“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası Ailə gününü Gəncədə qeyd edib

Mayın 15-də, Gəncə SOS Uşaq Kəndi, Bakcell şirkətinin dəstəyi ilə Beynəlxalq ailə günü münasibətilə Gəncə Dövlət Dram Teatrında bayram tədbiri keçirib.


Tədbirin məqsədi valideyn himayəsindən məhrum olmuş uşaqlara ailə əsaslı qayğı göstərən təşkilatın fəaliyyətində ailə dəyərlərinin önəmini bir daha vurğulamaq, uşaqların böyüyüb inkişaf etmələri üçün ailə mühitinin ən üstün bir yer olduğu barədə cəmiyyətə mesaj vermək idi. Başqa bir məqsəd isə, SOS Uşaq Kəndlərinin himayəsində olan uşaqların"Bakcell stars" layihəsinin dəstəyi ilə öyrəndiklərini nümayiş etdimək və layihənin həyata keçirildiyi müddətdə görülmüş işlər barədə cəmiyyətə, xüsusilə də Bakcell abunəçilərinə hesabat verməkdir.


Tədbirdə Gəncə SOS Uşaq Kəndinin "Bakcell Stars" layihəsinin dəstəyi ilə fəaliyyət göstərən rəqs qrupunun və Xalq Çalğı alətləri Ansamblının ifaları nümayiş olunub. Tədbir iştirakçıları "Bakcell Stars" layihəsinin daha bir töhfəsi, "Bacarıqlı əllər" və Rəsm dərnəyindən faydalanan SOS uşaqlarının əl işləri ilə də tanış olub, "Qaraca qız" tamaşasına baxıblar.


Mingəçevir Ana və Uşağa Dəstək Mərkəzinin uşaqlarının hazırladıqları səhnəciklər Ailə gününə daha bir hədiyyə olub.


Sonda "Bakcell Stars" layihəsinin dəstəyi ilə fəaliyyət göstərən dərnəklərin il ərzində fəaliyyətlətini əks etdirən slayd şou nümayiş etdirilib.


Tədbirə Gəncə şəhərinin icra hakimiyyəti nümayəndələri, Təhsil və Səhiyyə İdarəsi, məktəb və bağça rəhbərləri və məllimlər, hüquq mühafizə orqanları, VVAQ şöbələri nümayəndələri dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə