Memar Əcəmiyə ucaldılan sənət abidəsi

Teatr və dramaturgiya sahəsində bir sıra səhnə uğurları ilə tamaşaçı və oxucu rəğbəti qazanmış, özünəməxsus dramaturq dəsti-xətti, fərdi ədəbi üslubu ilə diqqət çəkən İftixarın, bir sıra digər pyeslərindən sonra yazdığı "Qurtuluş dastanı", "Qurtuluşa gedən yol", "Naxçıvannamə", "Kalbalı xan Kəngərli", "Könüllər mülkünün sultanı – Şeyx Nizami Gəncəvi" pyeslərinin ardınca "Memar Əcəmi" əsərini ərsəyə gətirməsi, məni, müəllifin bu mövzuya müraciətinin haradan qaynaqlanması, bu mövzuya nə üçün könül salması fikri ilə üz-üzə qoydu. Bilirik ki, Memar Əcəmi haqqında tarixi mənbələrdə çox az məlumatlar vardır. Ona görə bu mövzunu səhnə əsərində təcəssüm etdirmək çox çətindir. Elə bu səbəbdən də, bu günə qədər Azərbaycanın dahi memarı haqqında böyük həcmli, epoxanı geniş arealda təcəssüm etdirən səhnə əsərinə rast gəlmirik. Bəs İftixarı bu çətinliyə sövq etdirən hansı sevginin təzahürüdür? "Memar Əcəmi" pyesini oxuduqdan sonra, yadıma İftixarın 2015-ci ildə "525-ci qəzet"də çap olunmuş "Unudulmaz Naxçıvan təəssüratlarım" məqaləsi düşdü və mən məqaləni təkrarən bir dəfə də oxudum. O zaman mənə hər şey aydın oldu. “Memar Əcəmi” pyesinin həmin yazı ilə əlaqəsini gördüm. Sanki müasir Naxçıvanın inkişaf konturlarını, çiçəklənmə prosesini, çağdaş dövr Naxçıvanın inkişaf qanunauyğunluqlarını əks etdirən həmin yazı, bu pyesin yaranması üçün təməl təsirini bağışlayırdı.

Belə qənaətə gəlmək olur ki, elə bil İftixar Naxçıvan səfərindəki təəssüratlarından ilhamlanaraq, yaradıcı təxəyyülündə Naxçıvan memarlıq məktəbi haqda öz məfkurəsini formalaşdırıb, nəticə etibarı ilə çox doğru, düzgün istiqamətdə Naxçıvan memarlığının yaranışı ilə müasir görkəmi qovuşuğunda Naxçıvanın müasir Memarının 11-ci əsr Memarı ilə birbaşa bağlılığını ifadə edən tarixi-bədii pyes ərsəyə gətirmişdir. "Unudulmaz Naxçıvan təəssüratlarım" məqaləsində söylənən dəyərli bir cümlə diqqətimi çəkdi; orada İftixar, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hörmətli Vasif Talıbovun söylədiyi "Ədəbi əsərlər, tarixi, tarixi sənədlərdən daha yaxşı yaşada bilir" fikrini diqqətə çatdırır. Bu fikir, doğrudan da, tarix və tarixi şəxsiyyətlərin məhz ədəbi əsərlərdə daha çox əbədiyaşarlıq qazandığını ifadə edən həqiqətdir.

Orta əsr Müsəlman Şərqinin böyük memarı, Naxçıvan və Marağa memarlıq məktəblərinin zirvəsi – Memar Əcəmi Naxçıvani haqqında tarixi qaynaqlarda müəyyən fikirlərə və çağdaş ədəbi müstəvidə az da olsa, bədii əsərlərə rast gəlinir; Hüseyn İbrahimovun "Əsrin onda biri" romanı, Kəmalə Ağayevanın "O bizim dağların oğlu idi" pyesi Əcəmiyə həsr olunmuşdur; şair-dramaturq Nəriman Həsənzadə tarixi xronika janrında yazdığı "Atabəylər" pyesində o dövrün iki böyük sənət fatehinin (Memar Əcəmi, Nizami Gəncəvi) görüş səhnəsində hər iki dahi sənətkarı ədəbiyyata gətirmiş, onları bədii təcəssümlə bir-birinə qovuşdurmuşdur. Pyes həm Azərbaycan Milli Dram Teatrında, həm də Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.
Yüksək peşəkarlıqla qələmə alınan ikihissəli mistik, tarixi dram olan"Memar Əcəmi" pyesindəMemar Əcəmi özünün bitkin obrazı ilə daha geniş miqyasda təqdim olunur, öz həqiqi qüdrətinə qovuşur, necə ki, müasir Naxçıvan öz Memarının əməyi ilə özünün obrazını tapa bilmişdir.

Gözlərimiz önündə canlanan müasir Naxçıvanın bu günkü inkişaf mərhələsi, ta qədim zamanlarda, Nuh dövründə yaradılan Naxçıvanla paraleldə özünün bənzər cəhətləri ilə diqqət çəkir. Eyni zamanda, tarixi gerçəkliklərə nəzər saldıqda görürük ki, yeni Naxçıvanla, Azərbaycan Atabəylər Dövləti dövründəki Naxçıvanın yenidən qurma fəlsəfəsi və onun inkişaf mərhələsi adekvatdır. Əsərin süjet xəttindəki hadisələri bu oxşarlıqlar kontestində quran müəllif, nəticədə maraqlı və zəngin kolaritli səhnə əsərinin yaranmasına nail olmuşdur. Ümumiyyətlə deməliyik ki, Əcəminin həyat və yaradıcılığını geniş aspektdə əks etdirən, zəngin hadisələrlə canlandıran, onu böyük miqyasda səhnə əsərində tarixi gerçəkliklərlə ilk dəfə ərsəyə gətirən məhz İftixar Piriyevdir.

Rəngarəng obrazlı, çox planlı, yüksək dinamikalı, oxucuya ruhi pərvəriş təlqin edən, canlı dialoqlarla zəngin, proloq, epiloq və iyirmi səkkiz şəkildən ibarətpyesin personajlar sistemi özünəməxsusluğu ilə seçilir, burada həm tarixi şəxsiyyətlər, həm də müəllif təxəyyülündən qaynaqlanan obrazlar yer alıb. Digər diqqət çəkən məqam İftixarın pyes boyu əsəri tamaşaya hazırlayacaq rejissorlar üçün tövsiyələri – hazır səhnələr, hazır mizanlar qurması, kölgə teatrı elementləri vasitəsi ilə mistik teatral detallarla canlandırılacaq hadisələrin daha dərinqatlarında qəhrəmanlarının paradoksal vəziyyətlərini fəhminin gücü ilə rəsm etməsidir, əlbəttə, bunun da kökündə müəllifin yüksək teatr sənəti bilicisi olması faktı dayanır. Müəllifin təqdim etdiyi remarka və qurduğu kompozisiya ilə hadisələrin inkişaf xəttinə nəzər yetirək.

Mistik təsvirlərlə təqdim olunan Proloqda Gənc Əcəminin, Dəmirçinin yanına gəlib ondan od istəməsi,sonra ovcundakı odu başı üzərinə qaldırması, odu udması və bir an içində sanki nurani qocanın simasının nuru ilə bərabər odun işartılarının Gənc Əcəminin içinə dolması təsvir edilir. İftixar bu epizodda Allahın qüdrəti və "Ol" əmri ilə bir nöqtədən zühur edən iki Ulu-əzim Peyğəmbəri Əcəmi ilə qarşılaşdırır. Allahın Nurunu Nuh Peygəmbərdən, Allahın Odunu Zərdüşt Peygəmbərdən alan Əcəmi özünü "...mən tufana təslim olmayan nurdan doğulan, odla yoğrulanbəndə" adlandırır. Nədən ki, İnsan Allahdan qopan ilahi cövhərin kiçicik zərrəsidir. Bu kiçik zərrə isə təsəvvüflə kamil bir varlığa çevrilə bilir.

Pyesin birinci hissəsində, Atabəylərin hakimiyyəti dövrünün paytaxtı Naxçıvanda yaşayan Memar Əcəmi, Böyük Atabəy Şəmsəddin Eldənizin dəvəti ilə saraya təşrif buyurur, və o, Şeyxül-mühəndis vəzifəsinə təyin edilir. Şəhərin gözəlləşməsi, yeni görkəm alması məqsədi ilə baş planın hazırlanması işi, daha sonra isə Möminə Xatunun ölümündən sonra onun məqbərəsinin tikintisi tapşırılır. "Tarixdə bizi yalnız o incilər yaşadacaqdır. Biz heç birimiz əbədi deyilik, ancaq sənət əbədidir" - söyləyir hökmdar Şəmsəddin Eldəniz.
Bunların nə qədər məsuliyyətli iş olduğunu dərk edən, hər addımında, hər hərəkətində İlahi varlıqdan güc alan Əcəmi, müəllif tərəfindən yalnız memar kimi deyil, yüksək əxlaqa, parlaq zəkaya, fitri qabiliyyətə malik şəxsiyyət kimi vəsf edilir.

Əcəmi obrazındakı bu fövqəlqabiliyyətləri İftixar məqsədyönlü şəkildə mistika vasitəsi ilə təqdim edir. Əcəmi öz sadəliyi ilə əzəmət və qüdrətini nümayiş etdirir. Onun öz işinə məsuliyyəti Nuh Peyğəmbərə xəyali müraciətində xüsusi həssaslıqla rəsm edilib: "Nuh dədəm, hökmdarımızın istədiyi mürəkkəb sistemli gizli keçidlərin hasil olması məni əndişələndirir" - söyləyir. Nuh Peygəmbər isə Əcəmiyə çarpaz sistemdən istifadə edərək mürəkkəb düzərgah qurmağın yolunu izah edir. Bu dialoqda Allahın Əcəmiyə bəxş etdiyi fəhmin qüdrəti və onun tək-tək bəndələrə nəsib olması, eyni zamanda Nuh Peyğəmbərin özünün də qüdrət sahibi olaraq həndəsə elmi vasitəsi ilə, ilk yaradıcı kimi, Gəmi yaradaraq insanları tufandan xilas etməsi fəhminə işarət edilir.

Əgər əsər mistik olmasaydı, oradakı hadisələri, səhnələri həll etmək mümkün olmazdı, çünki pyesdə baş verənlər tarixdən götürülmüş olsalar belə, əsas dramatizm müəllif təxəyyülünün məhsuludur.

Pyesi oxuduqda məndə elə təəssürat yaranırdı ki, sanki İftixar doqquz əsr geriyə dönərək, Əcəmi mühitinə səfər etmiş, hadisələrin canlı şahidi olaraq bütün olmuşları həssas tərzdə, dəqiq konturlarla yazıya köçürmüşdür. Memar Əcəmi, Şəmsəddin Eldəniz, Möminə xatun, Fulana xatun, Afitab, Cahan Pəhləvan, Arslan şah, Qızıl Arslan, Nuh Peyğəmbər, Zərdüşt Peyğəmbər, Şeyx Nizami Gəncəvi, Ərçinar və digər obrazların dialoqlarını, sultanlıqda baş verən hadisələri yazmaq müəllif təfəkküründən, gələn istedad, peşəkarlıq tələb edir və heç şübhəsiz ki, İftixar, belə çətin işin öhdəsindən mistik detallar, vasitələr və keçidlərlə gələ bilir. Böyük Atabəy Şəmsəddin Eldənizin xanımı, məsləkdaşı, ümumiləşdirilmiş Azərbaycan qadınını, Azərbaycan anasını simvolizə edən nəcabət, sədaqət, iman rəmzi olan Möminə Xatun obrazı isə müəllif tərəfindən xüsusi sevgi ilə yaradılmışdır.

İftixar əsərdə müəllif ideyasının mahiyyətinə uyğun mistik detalların, vasitələrin fonunda keçidlər aşaraq, Əcəmini Allah dərgahında İlahi vəhdətin – vəhdət əl-vücudun idrak rəmzi olaraq rəsm edir. Əcəminin bütün varlığı ilə Allaha imanı, namaz üstə etdiyi dualarda vətəninə, torpağına bağlılığı, çətin məqamlarda Zərdüşt Peyğəmbərin ona bəxş etdiyi müqəddəs “Od”un köməyi ilə şər qüvvələrdən qurtulması və xeyirlə şərin mübarizəsindən qələbə ilə çıxması mistik boyalarla canlandırılır. Müəllif Əcəmini qüdrət və qüvvət sahibi – Yaradana tükənməz sevgi, həyat, insanlıq, məhəbbət, bəşəri duyğular və fəlsəfi düşüncələr ovqtına gətirərək, müxtəlif psixoloji hadisələrin çevrəsində oxucu ilə görüşdürür və bu səhnələrdə Əcəmi öz kamal zirvəsinə, müdriklik mərtəbəsinə yetişir.

Sanki müəllif baş verən hadisələrin içərisinə vararaq, hər obrazı öz dili ilə danışdırır. Böyük tarixi hadisələrin, baş verən əzəmətli dönüşlərin təsvir arealı bədii təxəyyülün işığı ilə nümayiş olunur. Pyesdə söz sənətinin qüdrət zirvəsi Nizami Gəncəvi dünyası da obraz olaraq incə məqamlarla Əcəmi dünyası ilə qovuşur. İftixar Əcəminin qızı Afitabın dili ilə Şeyx Nizami Gəncəvinin “Sirlər xəzinəsi” adlıbir incisinin hökmdar sarayına gətirilməsini xüsusi vurğulayır. Bu xəbəri eşidən Əcəmi Nizami haqqında: "Həyatımda ən çox görmək eşqində olduğum insan... Nizaminin inciləri ələ düşmür. Nizami bütün zəmanələrin şairlərinin fövqündə bərqərar olan söz fatehidir" söyləyir. O dövr tədqiqatçılarının qənaətinə görə, belə məntiq hasil olur ki, Əcəminin yaratdığı abidələrin nəzəri mahiyyətində Nizami fəlsəfəsinin fövqəladə təsiri olmuşdur.

İftixar əsərin epiloqunda Əcəmi sənətindəki hikməti və nəhəngliyin səbəbini Nizaminin dili ilə Əcəminin sadəliyinin qüdrətində görür: "Cahanın dörd tərəfində adın şərəflə çəkilir, əsərlərin öz füsünkarlığı, cazibəsi, sənət ecazı ilə dillərdə dastandır. Sən bunu sadəcə, öz sadə bacarığın kimi qəbul edirsən. Əslində isə sən dahisən! Bunu göylər də isbat edər!" söyləyir.

Əcəminin Tanrıdan güc alan fəhm və fərasətinin sənətkar ecazı və Allah eşqi ilə daşlarda yaratdığı füsünkar möcüzə və “insanlığın təntənəsi” adlandırılan "Möminə xatun məqbərəsi" və digər memarlıq incilərinin inşasından sonra Azərbaycanın şöhrəti, Naxçıvanın səs-sədası bir sıra ölkələrə yayılır və hər kəs bu abidələri görmək üçün Naxçıvana səyahət edir. Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan "Möminə Xatun məqbərəsi" bu gün də Naxçıvan şəhər mədəniyyəti tarixinin əzəmətini əks etdirir və Naxçıvanın müasir memarlığına əsrlərin yaddaşından süzülən mənəvi güc, qüdrət və qüvvət təlqin edir.

Mən İftixarın "Memar Əcəmi" pyesindəki o dövrə aid torpaqlarımız uğrunda aparılan qəhrəmanlıq hadisələri ilə, Azərbaycanın Vətən müharibəsi uğrunda vuruşaraq zəfər qazanması arasında müəyyən bağlılıqlar duydum. O dövrün müharibələrində qazanılan qələbələrlə, Qarabağ müharibəsində əsgərlərimizin qazandığı zəfər, müzəffər ordumuzun əldə etdiyi qələbə bənzərliyi pyesdə aydın şəkildə görünür. Naxçıvanın xüsusi təyinatlılarının da daxil olduğu ordumuzun göstərdiyi şücaət sayəsində əldə olunan zəfər Azərbaycanın dünya hərb tarixində misilsiz qəhrəmanlıq səhifəsi kimi əbədi yaşayacaq. Müəllifin söylədiyi kimi, "Tarix sənətin əbədiyyətində daha canlıdır".

Ümidvarıq ki, İftixarın “Memar Əcəmi” mistik tarixi dramı Azərbaycan teatr səhnəsində öz mötəbər zirvəsini tapacaqdır.

Nərminə Ağayeva
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent.
“Qızıl qələm” mükafatı laureatı

Bütün xəbərlər Facebook səhifəmizdə