Prokurorların peşə bayramıdır

Bu gün prokurorluq işçilərinin peşə bayramıdır. SİA-nın verdiyi məlumata görə, Respublika Baş Prokurorluğunun bir qrup əməkdaşı əlamətdar gündə Fəxri Xiyabanagedərək Ulu Öndərin məzarını ziyarət ediblər. Tədbirdə Baş prokuror Zakir Qaralov da iştirak edib və jurnalistlərin suallarını cavablandırıb.

Məlumat üçün bildirək ki, Ümummilli lider Heydər Əliyev Azərbaycan Xalq Cumhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq 17 iyul 1998-ci il tarixli sərəncamı ilə hər il oktyabr ayının 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi qeyd edilməsi barədə sərəncam imzalayıb. Fətəli xan.Xoyski, Xəlil Xasməmmədov, Safikürdski, T.Makinski Azərbaycan Xalq Cumhurriyyətinin ədliyyə nazirləri, eyni zamanda baş prokurorları olublar. Prokurorluq orqanları 1918-ci ilin noyabr ayının 18-də Nazirlər Şurası tərəfindən təsdiqlənmiş "Azərbaycan Məhkəmə Palatası haqqında Əsasnamə" ilə fəaliyyət göstərib.

1920-ci ilin aprel işğalından sonra Azərbaycan İnqilab Komitəsinin 12 may 1920-ci il tarixli "Xalq məhkəməsi haqqında" dekreti ilə dövlət orqanları ilə yanaşı prokurorluq və istintaq orqanları da ləğv edilib. Bundan sonra Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 11 iyul 1922-ci il tarixli "Azərbaycan SSR-nin dövlət prokurorluğu haqqında" Dekreti ilə Azərbaycan SSR-də sovet prokurorluğunun əsası qoyulub. Xalq ədliyyə komissarları Ə.Qarayev, S.Çivanov, B.Vəlibəyli, B.Talıblı, H.Hacıyev, A.Sultanova, Y.Məmmədov həm də Azərbaycan SSR-nin baş prokurorları olublar.

1936-cı ilin iyul ayında Azərbaycan SSR Prokurorluğu Xalq Ədliyyə Komissarlığının tərkibindən çıxarılaraq birbaşa SSRİ Prokurorluğuna tabe edilməklə müstəqil qurum kimi fəaliyyətə başlayıb.

Azərbaycan ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra 1995-ci il Konstitusiyası prokurorluğu ərazi və ixtisaslaşdırılmış prokurorluqların Azərbaycan Respublikasının Baş prokuroruna tabeliyinə əsaslanan vahid mərkəzləşdirilmiş orqan kimi tanıyaraq onun statusunu müəyyənləşdirib. Bu statusa uyğun olaraq "Prokurorluq haqqında" 7 dekabr 1999-cu il tarixli Qanun, qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət etmək, cinayət işlərinin istintaqını aparmaq və ibtidai istintaqa prosessual rəhbərlik, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icra və tətbiqinə nəzarət, cinayət işlərinə baxılmasında dövlət ittihamının müdafiəsi, məhkəmələr tərəfindən təyin olunmuş cəzaların məqsədinə nail olunmasında iştirak etmək məsələlərini prokurorluğun fəaliyyət istiqamətlərinə aid edib.

Bütün xəbərlər Facebook səhifəmizdə