“Valideyn qayğısı - uşaqların təhlükəsizliyi” adlı tədbir keçirilib

Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Səbail Rayon Dövlət Yanğından Mühafizə Hissəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlıq çərçivəsində "Valideyn qayğısı - uşaqların təhlükəsizliyi" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyindən olan nümayəndələr, UNICEF-in ölkəmizdəki nümayəndəliyi və aidiyyatı QHT üzvləri iştirak ediblər.

Tədbirdə ilk çıxış edən Komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, uşaq hüquqlarının müdafiəsi istiqamətində aparılan analiz, müəyyən təhlill və araşdırmalar nəticəsində görürük ki, uşaq hüquqlarının müdafiəsi dövlətin prioritet istiqamətidir: "Bu sahədə mövcud olan problemlərin həlli ilə bağlı lazımi işlər görülsə də, baş verən halları təhlil etdikdə valideyn məsuliyyətsizliyinin şahidi oluruq. Bir dövlət qurumu olaraq bu istiqamətdə bizim də üzərimizə müəyyən öhdəliklər düşür. Valideynlərin maarifləndirilməsi istiqamətində üzərimizə düşən işləri həyata keçirməyə çalışırıq. Lakin bizdən əlavə KİV-lərin də üzərinə bu istiqamətdə müəyyən öhdəliklər düşür".

Tədbirin davamında çıxış edən UNİCEF-in ölkə nümayəndəsi Mark Herevard bildirib ki, bu kimi faktların baş verməsi məsələlərində müəyyən problemlər olsa da, onların qarşısının alınması ilə bağlı mühüm işlər görülür: "Komitə tərəfindən bu halların qarşısının alınması ilə bağlı hazırlanan təkliflər paketini yüksək qiymətləndirirəm. UNİCEF bu istiqamətdə lazım olan dəstəyi verməyə hazırdır".

Tədbirin davamında fövqəlada hallarla bağlı valideyn məsuliyyətsizliyi faktorunun üzə çıxarılması, qeyd olunan istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi, maarifləndirmə kampaniyasının aparılması, eləcə də bu istiqamətdə əməkdaşlıq imkamlarının genişləndirilməsi məsələləri geniş müzakirə edilib. Daha sonra AQUPDK tərəfindən hazırlanan "Valideyn qayğısı-uşaqların təhlükəsizliyi" mövzusunda təqdimat nümayiş olunub, mövzu ilə bağlı postern təqdimatı həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...