“Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində seminar keçirilib - FOTOLAR

İyulun 23-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin “Davamlı İnkişaf Məktəbi” layihəsi çərçivəsində “Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda seminar keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbiri açan YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ölkəmizdə uğurlu gənclər siyasətinin həyata keçirildiyini bildirib. O qeyd edib ki, iyulun 26-da Gənclər və İdman Nazirliyinin yaradılmasının növbəti ildönümü tamam olur. Nazirlik gənclərlə bağlı önəmli layihələr həyata keçirir ki, bu da gənc nəsil tərəfindən rəğbətlə qarşılanır.

“Gənclər üçün çeşidli imkanların yaradılması və iştirakçılığın artırılması istiqamətində dövlət siyasəti” mövzusunda təqdimatla çıxış edən Gənclər və İdman nazirinin müavini İntiqam Babayev Azərbaycanda dövlət gənclər siyasətinin əsasının Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edib. Onun sözlərinə görə, 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi tarixi hadisə olub.

Nazir müavini söyləyib ki, Azərbaycanda gənclər siyasətinin əsas hədəfi ölkə gənclərinin hərtərəfli inkişafını təmin etməkdir. Bununla bağlı dövlət tərəfindən ardıcıl siyasət həyata keçirilir. İ.Babayev deyib ki, dövlətimizin prioritet istiqamətlərindən biri də gənclərin inkişafı sahəsidir. Onların hərtərəfli inkişafı, mükəmməl təhsil əldə etməsi, müxtəlif sahələr üzrə potensiallarının aşkar edilərək bacarıqlarının stimullaşdırılması üçün bütün imkanlar yaradılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2015-ci ildə “Azərbaycan Gənclərinin İnkişafı Strategiyası” təsdiqlənib. Bu strategiyanın əsas hədəfi gənclərimizin potensialını müasir dövrün tələbinə uyğun inkişaf etdirmək və həmin potensialdan ölkəmizin mənafeyi naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyini formalaşdırmaqdır. Hazırda gənclərlə bağlı 2017-2021-ci illəri əhatə edən dövlət proqramı həyata keçirilir və bu proqram başa çatmaq üzrədir. Bu gün 2022-2026-cı illəri əhatə edən yeni dövlət proqramının hazırlanması üzərində iş gedir. Müvafiq dövlət proqramlarının hazırlanmasında gənclər də fəal iştirak edir, onların fikir və təklifləri nəzərə alınır.

Nazir müavini diqqətə çatdırıb ki, gənclər ölkədə gedən proseslərin fəal iştirakçısıdır, vətənimizi beynəlxalq müstəvidə də layiqincə təmsil edirlər.

İ.Babayev söyləyib ki, 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi ötən ilin ən mühüm hadisəsi oldu. Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu bu tarixi missiyanı şərəflə yerinə yetirdi. Bu missiyada da əsas yük dövlətimizin başçısının dediyi kimi, gənc nəslin üzərinə düşdü. Müharibədə qəhrəman Azərbaycan gəncləri ön cəbhədə mətanətlə döyüşdülər. Arxa cəbhədə olan gənclərimiz isə sosial şəbəkələrdə və digər sahələrdə informasiya müharibəsində fəal iştirak edərək böyük qələbəyə öz töhfələrini verdilər.

Qarabağın quruculuq işlərinə gənclərin cəlb edilməsi məsələsinə toxunan İ.Babayev deyib ki, Qarabağın dirçəldilməsi istiqamətində gənclərimiz öz töhfələrini vermək əzmindədirlər.

Daha sonra tədbir iştirakçılarının sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə