Nəriman Həsənzadə: “Hər zaman yoldaşım deyərdi ki, qızımın dalınca şair elçi gəlsə, onu evimdən qovaram”- MÜSAHİBƏ

Həyatda daim itkilərlə üzləşən, ancaq buna rəğmən heç zaman nikbinliyindən qalmayan xalq şairi Nəriman Həsənzadənin SİA-ya müsahibəsi:

Elə dayanırsan, elə baxırsan,

Elə bil qarşında quru bir daşam

İpək saçlarını bir vaxt oxşayan

Elə bil hardasa mən olmamışam

- Yoldaşınızı çox erkən itirmisiniz, onun itkisi ilə necə, barışa bildinizmi?

- Yoldaşımı itirdikdən sonra ürəyimdə 3 povest hazırdır. Onlardan biri və ən önəmlisi, hansı ki, bu poemanı yoldaşıma həsr etmişəm- "Nabat xalanın çörəyi" povestinin davamını yazmaqdır. Artıq 22 ildir ki yoldaşımı itirmişəm. Hətta bugünki gündə də oturub danışanda məni qəhər boğur. Çünki o, mənim uşaqlıq dostum olub. Hər zaman deyirəm ki, qadın həyatda ən böyük qüvvədir. Bu povestimi Mingəçevirdə səhnəyə qoydular və rəğbətlə qarşılandı. İndiyə qədər bu sirri heç bir yerdə açmamışam. İndi artıq deyirəm ki, bu povesti mən yazmamışam. Professor Akif Hüseynovla bir yerdə çalışanda uşaqlığımda başıma gələnləri danışdım və o mənə dedi ki, bu danışdıqlarını yaz gətir. Mən də dediklərimi kağıza yazaraq Akifə verdim. Bu haqda o, heç vaxt danışmayıb. Bir neçə gündən sonra povestin jurnalın son səhifəsində çıxdığının şahidi oldum. Daha sonra mənə təklif etdilər ki, bu əsərin ikinci hissəsini də yazım. Mən də onların dediklərinə əməl etdim. Həmin əsərə də heç bir düzəliş etmədən çap etdirdilər. "Nabat xalanın çörəyi" povesti 3 hissədən ibarətdir.

- Ailənizdə yeganə övlad siz olmusunuz?

- Atam iki dəfə ailə həyatı qurub. İlk evliliyindən 3 bacım, qardaşlarım isə çox olub. İkinci evliliyindən isə yeganə övladı mən olmuşam. Ancaq həmin bacılarım və qardaşlarım məni uşaqlıqdan atıb gediblər. Fikirləşiblər ki, bundan adam olacaq? Atamın yaşı çox olduğundan anam heç bir zaman atamın əleyhinə danışmayıb. Hər zaman deyirdi ki, Allah atana rəhmət etsin ki, səni mənə veribdir.

- Yoldaşınız Sara xanımla necə tanış olmuşdunuz?

- Sara mənim uşaqlıq dostum olub. Demək olar ki, onunla bir evdə böyümüşük. İnstitutda bir yerdə oxuyanda bir neçə qızdan xoşum gələndə ona deyirdim ki, get maraqlan gör necə qızlardır. Həmişə də onları mənə pisləyərdi. Bunu ona görə edirdi ki, sən demə məni ürəyində sevirmiş. O, həmişə mənə deyirdi ki, Nəriman "Nabat xalanın çörəyi"ni yaz, gör indi mən nə yazacağam. Ancaq sonralar onun yazıb-yazmadığını bilmirəm. Sonradan mənə dedi ki, yazmışam. Ancaq nə qədər axtardımsa, tapa bilmədim. Görünür ki, mənim hələ yazılası çox əsərlərim qabaqdadır. Gör, mən nələri hələ yazmamışam.

- Nələri yazmamısınız?

- Çox şeyləri demək olar ki, yazmamışam. Misal olaraq, mən 12 yaşımda bilmişəm ki, mənim bacılarım var. Hər zaman qohum adı eşidəndə fəxr etmişəm.

- Qohumlarınız sizi məşhurlaşdıqdan sonra tapıblar?

- Elə deməzdim, ancaq tezdə tapmayıblar. Hər zaman onlarla yaxın olmuşam. Mənim qarşıma həmişə xeyirxah insanlar çıxıb. Bəlkə də həmin insanlar qarşıma çıxmasa idi, indi mən itib batmışdım. Anamın çörək bişirib satması ilə dolanardıq. İnsan heç vaxt atadan yetim olmaz. Mən anadan yetim qaldım. Yadıma gəlir ki, anam mənim üçün ayaqqabı almışdı, ancaq ayağıma balaca idi. Anamın xətrinə geyinirdim, evdən çıxanda isə çıxardıb köhnəmi geyinib məktəbə gedirdim. Hətta ən qorxduğum, hansı ki, bu günə qədər də ən qorxduğum heyvan itdir. İt gələndə həmişə ağaca çıxırdım ki, paltarımı cırmasın.

- Sizin şeirlərinizin çoxu kədərlidir, bu nədən irəli gəlir?

- Bu bədbinlik mənim tərcümeyi- halımdan irəli gəlir. Hər bir yaradıcı kəsin yaratdığı onun həyatı ilə bağlı olur. İnsanın tərcümeyi- halına baxanda onun bütün həyatını təsəvvür edirsən.

- Sizi daha çox bədbin şair kimi təsəvvür etmək olur...

- Əksinə deyərdim ki, həyatda çox sevincli birisiyəm. Hərdən qəmli olanda belə, hərdən də həmin qəm-kədər gülməli görünür. Sizə elə bir hadisə danışaram ki, əvvəli kədərli, sonrası isə çox gülməli ola bilər. Danışılası o qədər günlərim var ki. Ancaq yenə də taleyimə çox minnətdaram.

- Bildiyimiz kimi, sizin qarşınıza daim yaxşı insanlar çıxıb. Onların adlarını hər zaman çəkirmisinizmi?

- Mənə yaxşılıq edən insanları heç vaxt unutmuram. Mir Cəlal Paşayev hətta oğluna aldığı evi də mənə vermişdi. Hazırda da 45 ildir ki, onun verdiyi evdə yaşayıram. Hər zaman ona deyirdim ki, iş axtarıram. Mənə hər zaman deyirdi ki, iş yox, adam axtar. Deyirdim ki, Cəlal bəy niyə belə deyirsiniz? Deyirdi ki, iş axtarmaq onsuzda var, istədiyin vaxt işləmək olacaq. Ancaq insan adam tapmaq çox çətindir.

- Evdə tək olanda və ya hisslərə qapılanda özünüzü necə sakitləşdirirsiniz?

- Belə hallar məqsədli olmur. Hər zaman yoldaşım deyərdi ki, qızımın dalınca şair elçi gəlsə, onu evimdən qovaram. Səbəbini soruşanda isə bu işin çox mürəkkəb olduğunu deyirdi. Məncə şair olmaq bədbəxtlikdir. Belə olan halda insan kimi yaşamırsan. Həmin vaxt insan özündə olmur.

- Yazdığınız şeirin öz ideyası olur, yoxsa sadəcə ilham pərisi gələndə qələmə alırsınız?

- Mən heç zaman məqsədli iş görməmişəm. Hətta yadımdadır ki, "Nəriman" poemasını yazanda mənə dedilər ki, get Neft Daşları haqqında poema yaz. Məndə deyirdim ki, yazaram ancaq mənim ürəyim "Nəriman" poemasını tutub. Həmin bu poemamın başına çox işlər gəlib. Hətta bundan Heydər Əliyev xəbər tutanda çox əsəbləşmişdi. Əmr etdi ki, "Nəriman" poeması necə yazılıbsa, o cür də çap edilsin. O zaman çox çətinliklər var idi.

Bəlkə su çıxsa idi yerin dibindən,

Ayaqlar altında qalmazdı vətən

Neft mənim ölkəmin fəlakəti oldu....

Mən bütün bunları qəsdən yox, məhz Nərimanın dilindən demişdim. Hətta bunu da yozurdular ki, o da Nərimandır, bu da. Hər zaman Mir Cəlalın yanından çıxandan sonra dahiləşirdim. İndi başa düşürəm ki, o, niyə mənə deyirdi ki, iş axtarma, yaxşı insan axtar.

- Hazırda da Mir Cəlal Paşayev kimi insanlar varmı?

- Mütləq elə insanlar hələ də var. Baxmayaraq ki, indi bəzi insanlarda pul hərisliyi var. Ancaq mənim qarşıma hər zaman yaxşıları çıxıb.

- İndi sənətə gələnlərin əksəriyyəti demək olar ki, ancaq şöhrət dalınca qaçırlar. Sizcə bu nədən irəli gəlir?

- Şöhrət dalınca qaçmaq elə də pis iş deyil. Ancaq gərək çalışasan ki, şöhrət özü gəlib səni tapsın. Misal olaraq, U.Şekspir əsərlərini yazanda düşünmürdü ki, bunları şöhrət üçün yazıram. Sadəcə məqsədli yazmaq və iş görmək var.

- Bu gün demək olar ki, Nəriman Həsənzadə kimiləri yetişmir, buna səbəb nədir?

- Bir vaxt gələcək, yetişəcəklər. Bəlkə də elə əsərlər yazılıb ki, sadəcə onları biz hələ görə bilmirik. İndiki zamanda ədəbiyyatı az oxuyurlar, fikrinə də düz yanaşmıram. Çünki oxuyanlarımız çoxdur. Lakin təbii ki, Sovet dövründəki kimi deyil. Hələ bizim yazılası elə mövzularımız var ki, sadəcə buna zaman lazımdır.

- Ailənizdə sizdən başqa şairlik istedadı olan varmı?

- Mənim yalnız atamın bibisi oğlunun gözəl şairlik qabiliyyəti var. Ancaq belə, oğlum və qızım tamam başqa sahənin adamlarıdırlar. Onlar ağıllıdırlar, ona görə də bu sahəni seçmədilər. Şairlərdə ağıl olmur ki...(gülür..) Oğlum filoloq, qızım isə musiqi nəzəriyyəçisidir. Hər zaman demişəm ki, ata gərək övladlarına layiq olsun.

Bütün xəbərlər Facebook səhifəmizdə