Azərbaycan pandemiya ilə mübarizə aparan ölkələr arasında birincilərdəndir

"Çox böyük təəssüf hissi ilə qeyd etmək istərdim ki, müasir dünyamız obyektiv və subyektiv səbəblərdən çoxsaylı təbii və qeyri-təbii fəlakətlər, münaqişələr, miqyası və nəticələri ölçüyə gəlməyəcək təhlükələrlə üzləşir. Təbii ki, bu təhlükələrin ən böyük zərbəsini və ağır nəticələrini məhz insanlar yaşayır". Bu fikirləri SİA-ya aciqlamasinda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının baş məsləhətçisi Kubra Əliyarlı deyib.

Onun sözlərinə görə, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının və digər sahələrin üzləşdiyi problemlər bir başa insan amilinə təsir edir. Nəticədə yenə zərərçəkən, ağır vəziyyətlərlə üz-üzə qalan bəşər insanı olur: "Ancaq ən dəhşətli mənzərə isə onda yaranır ki, baş verən təhlükələr birbaşa insanlarn sağlamlığına ağır zərbələr vursun, onun təhlükəsizliyini təhdid altına alsın. Bu cür insan amilinə təsiri ilə yaddaqalan, həyatımızın müxtəlif illərində rast gəlinən dəhşətli problemlərin bəzilərinin mənəvi, psixoloji mənfi nəticələri hələ də özünü göstərməkdədir. Ümumiyyətlə, insan yarandığı gündən, Allahın onu xəlq etdiyi vaxtdan daim ciddi sınaqlarla üzləşir, müxtəlif təhlükələrin fonunda ölüm-qalım savaşı verir, qətiyyətli mübarizələri ilə yadda qalır. Təbii ki, insanların, iradəsindən, qətiyyətindən, məsuliyyətindən, sağlamlıq imkanlarından asılı olaraq ölüm-qalım savaşı ya insan övladının xeyrinə, ya da çox təəssüflər olsun ki, ziyanına yekunlaşır. Müxtəlif dövrlər üçün eşitdiyim, oxuduğum və əldə etdiyim məlumatlara əsasən çoxsaylı virusların yol açdığı, insan həyatına ciddi və qarşısıalınmaz xətərlər toxunduran xəstəliklər ortaya çıxıb. Maraqlıdır ki, dövrünün alimləri, tibb işçiləri, hətta siyasi şəxsiyyətlərinin belə araşdırmaları və açıqlamaları bu qəbildən olan xəstəliklərin tam mənbəyini, yaranma səbəblərini ətraflı və dolğun informasiyalarla ya əldə etmək mümkün olmur, ya da bu barədə insanlara məlumatlar az sayda ötürülür. Hətta bəzi araşdırmalar hər yüz ildən bir müxtəlif yoluxucu virus xəstəliyinin peyd olaraq yüz minlərlə insanın həyatı ilə vidalaşmağa səbəb olduğunu deyir".

Təəssüflər olsun ki, 2019-cu ilin sonlarından başlayaraq dünya daha bir belə ağır xəstəliklə, virus infeksiyası ilə üz-üzə gəlməli oldu. Heç bir ölkənin, heç bir kəsin gözləmədiyi anda meydana gələn, qəfil, çağırılmamış qonaq missiyasında olan bu virus qısa bir vaxt ərzində sərhədləri aşaraq bütün dünyanı cənginə aldı. K.Əliyarlı "sanki dünya və bu dünyanın sakinləri gözlənilmədən, bir andaca ən ağır, qatı burulğanın içərisinə yuvarlandı", deyərək bildirib ki, hər kəsin təəccübü, təəssüfü bir anlıq daha da böyüyüərək ölüm qorxusu ilə əvəzləndi. Bəlkə də ölümün bu qədər yaxın və ani olacağını heç bir kəs təsəvvür belə etməzdi. Ancaq bu virus bu təsəvvürsüzlüyü tamamilə aradan qaldıraraq, insanları buna alışdırdı. Bu xəstələklə baş-başa buraxdı: "Dünyanın ən inkişaf etmiş ölkələrindən biri, əhali sayına görə lider dövləti olan Çində meydana gəlməsi isə məsələyə xüsusi maraqlı aspektlədən yanaşmağı tələb etdi. Niyə məhz Çin?! Həqiqətənmi bu virusa səbəb oradakı hansısa bir kəsin yarasa ətini yeməsi olub?! Çinin Uhan şəhərində ilk dəfə meydana gələn, öz fərqli adı və imici ilə dünyada haqqında bəhs edilməyi bacaran, artıq aylarladır gündəmi zəbt edən bu "koronavirus"un bu növünə "Covid-19" adı verildi. Bütün xəstəliklərin, virusların ən qısa müddətdə və daha intensiv yayılmasına səbəb olan hava-damcı yolu ilə yoluxma ehtimalı isə xəstəliyin yayılma arealını daha da dəhşətli etdi. Bir andaca bütün dünya bu virusun cənginə düşdü. İnkişafetmə səviyyəsindən asılı olmayaraq Amerika Birləşmiş Ştatları, ən inkişaf etmiş Avropa dövlətləri, digər ölkələr bu virusla mübarizəyə bütün güclərini vermələrinə baxamayaraq məğlub oldular. Belə ki, virus milyonlarla insanın yoluxmasına, yüz minlərlə insanın ölümünə səbəb oldu və hələ də səbəb olmağa davam edir".

Ümumdünya Səhiyyə Təşkilatı və dünya dövlətləri düşdükləri bu çətin və ağır vəziyyətdən çıxmaq haqqında ciddi-ciddi düşünməyə, müxtəlif çarələr tapmağa çalışdılar. Bütün ölkələr öz sərhəd qapılarını bağlamaqla digər ölkələr və millətlərlə əlaqələrini kəsməyə qərar verdi. Çünki virus insandan-insana yayılmaqla bütün sərhədləri aşmağa başlamış, bununla da insan həyatına daha da dəhşətli itkilərin olacağını şübhəsiz etmişdir. Sosial izolyasiya tədbirləri, özünütəcrid isə bu mübarizədə ən optimal variantlardan biri hesab olunurdu. Müxtəlif qoruyucu tibbi vasitələrdən istifadə etməklə və dezinfeksiyaedici məhsullardan istifadə etməklə sosial məsafəni qorumağa başladılar. Gördülər ki, bu da olmur, virus artıq gözəgörünməz kabus kimi bütün insanların qəsdinə duracaq, hər kəsi öz evinə "həbs" etməyə məcbur oldular. "Evdə qal. Sağlam qal" şüarı bir andaca bütün dünyanın səsləndirdiyi qurtuluşa gedən yolda ən əhəmiyyətli maarifləndirici şüar oldu. Lakin görülən bütün önləyici tədbirlərə baxmayara virus öz işində idi.

K.Əliyarlı fikrinə davam edərək diqqətə catdıdı ki, xəstəlik haqqında - onun mənbəyi, inkişafı, yayılması, statistikası, müxtəlif dünya dövlətlərinin reaksiyaları, vaxtından tez və ya gec tədbirlər görməyə başlayan ölkələrin acı və çox acı taleləri, virusun iqtisadiyyata, sənayeyə, neft sektoruna və s. vurduğu zərbələrdən danışmaqla bitməz: "Əsasən ahıl insanların ölümünə səbəb olması, uşaqların və gənc insanların daşıyıcı olmasına baxmayaraq immunitet yüksəkliyi səbəbindən ölüm səviyyəsinin nəzərəçarpacaq qədər aşağı səviyyəsində olması, ümumiyyətlə heyvanların ölümünə səbəb olmaması və s. haqqında çox danışmaq olar. Sözsüz ki, tarixin ağır sınaqlarından, ciddi təcrübələrindən çıxmış, miqyasa gəlməyəcək kəşflərə, ixtiralara imza atmış və atmaqda davam edən insan övladının bir virus qarşısında aciz qalacağını heç kəs təsəvvür etməzdi. Lakin sevindirici haldır ki, Azərbaycan dövləti "Covid-19" koronavirus pandemiyasına qarşı dərhal və təxirəsalınmaz mübarizə aparan və müvafiq tədbirlər görən ölkələr içərisində ən biricilərdəndir. Belə ki, virusun yayılmağa başladığı vaxtdan dövlət başçısı Cənab İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə Nazirlər Kabineti yanında Operatov Qərargah yaradıldı. Vəziyyətin tam nəzarətə götürülməsi, təhlil edilməsi, müvafiq araşdırmaların nəticələrinin, mövcud vəziyyətin düzgün analiz edilməsi, adekvat mübarizə tədbirlərinin görülməsi, pandemiyanın nəticələrinin minimuma endirilməsi məqsədilə bütün məsələlər Operativ Qərargah tərəfindən icra olunmağa başlanıldı. Digər tərəfdən pandemiyanın təsir etdiyi bütün digər fəaliyyət sahələri üzrə, səhiyyə, təhsil, nəqliyyat, kənd təsərrüfatı və digər aididyyatı dövlət qurumları operativ qərargahın tapşırıq və tövsiyyələrinə uyğun olaraq paralel və əlaqəli fəaliyyət göstərməyə, müvafiq təhlillər verməyə başladılar. İşlərin sistemli və müvafiq qrafk üzrə aparılması, operativliyin təmin edilməsi cəmiyyət arasında narahatlığa səbəb olmadan daha etibarlı mübarizənin təmin edilməsinə əsaslı inamlar yarandı. Ölkə Prezidenti Cənab İlham Əliyevin uzaqgörən siyasəti və islahatları sayəsində yoluxmanın minimuma endirilməsi, xaricdən yoluxan insanların ölkəmizə keçməsinin qarşısının tam və vaxtında alınması məqsədilə ölkəmizin xarici ölkələrlə bütün dövlət sərhədləri dərhal qapadıldı. Təbii ki, bununla yanaşı, dünyanın dörd bir yerində yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız, soydaşlarımız yaddan çıxarılmadı. Onlarla müvafiq səfirlik və konsulluqlarımız vasitəsilə əlaqə saxlanılaraq onların Vətənimizə qayıtması işləri həyata keçirildi. Xarici ölkələrdən Azərbaycana daxil olan soydaşlarımızın, eləcə də yerli vətəndaşlarımızın virusdan qorunması üçün karatin üçün ayrılmış xüsusi yerlərə yerləşdirilərək hər cür şəraitlə təmin edildilər. Karantin üçün Bakıda Atletlər kəndi adlanan ərazi, müxtəlif guşəli, şəraiti yüksək otellərimiz və s. vətəndaşlarımızın istifadəsinə verildi. Müvafiq karantin qaydalarını başa vuran soydaşlarmız xəstəlik aşkarlanmadığı təqdirdə öz evlərinə, ailələrinin yanına buraxıldı. Xəstəlik aşkar edilən soydaşlarımız isə virusla mübarizə tədbirləri çərçivəsində hazır vəziyyətə gətirilmiş, xüsusi təyinatlı xəstəxanalara, tibb müəssisələrinə yerləşdirildilər. Bütün bunlar dövlətimizin bu istiqamətdə gördüyü işlərin cüzi bir hissəsidir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında" Fərmanına əsasən Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradıldı. İlkin olaraq həmin fonda dövlət büdcəsindən 20 milyon manat ayrildı. Fonda daxil olan vəsaitlərin xərclənməsinə nəzarət üçün fonda Nəzarət Şurası yaradıldı. Bütün bunlarla yanaşı, çoxsaylı sosial izolyasiya tədbirləri həyata keçirilməyə başlanıldı. Təlim-tədris prosesi dayandırıldı. İctimaiyyətin daha çox istifadə etdiyi, kütləvi məkanların – kafe, restoran, çayxana, şadlıq sarayları, mall-lar, ticarət məkanları, gözəllik salonları, bərbərxanalar, idman salonları və s. fəaliyyətləri dayandırıldı. Bir sıra dövlət qurumlarının bəzi rəhbər şəxsləri istisna olmaqla əməkdaşlarının əmək haqları saxlanılmaqla işçilər bir aylıq əmək məzuniyyətinə göndərildilər.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən insanların sosial izolyasiya tədbirlərinə məsuliyyətlə əməl etmələri və ciddi zərurət olmadan evdən çıxmalarının qarşısının alınması məqsədilə ilə "SMS icazə" tətbiq edilməyə başlanıldı. Artıq hər bir vətəndaş gün ərzində ciddi zərurət olarsa, yəni səhiyyə xidmətindən istifadəyə, qida və ya digər gündəlik zəruri tələbatlarını ödəmək və ya yaxınlarının dəfn mərasimində iştirak etmək məqsədilə əvvəlcədən müəyyən edilmiş nömrəyə "sms"göndərərik bir neçə saat ərzində çıxa bilərdi.

Xüsusi qeyd etmək lazımdır ki, qoruyucu geyimlərlə və maskalarla bağlı tələbatın tam ödənilməsi, bu sahədə çatışmazlıqların olmaması səbəbi ilə dövlət başçıs Cənab İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın açılışlarında iştirak etdikləri Sumqayıt Kimya Sənaye Parkında tibbi maska istehsalı müəssisəsi, Sumqayıtda "Gilan Tekstil Park" Məhdud Məsuliyyətli Cəmiyyətinin tibbi maska fabrikinin və tikiş fabrikinin nəzdində fəaliyyət göstərən qoruyucu kombinezonların istehsalı müəssisəsi istifadəyə verildi. Prezident Cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq hər birində 200 çarpayı olan altı modul tipli xəstəxananın quraşdırılması məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən 14,8 milyon manat vəsait ayrıldı. Mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışı oldu. Azərbaycan dövləti Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ilə qlobal səviyyədə mübarizə tədbirləri çərçivəsində görülən işlərə dəstək vermək məqsədilə ümumilikdə 10 milyon dollar məbləğində vəsait ayırdı. Təşkilatın baş direktoru ölkə Prezidentinə məktub ünvanlayaraq pandemiya ilə mübarizə tədbirləri çərçivəsində görülən işlərə, verdiyi dəstəyə görə təşəkkürünü bildirib və ölkəmizin sistemi fəaliyyətini yüksək qiymətləndirib. Həmçinin dövlətimiz pandemiya dövründə aidiyyatı beynəlxalq təşkilatlar və dünya dövlətləri ilə əlaqəli şəkildə birgə fəaliyyət göstərərək qarşılıqlı təcrübə mübadilələrinin aparılmasında maraqlı oldu. Təbii ki, bu siyasi startegiyanın müsbət nəticələri özünü göstərməkdədir. Hazırda statistik nəticələrə və bu nəticələrin dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisəli təhlilinə nəzər salsaq görülən işlərin və atılan addımların əhəmiyyəti barədə sevindirici qənaətə gələ bilərik.

Sonda vurğulamaq istərdim ki, dövlətin ayrı-ayrı qurumları, Heydər Əliyev Fondu, müxtəlif özəl təşkilatlar, ictimai birliklər, fərdi xeyriyyəçi şəxslər və s. tərəfindən aztəminatlı, ahıl insanlara ərzaq, tibbi qoruyucu məhsullardan ibarət çoxsaylı yardımlar paylanıldı. Bu ağır günlərdə də xalqımız öz birliyini, həmrəyliyini bir daha nümayiş etdirmiş oldu. Ümid edirəm ki, ölkəmiz və bütün dünya bu sınaqdan üzüağ çıxacaq, bu təhlükə tamamilə aradan qalxacaq. Dünyamız sülh, əmin-amanlıq, insanlarımız xoşbəxt, firavan və təhlükəsiz günlərinə qayıdacaq"".

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə