamal rayon MKS-nin direktoru Lətifə Məmmədova, filologiya elmləri doktoru, professor Yeganə İsmayılova, şair, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu Qadir Hüseynov, Türk Ağsaqqalları İctimai Birliyinin sədr müavini Eyvaz Hümbətov, Neft və Qaz İnstitutunun professoru Mahir Rəsulov, BDU-nun kafedra müdiri, professor İsmayıl Əliyev, 172 nömrəli tam orta məktəbin direktoru Vəfa Bağırova, şair Tural Adışirin , türkiyəli yazarlar, ədəbiyyatşünas-alimlər Süheyla Karaca Hanönü və Selvigül Şahin, Vaqif Aslanın ailə üzvlərindən Yeganə Aslanova və Abdulqədir Lətifov Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə təşkil olunan Vaqif Aslan yaradıcılığına həsr olunmuş tədbiri yüksək qiymətləndiriblər.
Bildirilib ki, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəstəyi ilə Mahmud Kaşğari adına Beynəlxalq Fondun layihəsi əsasında Vaqif Aslanın 75 illik yubileyinə həsr olunmuş "Ruhlarla danışan adam" kitabı nəşr edilib.
Sonda çıxış edən şair Vaqif Aslan tədbirin təşkilatçılarına və iştirakçılara dərin minnətdarlığını bildirib.
Tədbir bədii hissə ilə davam edib.
AMEA-nın Folklor İnstitutunun əməkdaşı, respublika və Beynəlxalq müsabiqələr laureatı, bədii qiraət ustası Həlimət Sultan “Eşq” bədii-musiqili kompozisiyası ilə çıxış edib.
Tanınmış pedaqoq Zenfira Nusalova Vaqif Aslanın “Sən niyə bu qədər gözəlsən axı?”, bədii qiraət ustası Bəhiyyə Nağıyeva “Səndə şair olmamaq da günahdır” və “Şəki” şeirlərini səsləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə