Səfir: “Yaponiya və Azərbaycan arasında əlaqələr bundan sonra da uğurla inkişaf edəcək”

Yaponiyanın Azərbaycandakı səfirliyi Yaponiya imperatoru Akihitonun anadan olmasının 77-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. SİA-nın məlumatına görə, səfir Şusuke Vatanabe bildirib ki, ölkə konstitusiyasına görə, Yaponiya imperatoru yapon xalqının birlik rəmzidir və onun doğum günü milli bayram kimi qeyd olunur. Yaponiya və Azərbaycan arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini söyləyən səfir, həmçinin Azərbaycan hökumətinə Yaponiyada baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə əlaqədar göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə yapon xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının salamlarını və xoş arzularını çatdırıb.

Azərbaycan ilə Yaponiyanın müxtəlif sahələrdə fəal əməkdaşlıq etdiyini vurğulayan nazir əmin olduğunu bildirib ki, iki ölkə arasında münasibətlər getdikcə daha da möhkəmlənəcək və genişlənəcək.

Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə