"Avtobuslardakı sıxlıq dəhşətdir" - EKSPERT ŞƏRH ETDİ

“Avtobuslardakı sıxlıqla bağlı mövzu il yarımdır ki, Azərbaycanda da dünyada olduğu kimi hökm sürür. Koronavirus pandemiyası qadağaları ilə yaşayan cəmiyyət müəyyən hüquqi azadlıqlarını ümumi maraqları üçün qurban verməyə məcburdur. Dövlət qurumları və xüsusən də xidmət sahəsində əhaliyə yüksək keyfiyyətli məhsullar təqdim etməli olan qurumlar vətəndaşların maraqlarına cavab verə bilmir”. Bu sözləri SİA-ya açıqlamasında yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.

Onun sözlərinə görə, ictimai nəqliyyatda son vaxtlar çox yeniliklər olub: “Ölkə başçısı və birinci xanımın diqqətində olan müxtəlif məsələlərlə əlaqədər milyonlarla kapital yatırımı var. Yeni yollar, nəqliyyat qovşaqları və dayanacaqlar salınıb. Lakin, biz yenə də ictimai nəqliyyatın içindəki sonsuz problemlərin aradan qaldırılmasını görmürük. İnsafən onu qeyd edim ki, qonşu ölkələrlə nisbətdə paytaxt Bakıda yüksək səviyyəli ictimai nəqliyyat vasitələri insanların istifadəsinə verilib. Olimpiya oyunları zamanı bizim ictimai nəqliyyatdan istifadə edən xaricilər də bildirirdi ki, hətta ən inkişaf etmiş ölkələrdə belə bu tipli iri tutumlu avtobuslar yoxdur. Amma dövlət qurumları, xüsusilə də, Bakı Nəqliyyat Agentliyi avtobus sahibləri nəzərdə tutulur ki, sanki 21-ci əsrdə yaşamırlar. Sovet dövrünün inzibati qanunvericiliyinə uyğun olaraq mayın 25-dən sonra havalandırma sistemini işə salmağı düşünürlər. Bu hallar binalarda da yaşanır. Bildiyimiz kimi, aprelə qədər binalar isidilir”.

Aydın Xan Əbilov sözlərinə belə davam edib: “İctimai nəqliyyatda əgər bu bizim büdcəmiz hesabına alınan avtobusdursa, orada kondisioner və havalandırma sistemi varsa, istilər düşən kimi gözləmədən işə salınmalıdır. Əhalinin metrodan istifadə etmə imkanı sıfırdır. Taksi ilə də baha başa gəlir. Tramvay da yoxdur. Yalnız, iri tutumlu avbobusların ümidinə qalmışıq. Burda da sosial məsafə saxlanılmır. Digər tərəfdən, tibbi maska taxmaq lazımdır və nəfəs almaq olmur. İnsanlar az qala biri-birinin başında gedirlər. İctimai nəqliyyat vasitəsində pəncərələrin qapadılması insanların səhhətinə pis təsir edir. Kondisioner və havalandırma olmayan yerdə bu qədər adamın yol getməsi isə heç düzgün deyil. Bakı Nəqliyyat Agentliyi karantin qaydalarını pozur. Havalandırma o qədər güclü olmalıdır ki, yoluxma baş verməsin. Bu baxımdan çoxsaylı şikayətlər olsa da, ictimai qınağa böyük ehtiyyac var. İnsanlar belə hadisələr görən zaman tez çəkib sosial şəbəkədə paylaşıb aidiyyatı dövlət qurumlarının elektron ünvanlarına göndərə bilərlər. Bildiyimiz kimi, hər bir özəl qurumun saytı və qaynar xətti var. Şikayət üçün bura müraciət etmək lazımdır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...