Azərbaycan xalqının qanlı və şanlı tarixi 20 YANVAR

Ölkələrin və millətlərin tarixində ciddi sınaqlar qarşısında qalması, xalqın milli müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi məqamlar bir xalqın sıx birləşərək azadlıq uğrunda mübarizə əzmini artırır. Azərbaycan tarixinində də müxtəlif mərhələlərində ağır sınaq dövrləri olmuşdur. Qəhrəmanlıqları ilə tarixini yazmış xalqımız öz azadlığı, müstəqilliyi uğrunda canlarından keçərək şəhidllik zirvəsinə ucalmışlar.

Son üç minillik tarixində Azərbaycan xalqı çoxlu bəlalarla, ağrı-acı ilə qarşılaşıb, torpaqlarımız işğala məruz qalıb, daşnak və rus birləşmələrinin əli ilə günahsız insanlar qətlə yetrilib. Ötən əsrin ortalarından başlanan milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı azadlıq mübarizəsində əsas hərəkətverici qüvvəyə
çevrildi.

XX əsrin sonlarında Azərbaycanda müstəqillik uğrunda baş qaldıran milliazadlıq hərəkatı sonrakı mərhələdə müstəqilliyimizin bünövrəsini qoydu. Süqutu ötən əsrin 80-ci illərində sürətlənən sovet imperiyası 70 il SSRİ tərkibində yaşamış xalqların ötən əsrin sonlarında güclənmiş milli azadlıq hərəkatının qarşısını nəyin bahasına olursa-olsun almağa, labüd iflasdan yaxa qurtarmağa çalışırdı. SSRİ adlanan nəhəng dövlətin əsarətdə saxladığı digər xalqlar kimi, Azərbaycan xalqı da tarixi ədaləti, müstəqilliyini bərpa etmək, suveren, azad yaşamaq istəyirdi. Kreml rəhbərliyini də ən çox qorxuya salan elə bu idi. Hətta İttifaq ölkələri sırasında istiqlaliyyəti uğrunda ən güclü mübarizə aparan Azərbaycan xalqı milli azadlıq hərəkatındakı əzmkarlığına, qəhrəmanlığına görə “ilin xalqı” elan edilmişdi.

Təbii sərvətlərlə zəngin olan Azərbaycan kimi bir respublikanı əldən vermək istəməyən sovet hökuməti xalqın istəyinin qarşısını almaq üçün totalitar rejimə məxsus olan plan hazırlayırdı. Bakı özünün ən şaxtalı, soyuqlu günlərindən birini yaşayırdı. Bir tərəfdən şəhərimizin üzərinə yeriyən tanklar, zirehli texnika, onun yaratdığı qorxu, həyəcan, o biri tərəfdən isə azadlıq, istiqlal istəyən xalqın təlatümə gələn arzusu. Hamı meydanlara axışmağa can atır, hər kəs nifrətini, qəzəbini yumruğa çevirib düşmən tankının önünə yerimək istəyir.

Fikirləşirlər ki, bəlkə şəhərimizə qətl məqsədilə gələnlər camaatı əliyalın görüb atəş açmayacaqlar. Amma elə olmadı. Əliyalın insanlara güllə atıldı. Qara Yanvar günü beləcə başladı. İnsanlar şəhid oldu, Bakı özü də şahid şəhərə çevrildi, çünki hər şey gözləri qarşısında baş verirdi. 1990-cı il yanvarın 19-u saat 19:27-də SSRİ DTK-nın ”Alfa” qrupu və respublika DTK-sının rəhbərliyi tərəfindən təşkil edilən əməliyyat nəticəsində respublika televiziyasının enerji bloku partladılmışdı ki, Bakıda fövqəladə vəziyyət elan edilməsi və qoşunun şəhərə girməsi barədə əhaliyə rəsmi məlumat çatdırılmasın. Halbuki, həmin vaxt 26 yerdə piketlər, barrikadalar qurulmuş, şəhərdəki 60 qoşun hissəsindən 34-nün, o cümlədən Salyan kazarmasının giriş-çıxış yolu kəsilmişdi.

Süquta məhkum olmuş sovet rejimi özünün son günlərində bütün mövcudiyyəti ərzində törətmiş olduğu cinayətlər sırasına misli görünməmiş bir faciəni də əlavə etdi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə yeridilən sovet ordusu Ermənistanın respublikamıza qarşı ərazi iddialarının SSRİ rəhbərliyi tərəfindən açıq-aşkar dəstəklənməsinə və Azərbaycanın o zamankı rəhbərliyinin xəyanətkar siyasətinə etiraz əlaməti olaraq ayağa qalxmış xalqımıza vəhşicəsinə divan tutdu. Həmin gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının
suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

20 yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyinin xalqın, mənafeyinə zidd olan siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin, şəxsən Mixail Qorbaçovun apardığı qeyri-obyektiv və qərəzli xətt geniş xalq kütlələrinin qəzəbinə səbəb olmuşdur. Həmin gecə Azərbaycanda günahsız insanların gülləbaran edilməsi əməliyyatı SSRİ Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin təxribat qrupları tərəfindən təşkil olunmuşdu.

Sovet qoşunlarının hərəkətlərində 1945-1946-cı illərdə keçirilmiş və tarixə Nürnberq prosesi kimi düşmüş beynəlxalq tribunalda pislənilən bütün əlamətlər müşahidə edilib. Əməliyyat zamanı hərbçilər tərəfindən insanlar öldürülür, yaşayış evləri atəşə tutulur, təcili yardım maşınları, yol kənarında dayanan avtomobillər tankların altına salınıb əzilir, yaralılara yardım göstərən tibb işçiləri güllələnirdi. Azərbaycanın paytaxtına yeridilən qoşun dəstələrinin tərkibində ermənilər də var idi. Onlar cinayətkar babalarının azərbaycanlılara qarşı törətdikləri 1918-ci il vəhşiliklərini təkrar edirdilər.

Bu qanlı terror aktına – 20 Yanvar faciəsinə ilk dəfə öz etirazını bildirən ümummilli liderimiz Heydər Əliyev olmuşdur. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək
mətbuat konfransı keçirmiş, bu cinayəti pisləmiş, əliyalın əhalinin kütləvi şəkildə qətlə yetirilməsini hüquqa, demokratiyaya və insanlığa zidd aksiya kimi kəskin ittiham etmişdi. Görkəmli dövlət xadimi Bakıda törədilən
qanlı faciənin təşkilatçılarını cinayətkar adlandırmış və aksiyanı törədənlərin məsuliyyətə cəlb edilməsini qətiyyətlə tələb edərək demişdi: “Azərbaycanda baş vermiş hadisələri hüquqa, demokratiyaya, humanizmə və ölkəmizdə elan olunmuş hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm”.

Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm ”Əbədi məşəl” abidə-kompleksi də Heydər Əliyevin təşəbbüsü ilə tikilib. Azərbaycanın azadlığı uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisəsindən 30 il ötür. Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi daim əziz
tutulduğu kimi, Dövlətimizin başçısı cənab İlham Əliyevin verdiyi fərman və sərəncamlara əsasən onların ailə üzvləri, əzizləri də hər zaman dövlət qayğısı ilə əhatə olunub. Eləcə də 20 Yanvar hadisələrində sağlamlığını
itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı hər zaman dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilib. Şəhid ailələrinin pensiya təminatı, mənzil şəraitinin yaxşılaşdırılması, yaşayış səviyyəsinin yüksəldilməsi ilə bağlı mükəmməl qanunvericilik bazası yaradılıb. Bundan başqa, əlillərin reabilitasiyası üçün
respublikada yeni sağlamlıq mərkəzləri inşa olunub. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha da möhkəmləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə