Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu

Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olmuş, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açmış, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmış 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi ölkə həyatının bütün sahələrinin inkişafına təkan vermişdir.

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanaraq qəbul edilmiş bu ümumxalq əhəmiyyətli sənəd – Əsas Qanun dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edən genişmiqyaslı qanunvericilik və institusional islahatların əsası kimi çıxış etmişdir.

Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik-hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmamışdır. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşamışdır. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq, siyasi savatsızlıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinə başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail olur və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır. İctimai-siyasi sabitliyə nail olunması vətəndaşların hüquq və mənafelərinin müdafiəsinə, bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyatın və sahibkarlığın inkişafına, beynəlxalq münasibətlər sisteminə inteqrasiyaya istiqamətlənən, sosial ədalət prinsipinə əsaslanan demokratik-hüquqi dövlət quruculuğuna imkan yaradır.

Məhz Ulu Öndər vətəndaş cəmiyyəti quruculuğu nüanslarına sadiq qalaraq Azərbaycanda vətəndaş cəmiyyəti və hüquqi dövlətin baza prinsiplərini ardıcıllıqla tətbiq etməyə nail oldu. Danılmaz faktdır ki, vətəndaş cəmiyyətinin təməlinin möhkəmlənməsində müstəqil Azərbaycanın Konstitusiyasının qəbulu müstəsna rol oynadı. 1995-ci il Konstitusiyası insan hüquq və azadlıqlarının təminatı, demokratik vətəndaş cəmiyyəti quruculuğunu dövlətin ali məqsədi kimi müəyyən etdi.

Əsas Qanunun qəbul edilməsilə ölkəmiz hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda yeni bir mərhələyə qədəm qoydu. Bu səbəbdən də, Azərbaycanın müasir, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin təşəkkülü, milli-mənəvi dəyərlərə qayıdışı haqlı olaraq Ulu Öndərin adı ilə bağlanılır.

1995-ci ilin noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş konstitusiyamız dünyada nadir qanun toplusundan biridir. Burada demokratik-hüquqi dövlətin bütün prinsipləri - qanunun aliliyi, insan hüquqlarının müdafiəsi, hakimiyyət bölgüsü, konstitusiya nəzarəti prinsipləri təsbit olunub. İnsan haqlarının təmini dövlətin ali məqsədi kimi bəyan edilib. Konstitusiyamızın üçdə bir hissəsi məhz bu məsələyə həsr edilib.

Konstitusiyanın qəbulundan sonra ölkədə aparılan məhkəmə-hüquq islahatı nəticəsində bütün hüquq təchizatlarının fəaliyyətini tənzimləyən yeni mütərəqqi qanunlar qəbul edilib. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində həyata keçirilən hüquqi islahatların və milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması prosesi dövlətin prioriteti kimi qəbul edilib.

Ölkə başçısının dəstəyi ilə yaradılan "ASAN xidmət" mərkəzləri dövlət orqanları tərəfindən xidmətlərin göstərilməsində vətəndaş məmnunluğunu, şəffaflığı təmin edir, korrupsiyanın qarşısını alır. Cənab Prezidentin də dediyi kimi, "vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir".

Ümumiyyətlə, demokratiyanı siyasi sistem formalaşdırır. Onun dayanıqlı olması üçün isə vətəndaş mövqeyi, vətəndaş cəmiyyəti, eləcə də hüquqi dövlətin mövcudluğu zəruridir. Vətəndaş cəmiyyəti insan azadlığı və hüquqlarından xəbərsiz, özünü ifadə etməkdən çəkinən, məqsədlərinə çatmaq naminə neqativ yollara əl atmaqdan çəkinməyən vətəndaşlardan yarana bilməz. Əgər bir vətəndaş öz hüquq və azadlıqlarını bilmirsə, sosial məsuliyyətini dərk etmirsə, hüquqlarını tələb etməkdən vaz keçirsə, onda nə demokratiya, nə də vətəndaş cəmiyyətindən danışmağa dəyər.

Ekspertlərin fikrincə, hüquqi dövlətin formalaşması vətəndaş cəmiyyətinin inkişafı ilə bağlıdır.

Ölkəmizdə insan hüquqlarının və azadlığının müdafiəsi istiqamətində həyata keçirilən dövlət siyasəti ümumilikdə necə şərh olunur?

Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, sivilizasiyanın inkişafının hazırkı mərhələsində dövlətlərin demokratik inkişafı analitik tədqiqat obyektinə və müzakirə predmetinə çevrilən mühüm məsələlərdəndir. Bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması məsələsi də böyük aktuallığa malikdir. O bildirib ki, insan hüquq və azadlıqlarının qorunması, bu istiqamətdə geniş mexanizmlərin formalaşdırılması, qanunun aliliyinin təmin olunması və sosial ədalətin möhkəmləndirilməsi demokratik cəmiyyətlərin mühüm parametrlərindən biridir. Çünki vətəndaş cəmiyyətinin formalaşdırılması, demokratik hüquqi dövlət quruculuğu bilavasitə insan hüquq və azadlıqlarının möhkəm təminatlarının yaradılması problemi ilə bağlıdır. Ölkəmizdə də insan hüquq və azadlıqlarının təmin edilməsi geniş demokratik proseslərin tərkib hissəsi kimi daim dövlətimizin diqqət mərkəzindədir.

Millət vəkilinin sözlərinə görə, insan hüquqlarının müdafiəsi milli dövlətlərin daxili siyasət kursunda mühüm yer tutur: "Dünyada insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı çoxsaylı problemlər mövcuddur. Bir çox ölkələrdə insan hüquqlarının pozulması faktlarına, bu məsələ ilə bağlı bir sıra neqativ hallara rast gəlinir. Bu sahədə Azərbaycan Respublikasının təcrübəsi isə müsbət nümunə kimi çıxış edir. Azərbaycanın insan hüquq və azadlıqlarının təmin olunması sahəsində həyata keçirdiyi siyasət beynəlxalq miqyasda da yüksək qiymətləndirilir".

Azərbaycanın bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkə olduğunu bildirən Hikmət Babaoğlu qeyd edib ki, ölkəmizdə 1993-cü ildən indiyə kimi insan hüquq və azadlıqlarının təmin olunması, vətəndaş cəmiyyətinin formalaşdırılması və daha da təkmilləşdirilməsi istiqamətində çox mühüm addımlar atılıb. "Çoxsaylı beynəlxalq konvensiyalara qoşulan Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunması uğurla həyata keçirilib, qanunvericilik davamlı olaraq təkmilləşdirilib. 1998-ci il iyunun 18-də Ulu Öndər Heydər Əliyev tərəfindən İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı təsdiq edilib. Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı Sərəncam ilə məhz həmin Dövlət Proqramının qəbul olunduğu gün - iyunun 18-i Azərbaycan Respublikasının İnsan Hüquqları Günü elan edilib", - deyə H.Babaoğlu vurğualyıb.

Millət vəkili həmçinin bildirib ki, mühüm məqamlardan biri budur kki, Azərbaycanda insan hüquqları Konstitusiya çərçivəsində qorunur və Əsas Qanunun üçdə iki hissəsi məhz insan hüquqlarına həsr edilib. Ölkə Konstitusiyasına referendum yolu ilə edilən dəyişikliklərdə də bu faktor daim prioritet olub. Bu kontekstdə son olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı ilin 26 sentyabrında ümumxalq səsverməsi nəticəsində Əsas Qanuna edilən dəyişikliklərdə də insan hüquqları təminatının gücləndirilməsinə xüsusi yer verilib. Son dövrlərdə ölkəmizdə hüquqi sferada həyata keçirilən islahatların da məqsədi vətəndaş hüquq və azadlıqlarının qorunması istiqamətində mexanizmlərin daha da təkmilləşdirilməsi məqsədinə xidmət edir. Bütün bunlar isə onu deməyə sas verir ki, insan hüquqlarının müdafiəsi Azərbaycanda dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Etiraf edilməlidir ki, ölkədə vətəndaş cəmiyyətlərinin çoxşaxəli fəaliyyəti, xüsusən Azərbaycan həqiqətlərinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki gördüyü işlər Azərbaycan dövləti tərəfindən də dəstəklənir. Bu məqsədlə 27 iyul 2007-ci ildə Prezident İlham Əliyev QHT-lərə dövlət dəstəyi konsepsiyasını təsdiq etdi və dekabrın 13-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı. Bununla da QHT-lər yeni bir mərhələyə qədəm qoymuş oldu və vətəndaş cəmiyyətlərinin xarici donorlardan asılılığı aradan qalxdı. QHT-lərə dövlət dəstəyinin digər bariz nümunəsi Prezident İlham Əliyev tərəfindən QHT-lərin fəaliyyətinin daha da genişlənməsinə təminat verən çoxsaylı qanun layihələrinin parlamentə təqdim edilməsidir. Bütün bunlar ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı bir Azərbaycan modelinin formalaşdığının göstəricisidir.

Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. İnsan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir.

Ölkəmizdə baş verən sürətli sosial-iqtisadi dəyişikliklər, dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsi, demokratik təsisatların möhkəmləndirilməsi ədliyyə sisteminin inkişafını və beynəlxalq standartlara uyğun qurulmasını da zəruri edir.

Ümummilli Lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik-hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir.Azərbaycan Respublikası Prezidentinin hüquq sisteminin müasirləşdirilməsi konsepsiyası çərçivəsində həyata keçirilən islahatlar hüquq sisteminin davamlı inkişafını təmin edir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin davam etməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq bir şüar, yaxud da bir niyyət deyil, bu, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir. Bu gün Azərbaycan Respublikasında mövcud olan hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşması Avropanın bir çox ölkələrindən daha güclü təşəkkül tapmışdır.

Tünzalə İsmayılova

Məqalə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçündür.

Bütün xəbərlər Facebook səhifəmizdə