Qadınlar narkotik satışında niyə maraqlıdır? - EKSPERTLƏRDƏN SƏRT TƏPKİ

Son günlər sosial şəbəkələrdəki müzakirələrdə Azərbaycanda narkomaniyanın artdığı deyilir. Eyni zamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizədə hüquq-mühafizə orqanları müxtəlif tədbirlər həyata keçirir. Narkotik satışı ilə məşğul olanlar saxlanılaraq məsuliyyətə cəlb olunur. Bəs bu vasitələrin satışı artıbmı? Son vaxtlar narkotikaya qadınlar da cəlb olunub. Qadınlar bu işdə niyə maraqlıdır? SİA mövzu ilə bağlı məsələyə aydınlıq gətirmək üçün ekspertlərin fikrini öyrənməyə çalışıb.

"Narkotik istifadəçilərinin sayı son vaxtlarda artmayıb, bu problem hər zaman olub". Bunu SİA-ya açıqlamasında Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu deyib. Onun sözlərinə görə, Azərbaycanda narkomaniya ilə məşğul olan gənclər hər zaman var: "Lakin son vaxtlar bu sosial şəbəkələrdə informasiya vasitələrinin artması həmin bu vəziyyətin daha da qabarıq görsənməsinə şərait yaradıb. Amma bundan əvvələ də diqqət etsək görərik ki, polis narkotikdən istifadə edənlərlə mübarizə aparıb və bir çox şəxs bunun üçün həbs olunub. Təbii ki, bu dövr ərzində həmin hallar daha da artıb. Ona görə ki, sərhədlər açılıb və bizim əlaqələrimiz genişlənib. Narkotik müxtəlif qonşu ölkələrdən gətirilə bilir. Hərislik nəticəsində qeyri-qanuni olaraq pisxatrop maddələrin və kimyəvi maddələrin istehsalı artıq Bakı şəhərində və Azərbaycanda gizlin zirzəmilərdə və digər yerlərdə həyata keçirilir. Bunun özü də narkotik satışının və istifadəsinin çoxalmasına gətirib çıxarıb. Araşdırmalar göstərir ki, əvvəllər hansısa qonşu ölkələrdən narkotik gətirildisə, indi artıq Bakının özündə sintetik məhsullardan narkotik alırlar. Bu isə insanların yaşaya-yaşaya ölümünə səbəb olur. Bu yalnız insanlığın faciəsi deyil, həm də qlobal dünyanın bəlasıdır. Bu baxımdan hüquq-mühafizə orqanlarına dəstək olmalıyıq. Jurnalistlər başqa aspektdən, cəmiyyət isə başqa aspektdən yanaşmalıdır. Hər kəs öz vicdanı, məsuliyyəti ilə mütləq hüquq mühafizəyə dəstəyimizi göstərməliyik. Hüquq-mühafizə orqanları çox ciddi mübarizə aparırlar. Lakin, bu mübarizənin perspektiv nəticəsi olsa belə narkotikanın qarşısı alına bilmir. Yeniyetmələr, gənclər, qadınlar da bu işlərə cəlb edilir. Bu problemin həllinə nail olmağın yolu ona elmi və fəlsəfi-nöqteyi yanaşmaqdan keçir. Ən böyük səbəblərə elmi müstəvidə baxmaq lazımdır. Statistika göstərir ki, narkotik satışı ilə məşğul olanların çoxu savadsız, heç bir peşə təhsili olmayan, ali təhsilsiz şəxslərdir. Bunlar avaraçılığın əlamətləridir. Ən böyük problem heç nə ilə məşğul olmamaqdır. Deməli, biz müəyyənləşdirdik ki, daha çox savadsızlar və mütaliəsi olmayanlar narkotik işi ilə daha çox məşğuldur. Qeyri-hökumət təşkilatları, Vətəndaş cəmiyyəti araya girməlidir. Vətəndaş cəmiyyəti dövlətin dəstəyi ilə iş yerləri və müxtəlif istehsal müəssisələri açmalıdır. Belə olduqda gənclərimizi işlə təmin etməli və texniki peşə məktəblərinin fəaliyyətini genişləndirməliyik. Sovet dövründə tufeyli gəzənləri qanunla cərimə edirdilər. Belə insanlara bacarıq öyrədilməlidir. Cəmiyyətdə gəncləri başlı-başına buraxmaq olmaz. Onları daim nəzarət altında saxlamaq lazımdır. Narkomaniyanın qarşısını sistemli yanaşma sayəsində almaq mümkündür".

"Təəssüf ki, narkomaniya ilə bağlı vəziyyət arzu olunan halda deyil və narkotik maddələrin də satışı xeyli yayılıb". Bunu SİA-ya açıqlamasında isə sosioloq Əhməd Qəşəmoğlu deyib.

Sosialoq vurğulayıb ki, narkotik istifadəçilərin içində cəmiyyətin müxtəlif üzvləri var: "Bu şəbəkə həm qadınları, həm də kişiləri cəlb edir. Bu şəbəkə genişləndikcə daha çox insanı əhatə etməyə başlayacaq. Bu şəbəkənin yaranmasına icazə verməməli idik. Bu şəbəkinin yaranmasında müxtəlif maraqlı qüvvələr var. Həmin maraqlı qüvvələrin tərkibi əvvəl narkotikadan pul əldə etmək istəyən adamlar idi. İndi məndə belə bir şübhə var ki, Azərbaycana düşmən olan ölkələrin də marağı var. Düşmən qüvvələr ölkəmizdə narkotikanın yayılmasını istəyir ki, Azərbaycana zərbə vursunlar. Narkotika böyüyən yeni nəslə zərbə vurur. Buna görə məsələdə diqqətli olmaq lazımdır. Narkotik satışı ilə məşğul olanlar komandalarına yeni üzv seçmək axtarışındadırlar. Kimin xarakteri zəifdirsə, maddiyyatı aşağıdırsa bu işlərə cəlb edirlər. Çünki belə insanları narkotikaya cəlb etmək qurşandırmaq asandır. Şəbəkə o qədər genişlənib ki, artıq şəbəkədə qadınlar da yer alır. Yalnız maarifləndirmək işlərin aparılması bəs etmir. Məsələyə kompleks yanaşma lazımdır. Azərbaycan mühitində maarifləndirmə ilə inzibati metodları birgə etmək lazımdır. Yalnız inzibati metodların aparılması və ya tək maarifləndirmə işlərinin aparılması lazımi nəticə verməyəcək. Gərək kompleks tədbirlər görülsün. Bu baxımdan xüsusi olaraq tele-verlişlərin yaradılmasına və müxtəlif maarifləndiriçi çarxların çəkilməsinə diqqət etməliyik. Elmi yanaşma mütləqdir. Günü-gündən mürəkkəbləşən cəmiyyətdə problemin qarşısını almaq üçün elmi yolda fəaliyyət proqramı hazırlamaq lazımdır".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə