“Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi” kitabının təqdimatı olacaq

Dekabrın 21-də Bakıda keçirilən "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində "Akkulturasiya: bilik menecmenti sisteminin qurulmasına aparan yol kimi" kitabının təqdimatı baş tutacaq. SİA-nın məlumatına görə, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının təşkilati dəstəyi ilə həyata keçirilən "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə Workshop tədbiri ərzində həyata keçirilən "Biliklər cəmiyyətinin formalaşmasında gənclər siyasətinin və gənclərin rolu" mövzusunda Fokus-qrup araşdırmasının nəticələrinə həsr olunub.

Kitabın rəyçisi "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti prof. Fuad Məmmədov, ön sözün müəllifi isə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevdir.

Kitabda "İnkulturasiya və akkulturasiya" beynəlxalq proqramları üzrə WORKSHOP layihəsi çərçivəsində aparılan araşdırma işləri də əks olunub. Belə ki, kitabda "Akkulturasiya və bilik menecmenti: qarşılıqlı asılılıq yanaşması" araşdırmasının, layihə iştirakçılarının "İntelektual kapital" mövzusuna həsr olunmuş məqalələri və Azərbaycanda ilk dəfə həyata keçirilmiş pilot layihələr - "Biliklər cəmiyyəti və biliyə əsaslanan iqtisadiyyat" mövzusunda "Online strukturlaşdırılmış intervyu" araşdırması, "Fokus qrupların həyata keçirilməsi, nəticələrin analizi və təqdiamatı" üzrə master klass, "Gələcəyin ssenariləri: gələcəyin durumu indeksinin hazırlanması və performans idarəetməsi" tədqiqatı dərc olunub.

Qeyd edək ki, kitabda, həmçinin, multikulturalizm, bikulturalizm, bilik menecmenti, korporativ mədəniyyət, xidmət sahəsinin inkişafı məsələlərinin gənc alim və mütəxəssislər tərəfindən araşdırılması məqsədilə təkliflər paketi də təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə