NATO-nun Lissabon sammiti: Azərbaycannın növbəti diplomatik qələbəsi - ANALİZ
Xəbər verdiyimiz kimi, noyabrın 20-də Portuqaliyanın paytaxtı Lissabonda NATO-nun zirvə toplantısı çərçivəsində Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (İSAF) töhfə verən ölkələrin dövlət və hökumət başçılarının iclası keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib.
Prezident İlham Əliyev iclas başlamazdan öncə dünya ölkələrinin liderləri ilə görüşüb. NATO ölkələrinin dövlət və hökumət başçılarının, habelə Əfqanıstan Prezidenti Həmid Kərzainin, BMT-nin baş katibi Pan Gi Munun, Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun və digər beynəlxalq təşkilatların nümayəndələrinin də iştirak etdikləri iclasda çıxış edən NATO-nun baş katibi Anders Foq Rasmussen deyib ki, ötən illərdə Əfqanıstan böyük inkişaf yolu keçib, ölkədə geniş bərpa və quruculuq işləri aparılıb, təhlükəsizlik gücləndirilib, idarəçilik təsisatları möhkəmləndirilib. Əfqanıstanın bu inkişafında iclasda iştirak edən tərəflərin hər birinin payı vardır.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycanın Şimali Atlantika Alyansı ilə əməkdaşlığı faydalıdır. Ölkəmizin NATO-nun "Sülh naminə tərəfdaşlıq" Proqramında və "Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı"nda fəal olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın NATO-nun dünyada sülhyaratma əməliyyatlarında da yaxından iştirak etdiyini diqqətə çatdırıb.
Azərbaycan Prezidenti sülhməramlı qüvvələrimizin NATO-nun Əfqanıstanda apardığı Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatına hərbi və mülki sahədə töhfə verdiyini vurğulayıb.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarkisyan NATO sammitinə getməyib. Səbəb yekun bəyannamə layihəsində Cənubi Qafqaz münaqişələrinin nizamlanması barədə ümumi müddəaların saxlanılmasıdır.
SİA-nın xəbərinə görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Armen Arzumanyan məlumat verib. Onun sözlərinə görə, noyabrın 20-də Ermənistan prezidentinin Lissabon şəhərində keçirilən NATO sammitində iştirakı öncədən planlaşdırıbmış.
"Ermənistan tərəfi dəfələrlə münaqişələrin nizamlanmasında ümumi müddəaların qəbul edilməzliyini vurğulayıb. NATO-nun Lissabon sammitinin bəyannamə layihəsində ATƏT-in bəyan etdiyi yalnız bir prinsipə istinadən Cənubi Qafqaz münaqişələrinin nizamlanmasına dair köhnə ümumi müddəaların saxlanılması neqativ siqnal ola bilər və Qarabağ nizamlanmasına dair danışıqlar prosesində əlavə maneələr yarada bilər. Bu narahatlığı nəzərə alaraq, Ermənistan prezidenti Lissabon sammitinə getməməyi qərara alıb",- deyə Arzumanyan bildirib.
Jurnalistlər üçün mətbuat Cənubi Qafqaz ölkələri, xüsusi ilə də Azərbaycanın NATO ilə əməkdaşlığına dair sualı cavablandıran baş katib Anders Foq Rasmussen bu əməkdaşlığın olduqca səmərəli və yüksək olduğunu bildirib. "Bizim Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri ilə aramızdakı tərəfdaşlıq bu gün qəbul etdiyimiz yeni strateji konsepsiyamızda da əks olunub və biz bu müddəada aramızda indiyə kimi mövcud olan tərəfdaşlığımızı daha da gücləndirməyi və yeni bir tərəfdaşlıq proqramını da inkişaf etdirmək arzusunda olduğumuzu çox aydın şəkildə qeyd etmişik. Biz bu ölkələrlə aramızdakı tərəfdaşlığa çox böyük önəm veririk. Əsasən də bu tərəfdaşlıq proqramı çərçivəsində narkotik qaçaqmalçılığı ilə mübarizənin çox səmərəli şəkildə aparıldığını qeyd edə bilərəm. Ona görə də biz bundan sonra da bu münasibətlərə xüsusi diqqət ayıracağıq", - deyə baş katib bildirib.
Dağlıq Qarabağ münaqişəsinin həllinə və NATO-nun bu istiqamətdə hansı töhfələri verə biləcəyinə dair suala cavab verən baş katib, NATO-nun bu münaqişənin həllində hansı rol oynaya biləcəyini anlamadığını söyləyib.
"Lissabonda keçirilən NATO-nun zirvə toplantısında qəbul olnumuş Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və suverenliyinin dəstəkləndiyinin vuğulanması olduqca önəmlidir. Əslində, bu sənədin qəbul olunması Azərbaycanın ərazi bütövlüyünü qəsd edən dairələrə açıq mesajdır və Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiq edir. NATO kimi güclü təşkilatın belə bir bəyanatı alyansa üzv olan dövlətlərin mövqeyini əks etdirir". Bu fikirləri yap.org.az saytına açıqlamasında YAP İcra katibinin müavini Mübariz Qurbanlı deyib.
M.Qurbanlı bildirib ki, hazırda dünyada NATO-nun özünəməxsus yeri və rolu var. Onun sözlərinə görə, 1949-cu ildə yaradılarkən bu təşkilatın qarşısında başqa vəzifələr dururdu. Lakin sovetlər ittifaqının dağılmasından sonra təşkilat öz fəaliyyət istiqamətini dəyişib. İndi NATO-nun dünyanın müxtəlif bölgələrində gedən proseslərə müdaxilə etdiyini görməkdəyik. NATO-nun zirvə toplantısında bir sıra mühüm qərarların qəbul edildiyini deyən M.Qurbanlının sözlərinə görə, sammitdə Cənubi Qafqaz bölgəsilə əlaqədar da söhbətlər aparılıb. Onun fikrincə, zirvə toplantısında Cənubi Qafqazdakı münaqişələrin gündəmə gətirilməsi bu problemlərin NATO-nun diqqət mərkəzində olduğunu bir daha açıq şəkildə göstərməkdədir.
"Bütün bunlar Azərbaycan Prezidentinin apardığı məqsədyönlü siyasətin nəticəsidir. Bu cür sənədlərin qəbul olunması bütövlükdə ərazi bütövlüyümüzün bərpası istiqamətində həyata keçirilən siyasətə əlavə bir dəstəkdir. Azərbaycan sülh yolu ilə məsələni həll etmək istəyir. Bunun üçün Azərbaycana beynəlxalq qurumlardan da dəstəyin olması vacibdir. NATO-nun Zirvə Toplatısının Bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi diplomatiyamızın uğuru sayılmalıdır", - deyə YAP İcra katibinin müavini vurğulayıb.
Qeyd edək ki, NATO Lissabon Sammitində təşkilata üzv olan ölkələrin liderləri bu toplantının əsas hadisəsi olan Alyansın "Yeni strateji konsepsiyası"nı qəbul ediblər. Bu haqda xəbəri Alyansın baş katibi Anders Foq Rasmussen jurnalistlər qarşısında keçirdiyi mətbuat konfransında verib. Xatırladaq kı, Alyansın yeni strateji konsepsiyası əsasən təşkilatın məqsəd və məramlarını, mövcud olan təhlükələri və üzümüzə gələn onillikdə onlardan səmərəli qorunmağın yollarını yenidən müəyyən edəcək.
"Le Monde" yazıb ki, Şimali Atlantika Alyansının zirvə görüşünün yekun qətnaməsində Cənubi Qafqazdakı münaqişələrin dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunun vurğulanması Ermənistanın planlarının məcburi korrektəyə uğramasına səbəb olub. Belə ki, Ermənistan prezidenti Serj Sərkisyan aşkar demarş edərək sammitə qatılmaqdan imtina edib. Azərbaycan və Gürcüstanın dövlət başçıları səviyyəsində təmsil olunduğu sammitə Yerevan xarici işlər naziri Edvard Nalbandyan və müdafiə naziri Seyran Ohanyanı yollamışdı. Avrasiya Regional Siyasi Tədqiqatlar Mərkəzinin direktor müavini Sergey Qolts verdiyi açıqlamasında bildirdi ki, NATO-nun Lissabon sammiti Cənubi Qafqazdakı məhəlli və etnik münaqişələrə Brüsselin mövqeyini tam aşkar şəkildə ortaya qoydu. "Şimali Atlantika Alyansı indiyədək Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ məsələlərində bir qədər ehtiyatlı davranmağa üstünlük verirdisə, indi mövqeyini konkretləşdirdi. Yekun qətnamədə "münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır" fikrinin yer alması NATO-nun Cənubi Qafqaz regionunda sərhədlərin yenilənməsi tələbləri, xüsusilə də ərazi iddiaları ilə qətiyyən razılaşmadığını göstərdi. Təbii ki, belə situasiya Rusiya və Ermənistanı qıcıqlandırıb. Düşünürəm ki, Şimali Atlantika Alyansının bu bəyanatından sonra Brüsselin münaqişələrə baxış bucağında dəyişikliklər olasıdır", - S.Qolğts söyləyib.
Erməni İnqilabi Federasiyasının (Daşnaksutyun) büro üzvü Kiro Manoyan isə "Qrapark"a verdiyi açıqlamasında bildirib ki, Lissabon sammiti əslində Ermənistan diplomatiyasının növbəti uğursuzluğudur. "Ermənistan rəhbərliyi NATO-nun yekun qətnaməsində münaqişələrin ərazi bütövlüyü prinsipi əsasında həlli barədə müddəanın yer almasına mane olmalıydı, amma olmadı və ya ola bilmədi. Prezident Serj Sərkisyanın isə aşkar demarş edərək sammitə qatılmaması radikallıqdan başqa heç nə deyil. Belə demarşlarla nəyisə həll etmək və ya nəyinsə həllinə nail olmaq mümkün deyil. Tam əksinə, NATO ilə əməkdaşlıq davam etdirilməli, Dağlıq Qarabağ məsələsində Brüsselin mövqeyinin dəyişməsinə nail olmalıyıq", - K.Manoyan söyləyib.
Ekspertlərin fikrincə, NATO-nun Lissabon sammitinin yekun qətnaməsi həm də ATƏT-in Minsk Qrupunun fəaliyyətinin Şimali Atlantika Alyansını tam təmin etməməsinə işarədir. Belədə NATO-nun Cənubi Qafqazda fəallaşacağı əsla istisna olunmur.
Bütün xəbərlər Facebook səhifəmizdə