Aktauda yaşayan azərbaycanlılardan ölkəyə dəstək

Aktau şəhərində yaşayan çox saylı azərbaycanlılar ölkəmizə dəstək məqsədilə Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş konsulluğunda toplaşıblar. Qazaxıstan Respublikasının Aktau şəhərindəki Baş konsulluğundan SİA-ya verilən məlumata görə, tədbirin əvvəlində torpaqlarımızın işğaldan azad olunması yolunda şəhid olan əsgərlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək, belə şərəfli bir gündə soydaşlarımızın ölkəmizlə həmrəylik nümayiş etdirmələrinin qürurverici olduğunu bildirib. O, ermənilərin son təxribatını, təmas xəttində dinc əhaliyə qarşı ağır silahlardan istifadə etməsini və münaqişə zonasında status-kvonun qorunub saxlamasına cəhd etməsini kəskin pisləyərək, dünya dövlətlərinin, beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini vurğulayıb. E.Zeynalov, son günlərdə Azərbaycan ordusunun ona verilən tapşırıqların öhdəsindən layiqincə gəldiyini, işğalçı Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdiyini qeyd edərək, son günlərdə Aktau şəhərində yaşayan onlarla azərbaycanlı gəncin Baş konsulluğa müraciət edərək könüllü cəbhəyə getmək istəklərini alqışlayıb. O, Azərbaycan ordusunun kifayət qədər güclü və işğal olunmuş torpaqlarımızı azad etməyə qadir olduğunu bildirərək, hazırda xaricdə yaşayan azərbaycanlıların Azərbaycanın haqq işinin dünya ictimaiyyətinə çatdırılmasında aktiv iştirakına vacib olduğunu qeyd edib. Baş konsulluğun rəhbəri, son günlərdə Qazaxıstan ictimaiyyətində çox saylı qazax qardaş və bacılarımızın Azərbaycanın haqq işinə dəstək verdiklərini, xüsusi ilə sosial şəbəkələrdə qazax xalqının nümayəndələrinin Azərbaycana dəstəyini, hətta bir çoxlarının torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşmək istəklərini birdirdiklərini qeyd edərək, bütün azərbaycanlılar adından onlara təşəkkürünü bildirib. E.Zeynalov, ermənilərin məkirli və daima terrora dəstək verən olduqlarını qeyd edərək, Qazaxıstanda yaşayan soydaşlarımızın ölkənin ictimai-siyasi sabitliyinin qorunmasında, burada yaşayan ermənilər tərəfindən törədilə biləcək təxribatların qarşısının alınmasında Qazaxıstan dövlətinin hüquq-mühafizə orqanları ilə sıx təmasda olmalarının vacibliyini bildirib.

Daha sonra, Manqistau vilayətində yaşayan azərbaycanlıların "Dostluq" cəmiyyətinin sədri Vaqif Nəbiyev, cəmiyyətin üzvləri professor Yusif Quliyev, istefada olan mayor Bəxtiyar Məsimov, Ş.Yesenov adına Aktau dövlət mühəndislik və texnologiyalar universitetinin baş müəllimi Zakir Əkbərov çıxış edərək, daima xalqımızın yanında olduqlarını, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi siyasəti tam dəstəklədikrini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...