Türkiyənin deputatlarından ibarət futbol komandasının rəhbəri Azərbaycan əsillidir

"Martın 9-11-də Bakıda Azərbaycan Parlamentinin yaranmasının 100 illiyi münasibəti ilə beş ölkənin parlamentlərinin futbol komandalarının iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək. Turnir Azərbaycan Milli Məclisinin gənclər və idman komitəsinin təşəbbüsü və Milli Məclis rəhbərliyinin dəstəyi ilə keçirilir". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat qeyd edib ki, Türkiyədən olan nümayəndə heyətinə qardaş ölkənin müdafiə nazirinin müavini, Türkiyə Böyük Millət Məclisinin Elağız bölgəsindən olan millət vəkili Şuay Alpay rəhbərlik edir: "Şuay bəyi Qətərdə kecirilən bir beynəlxalq tədbirdən taniyiram. O babası azərbaycanlıdır, əslən Gəncəbasar bölgəsindən, indi Mingəçevir su anbarının altında qalan Samux rayonundandır. Babası Qaçaq Məmmədqasım Azərbaycanda sovet hakimiyyətinin qurulması ilə barışmamış, başına qaçaq dəstəsi yığaraq bolşeviklərə qarşı uzun müddət vuruşmuşdur. Otən əsrin 30-cu illərində repressiya gücləndiyindən Türkiyəyə keçməyə məcbur olmuş və orada ailə qurmuşdur. Şuay bəylə beynəlxalq tədbirlərdə göruşlərimiz zamanı o, ailələrində artiq bir əsrə yaxın bu tarixçəni qürurla danışır. O, Azərbaycana olan məhəbbətini daim bildirir və babasının vətəninə həmişə sevinclə təşrif buyurur. Çünki babası samuxlu Məmmədqasım yüz il əvvəl müstəqil Azərbaycanın bayrağının namusunu qoruyub".

Bütün xəbərlər Facebook səhifəmizdə