“Xınalıq” UNESKO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib

Dövlət Turizm Agentliyinin (DTA) tabeliyində olan “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu UNESKO-nun Dünya İrs Komitəsinin İlkin Siyahısına daxil edilib. Bu barədə SİA-ya DTA-dan məlumat verilib.

Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün İlkin Siyahıya salınması məqsədilə uyğun sənədləri Dünya İrs Komitəsinə təqdim edib.

UNESKO-nun Azərbaycan üzrə Milli Komissiyası və Azərbaycan Respublikasının UNESKO yanında Daimi Nümayəndəliyinin vasitəçiliyi ilə təşkilata təqdim olunan sənəddə “Xınalıq” qoruğu Dünya İrs Komitəsinin irəli sürdüyü ümumdünya meyarları əsasında qiymətləndirilib, əsaslandırmalar və qoruğun Dünya İrs Siyahısına salınmasını təsbit edən məlumatlar əksini tapıb.

Qoruqları İdarəetmə Mərkəzi, həmçinin bir ildən sonra qoruğun Dünya İrs Siyahısına namizədliyi üçün nominasiya prosesinə başlamağı planlaşdırır.

Məlumat üçün qeyd edək ki, UNESKO-nun Dünya İrs Komitəsi tərəfindən təyin olunmuş qaydalarına uyğun olaraq, istənilən tarixi-mədəni abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirmək üçün həmin abidənin mütləq şəkildə ən azı bir il öncədən İlkin Siyahıya salınması tələb olunur. İlkin Siyahı hər bir üzv dövlətin Dünya İrs Siyahısına namizədliyini irəli sürmək üçün nəzərdən keçirmək istədiyi abidələrin siyahısıdır. Bu siyahı Dünya İrs Mərkəzi tərəfindən təşkilatın rəsmi internet səhifəsində və uyğun iş sənədlərində dərc olunur.

Qaydaya əsasən, Dünya İrs Komitəsi öncə dövlətin İlkin Siyahısına daxil edilməyən abidənin Dünya İrs Siyahısına namizədliyini nəzərdən keçirə bilməz.

Bütün xəbərlər Facebook səhifəmizdə