Koronavirusa təkrar yoluxma ilə bağlı XƏBƏRDARLIQ

Adil Allahverdiyev: “Azərbaycanda koronavirusla bağlı mütləq sərt tədbirlərə əl atmalıyıq”

Nazirlər Kabineti yanında Operativ Qərargahın dekabrın 2-də keçirilən brifinqində Vəli Axundov adına Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev bildirib ki, ötən ilin sonundan Çində ortaya çıxan yeni növ koronavirus bütün dünyada yayılaraq pandemiyaya çevrildi: “Bu gün artıq bu virus dünyanın bütün ölkələrini əhatə edir”.

Professor onu da vurğulayıb ki, artıq yoluxma getdikcə artmaqdadır və bunun qaşısını almaq üçün ciddi qərarların qəbuluna ehtiyac var: “Xüsusilə də insanların bir yerə toplaşmaması üçün çalışmaq lazımdır. Nə qədər sərt tədbirlər görsək, nəticə əldə ediləcək. Azərbaycanda mütləq sərt tədbirlərə əl atmalıyıq. Bu olmazsa, xəstəxanalarda yer qalmayacaq. Türkiyə kimi səhiyyəsi güclü ölkədə artıq xəstələri yerləşdirməyə yer tapılmır. Sərt tədbirlər tətbiq edilmədən Azərbaycanda da nəticə belə olacaq. Sərt tədbirlər tətbiq ediləndən sonra virusu kontrol altına almaq lazımdır”.

A.Allahverdiyevin sözlərinə görə, virus yenidir və müalicəsi üçün lazım olan dərmanlar da azdır: “Hələlik, COVID-19-a qarşı spesifik dərman preparatı yoxdur. Ən qısa zamanda dünyanın müxtəlif laboratoriyalarında vaksin hazırlıqlarına başlanıldı. Hazırda 11 vaksin üzrə işlər gedir, amma dövriyyəyə buraxılan vaksin yoxdur. Vaksin olsa belə, onların effektivliyi də şübhə altındadır. Koronavirusa yoluxmuş şəxslərdə anticismlər dörd-beş ay olur və şəxs yenidən yoluxa bilər».

Direktor bildirib ki, koronavirusa yoluxmadan qorunmaq üçün insanlar gigiyenik qaydalara riayət etməlidir.

Mütəxəssis: “Yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejiminə keçmək lazımdır”

“Hazırda koronavirusla bağlı epidemik durum kritikdir. Gündəlik yoluxmanın 4000 üzərində olması yüksək göstəricidir. Tədbirlər görülməsə, bu göstərici gündəlik 5000-dən çox olacaq. Yoluxmanın əsas səbəbi əhalinin profilaktik tədbirlərə tam riayət etməməsi, maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaması, eyni zamanda, havaların soyuması ilə əlaqədar virusun virulentlik və patogenliyinin artması nəticəsində daha çox yayılmasıdır. Havalar soyuduqca insanlar qapalı məkanlara daha çox üz tutur. Qapalı məkanlar da virusun daha tez yayılmasına gətirib çıxarır”.

Bunu infeksionist Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı Vüqar Cavadzadə deyərək vurğulayıb ki, hazırda xəstəlik iyun-iyul aylarına nisbətən yüngül keçir: “Yay aylarında ağır, stasionar müalicəyə ehtiyacı olan xəstələrin sayı daha çox idi. Amma indi yoluxma halı çox olsa da, ağır xəstələrin sayı yaya nisbətən azdır. Bunu klinik olaraq gündəlik xəstələr arasında görürük. Hazırda xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü biruzə verir. Fərqli bir xüsusiyyət yoxdur. Xəstələrdə, əsasən, hərarətin olması, quru öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi, bəzi xəstələrdə ishalın olması - bu kimi əlamətlər daha çox özünü göstərir. Yəni bu əlamətləri daha çox müşahidə edirik».

V.Cavadzadə qeyd edib ki, koronavirusun ürəkdə müəyyən problemlər yaratması ilə bağlı fikirlər doğrudur: «Koronaviruslu xəstələrlə işlədiyim müddətdə xüsusən yaşlı insanlarda ürəkdə problemləri şəxsən müşahidə etmişəm. Bu xəstələrdə daha çox perikardit əlamətləri olub, bu, perikard boşluğunda mayenin miqdarının artmasıdır. Bundan başqa ikincili intoksikasiya fonunda yarana bilən və ya ağciyər fəaliyyətinin pozulması nəticəsində olan problemləri müşahidə edirik”.

İnfeksionistin sözlərinə görə, hazırda gündəlik 4000 yoluxma ancaq test aparılanlarda üzə çıxan rəqəmdir: “Lakin evdə olan, test olunmayan xəstələr də var. Demək olar ki, yoluxma daha çoxdur. Fikrimcə, yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejiminə keçmək lazımdır. Hesab edirəm ki, yoluxmalar daha çox ictimai nəqliyyatda olur. Nəqliyyatda insanların sayı həddən artıq çoxdur. Bu da yoluxmanın sürətlə yayılmasına səbəb olur. Sərt karantinə getmək lazımdır ki, xəstəliyin sayı daha da artmasın”.

Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir

Sözsüz ki, hər bir mənfi halın baş verməsinin səbəbi məsuliyyətsizlikdən irəli gəlir. Mütəxəssislərin sözlərinə görə, virus yoluxmanın səbəbi də vətəndaşlarımızın məsuliyyətsizliyndən irəli gəlir. Dövlət başçısı yaranmış bu rejimin nə vaxta kimi davam edəcəyinin məlum olmadığını deməklə, onu da bildirib ki, virusa yoluxmanın səbəbi insanların məsuliyyətsizliyidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Birninci xanım Mehriban Əliyeva bütün görüş və çıxışlarında insanları məsuliyyətli olmağa, karantin rejiminin qaydalarına əməl etməyə çağırışları edib. Dövlət başçısı bildirib ki, xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir: «Ona görə indiki rejim nə qədər davam edəcək və bu rejim daha da sərtləşəcək, yoxsa yumşalacaq, yaxın gələcəkdə biz bunu görəcəyik. Yenə də demək istəyirəm ki, ilk gündən bu günə qədər burada dövlət tərəfindən bütün lazımi addımlar atılıbdır. Xəstəliyin yayılmasının başlıca səbəbi bəzi insanların məsuliyyətsizliyidir. Onlar sadə qaydaları gözləmirlər, bunlara əməl etmirlər. Ona görə biz məcbur olub cərimələri artırdıq. Bəzi hallarda karantin rejimini pozanlara qarşı sərt addımlar atmağa məcbur oluruq. Ancaq onlar da öz məsuliyyətini dərk etməlidirlər. Bütün qaydalar insanların, o cümlədən karantin rejimini pozanların sağlamlığının qorunmasına hesablanıb. Amma biz görürük ki, insanlar bu rejimi nümayişkaranə pozurlar. Dünən məşhur bir oteldə baş verən o biabırçı hadisə dözülməzdir. Ona görə, əlbəttə, Azərbaycan polisi düz edərək müdaxilə edib. Polis orqanlarına mənim tərəfimdən çox ciddi göstəriş verilibdir ki, bütün pozuntulara adekvat reaksiya verilməlidir. Heç kim qanundan üstün deyil - istər yerli, istər xarici şirkət, istər yerli vətəndaş, istər xarici vətəndaş olsun, fərq etmir, biz xalqımızı qorumalıyıq, biz xalqımızın sağlamlığını qorumalıyıq. Eyni zamanda, mövcud qanunlar və karantin rejimi ilə bağlı tətbiq edilən qaydalar hər kəs üçün əsas olmalıdır. Ona görə biz bundan sonra da bu istiqamətdə addımlarımızı atacağıq. Əgər o qaydaları pozan insanlar daha məsuliyyətli olarlarsa və nizam-intizama riayət edərlərsə, hesab edirəm ki, biz pandemiyanı nəzarətdə saxlaya biləcəyik”.

Bir sözlə, vətəndaşlarımız məsuliyyətli olmalı, qoruyucu vasitələrdən istifadə etməlidirlər. Lazım olmayan vaxtlarda insanlar çölə çıxmalı deyillər. Vətəndaşlarımız zəruri olmadığı hallarda insanların çox toplaşdığı yerlərdə olmasınlar. Mütəxəssislərin dediyi kimi, insanlarımız sosial məsafəni qoruyaraq izolyasiya qaydalarına riayət etməlidir. Operativ Qərargahın tövsiyələrinə əməl etsək, gündəlik gigiyena qaydalarına riayət etsək, düzgün qidalansaq virusun sonradan geri qayıtmasının qarşısını ala bilərik.

Akif Qurbanov: “Qorunma tədbirlərindən başqa çarəmiz yoxdur”

“Bu gün koronavirusa yoluxma sayının nəzarətə götürülməsi üçün əlavə tədbirlərə ehtiyac var”,- deyən Azərbaycan Tibb Universitetinin professoru Akif Qurbanov bildirib ki, pandemiya başlayandan indiyə qədər dövlət səviyyəsində ən yüksək tədbirlər görülməkdədir: “Tez zamanda modul tipli xəstəxanalar istifadəyə verildi, ölkəyə yeni preparatlar gətirildi, bütün həkimlər səfərbər edildi, xarici mütəxəssislər cəlb olundu. Bunlar görülən tədbirlərin ancaq bir hissəsidir. Hazırda dünyada yoluxma sayı 60 milyonu keçib. Bu gün bütün dünya xəstəliyə qarşı müxtəlif tədbirlər həyata keçirir. Ancaq yenə də pandemiyanın yayılması səngimək bilmir. Bu gün sadəcə, qorunma tədbirlərindən başqa çarəmiz yoxdur. Hazırda xəstəliyə qarşı əlimizdə vaksin, preparat yoxdur. Qorunma tədbirlərinə düzgün əməl etməliyik. Maskadan düzgün istifadə etməliyik. Maska tənəffüs yollarını bağlamalıdır. Lüzum olmadan yaxınlaşmaq, təmas lazım deyil. Əllərin tez-tez yuyulması çox vacibdir».

Professor, həmçinin bildirib: "Təəssüf ki, vətəndaşlarımız xəstəlik haqqında kifayət qədər məlumata malik deyillər. Belə ki, bir şəxs özündə soyuqlama, xəstələnmə halı hiss edən kimi dərhal xəstəxanaya müraciət edir. O, öz istəyi ilə kompüter tomoqrafiyası və rentgen müayinələrindən keçir və nəticədə ağciyərlərinin təmiz olduğu müəyyənləşir. Həmin şəxs arxayınlaşır ki, ağciyərlərində problem yoxdursa, demək ki, tam sağlamdır. Hamı bilməlidir ki, koronavirusun fəsadlaşması nəticəsində ağciyərlərdə dəyişikliyə, pnevmoniyaya səbəb olur. Xəstəliyin əvvəllərində, ortasında, bəzən sonuna qədər ağciyərdə heç bir dəyişiklik görməyə bilərik. Bəzən hətta həkimlər düzgün olmayan istiqamətləndirmə aparırlar. İnsanların qızdırması olan kimi onları kompüter tomoqrafiyası və ya rentgen müayinəsindən keçməsini məsləhət görürlər. Nəticədə xəstə COVID-19-la xəstələnsə də, ağciyərlərində heç nə olmamasına görə arxayınlaşır. Hamı bilməlidir ki, koronavirusun diaqnozunda kompüter tomoqrafiyası və rentgen müayinələri köməkçi üsullardır, xəstəliyin deyil, fəsadlaşmaların diaqnozu üçündür. Xəstəliyin diaqnozu üçün PZR testinə ehtiyac var. Bu testi xəstə təcili və təxirəsalınmaz tibbi yardım xidmətini çağırdıqda onlar da götürürlər. Bununla yanaşı, virusa yoluxma şübhəsi olanlar müraciət edib testdən keçə bilərlər. Əgər testin cavabı müsbətdirsə, xəstəlik təsdiq olunur. Bundan sonra həmin şəxs evdə özünü təcrid etməli, iş yerinə məlumat verməli və işə getməməlidir. Əksər hallarda bu xəstəlik ya simptomsuz keçir, ya da yüngül soyuqdəymə halları ilə müşayiət olunur. Bu zaman da mütləq özünütəcrid qaydalarına əməl etmək lazımdır”.

Bir sözlə, vətəndaşlarımız məsuliyyətli olmalı, karantin rejiminin qaydalarına əməl etməli, xüsuilə də çox sadə qoruyucu metodlardan istifadə etməlidir - məsafə saxlamalıdır, maska taxmalıdır, dezinfeksiya vasitələrindən istifadə etməlidir.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə