Ağdaşda 36 kilometrlik avtomobil yolları yenidən qurulur FOTO

Ağdaş rayonunda cari ildə Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli marşrutu üzrə 36 kilomert uzunluğa malik bir neçə istiqamət üzrə avtomobil yolları əsaslı şəkildə 2 hərəkət zolaqlı olmaqla IV texniki dərəcəyə uyğun yenidən qurulur.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən SİA-ya verilən məlumata görə, qara və çınqıl örtüklü IV texniki dərəcəli Qobuüstü-Yuxarı Nemətabad-Hacılar-Aşağı Nemətabad-Yenikənd-Qəribli avtomobil yolu uzun illər istismar olunmasına baxmayaraq təmir edilmədiyindən yolun torpaq yatağı deformasiyaya uğramış, yol geyimində çökmələr əmələ gəlmiş, istismar üçün yararsız vəziyyətə düşmüş və nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranmışdı. Yolun əsaslı şəkildə təmir olunmasına ehtiyac yarandığı üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb olunmaqla bir müddətdir ki, yenidənqurma işləri başlayıb.

Layihəyə uyğun olaraq marşrut boyu mövcud örtüyün sökülməsi, yararsız yol geyiminin və torpaq yatağının deformasiyaya uğramış hissələrinin qazılaraq kənara daşınması, əvəzinə karxana çınqılı tökülərək kipləşdirilməsi və yeni yol yatağının inşası işləri aparılır. Hazırda yol əsasının alt layının karxana çınqılı, üst layının isə optimal qum-çınqıl qarışığı ilə tikintisi işləri aparılır. Yolboyu yenidənqurma işlərinə qısa müddətdir ki, başlanılmasına baxmayaraq artıq gediş-gəlişdə bundan öncə yaranan problemlər demək olar ki, aradan qaldırılıb. Çünki yolboyu yol əsası hazır olan ərazilərin asfaltlanması işləri də görülür. Yolun 200 min kvadatmetrdən çox sahəsinə 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənəcək.

Bundan başqa avtomobil yolunun müxtəlif hissələrində yerləşən suötürücü borular uzun illər istismar olunduğundan sukeçiricilik qabiliyyəti aşağı düşdüyündən, həmçinin borularda və boru başlıqlarında sınma və çatlama halları yarandığından istismar üçün yararsız vəziyyətə düşüb. Buna görə də yollar boyu köhnə boruların sökülməsi, əvəzinə və zəruri olan yerlərə 321 yerdə müxtəlif diametrli yeni metal və dəmir-beton suötürücü boruların quraşdırılması işləri aparılır, başlıqları dəmir-betonla inşa edilir, həmçinin mövcud 6 metr uzunluğunda suötürücü qurğunun monolit dəmir-betonla təmiri aparılır. Tikinti işlərinin sonuncu mərhələsində 14 avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün yolboyu zəruri yol nişanı və məlumatverici lövhə, kilometr göstəriciləri və siqnal dirəkləri quraşdırılacaq, həmçinin yolcizgi və yolgöstərici xətlər çəkiləcək.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yüksək keyfiyyətlə aparılan yenidənqurma işləri nəticəsində yolboyu yaşayan əhali Ağdaş rayon mərkəzinə, həmçinin M4 Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat çıxış əldə edəcək, yük və sərnişin daşıması asanlaşacaq, yetişdirilən məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradılmaqla kənd təsərrüfatı inkişaf edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...