Vizanın ləğvi Azərbaycan-Türkiyə əlaqələrinin sarsılmazlığından xəbər verir

Azərbaycan Prezidenti İlham Əliyev: "Türkiyə dünya miqyasında Azərbaycana ən böyük dəstək verən ölkədir. Buna görə bir daha təşəkkürümü bildirirəm"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan: "Biz Azərbaycanın uğurları ilə fəxr edirik. Bundan sonra bu uğurlara yeni nailiyyətlərin əlavə olunacağına da heç bir şübhəmiz yoxdur"

Azərbaycan–Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanır. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərləri, səfərlər çərçivəsində səsləndirdiyi fikirlər və imzalanan çox sayda sənədlər bir daha dünyaya nümayiş etdirir ki, Azərbaycan-Türkiyə qardaşlığı sarsılmazdır və böyük geosiyasi və geoiqtisadi potensiala malik bu iki ölkənin strateji əməkdaşlığı regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə, habelə bölgədə iqtisadi inkişafın daha da gücləndirilməsinə yönəlmişdir. Yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan–Türkiyə münasibətləri daim güclənir. Eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması Azərbaycan və Türkiyə xalqları arasında əlaqələrin daim inkişaf etməsinə şərait yaradır. Bu gün Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji layihələr fəaliyyət göstərir. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri və Bakı-Tbilisi-Qars dəmir yolunun reallığa çevrilməsi hazırda bu iki qardaş xalq arasındakı əlaqələrin möhkəmliyini daha da artırmaqdadır. Ən əsası, Azərbaycan-Türkiyə əlaqələri bütün türk dünyası üçün də mühüm rol oynayır və türkdilli dövlətlər arasında münasibətlərin inkişafına da güclü təsir göstərir. Hazırda siyasi müstəvidə ölkələrimiz arasında yüksək səviyyədə münasibətlər formalaşır, iqtisadi sahədə əlaqələrin daha da gücləndirilməsinə dair mühüm addımlar atılır. Azərbaycan və Türkiyənin mövcud potensialı iqtisadi sahədə əlaqələrin, xüsusən də qarşılıqlı ticarət dövriyyəsinin həcminin xeyli dərəcədə artırılmasına imkan verir.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Bu baxımdan, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son səfəri çərçivəsində səsləndirilən bəyanatların və imzalanan sənədlərin iki ölkə arasında əlaqələrin daha da dərinləşməsinə şərait yaradacağı, həmçinin regional inkişafın, eləcə də təhlükəsizliyin təmin olunması baxımından əhəmiyyətli olacağı gözlənilir.

Türkiyəyə şəxsiyyət vəsiqəsi ilə gedib-gəlmək mümkün olacaq

Bunu Xarici İşlər nazirinin müavini Xələf Xələfov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Türkiyə Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən "Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri" adlı vebinarda deyib. O bildirib ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər elə bir səviyyədədir ki, iki ölkə arasında viza rejimi olmamalıdır. Nazir müavini bildirib ki, iki ölkə arasında gediş-gəlişin asanlaşdırılması üçün müxtəlif üsullar var və müəyyən tədbirlərin görülməsi tələb olunur. "Türkiyə artıq şəxsiyyət vəsiqəsi ilə səfərləri bəzi ölkələrlə həyata keçirir. Niyə bu, Azərbaycanla da olmasın?", - Xələf Xələfov deyib. Nazir müavini qeyd edib ki, Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə səfəri zamanı XİN başçısı Mövlud Çavuşoğlu ilə görüşdə müvafiq məsələ müzakirə olunub: "İşçi qrupları səviyyəsində təmaslar quruldu. Texniki baxımından bu məsələnin həyata keçirilməsi üçün sənədləşdirmə işləri aparılır. İnanıram ki, yaxın zamanlarda bu məsələnin praktiki həllinə nail olacağıq. Çünki bunun üçün heç bir maneə və məhdudiyyət yoxdur". X.Xələfov onu da vurğulayıb ki, Türkiyə ilə əlaqələrin daha da möhkəmləndirilməsi rəsmi Bakının xarici siyasətinin əsas istiqamətini təşkil edir.Nazir müavini, həmçinin bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri üçüncü dövlətlərə qarşı yönəlməyib.

Göründüyü kimi, dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri bu gün bütün dünyaya örnəkdir. Dünyada bir-birinin dövlət müstəqilliyini Azərbaycan və Türkiyə qədər dəstəkləyən, həmrəylik göstərən başqa bir nümunə tapmaq çətindir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik olması hər iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan-Türkiyə arasındakı münasibətlər, siyasi, iqtisadi, enerji, nəqliyyat, ticarət, humanitar, regional təhlükəsizlik, hərbi və digər sahələrdə əməkdaşlıq bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən düzgün, məqsədyönlü siyasətin məntiqi nəticəsi olaraq keyfiyyətcə yeni müstəviyə keçməkdədir.

Azərbaycan və Türkiyə arasında əlaqələrin inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. Eyni zamanda türk dünyasının daha sıx şəkildə bir araya gəlməsini bu gün şərtləndirən ən mühüm amillərdən biri də məhz Azərbaycan və Türkiyənin münasibətlərinin inkişafından keçir. Ölkə başçısı İlham Əliyevin dediyi kimi: "Türkiyə-Azərbaycan əlaqələri, eyni zamanda, bütün türk dünyası üçün də mühüm rol oynayır. Biz türk dünyasının birləşməsi, türkdilli dövlətlər arasında əlaqələrin inkişafı üçün birgə səylər göstəririk".

Bu gün artıq viza tələbinin tamamilə ləğv edilməsi ilə bağlı atılacaq addımlar məhz Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səyləri ilə uğurla inkişaf edən qardaşlıq və dostluq münasibətlərinin məntiqi nəticəsidir. Ulu Öndər Heydər Əliyevin "bir millət, iki dövlət" olaraq xarakterizə etdiyi ölkələrimiz arasında əldə olunan yeni razılışmalar, imzalanan müqavilələr bir daha xalqlarımız arasındakı dostluq, qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsindən, onun sarsılmazlığından xəbər verir.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə