Şərqşünaslıq İnstitutunda Hani Əs-Sisinin \"Azərbaycan dilində ərəb sözləri\" lüğətinin təqdimatı keçirilib
AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda misirli alim, Qahirə Universitetinin professoru, doktor Hani Əs-Sisinin "Azərbaycan dilində ərəb sözləri" lüğəti çapdan çıxıb. İyunun 17-də Şərqşünaslıq İnstitutunda bu kitabın təqdimat mərasimi keçirilib.
İnstitutun m’tbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə çıxış edən Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri namizədi, professor Gövhər Baxşəliyeva ərəb sözlərinin Azərbaycan dilində işlədilməsinin müasir dilçilərin maraqlandığı və əhəmiyyət verdiyi ən aktual problemlərdən biri hesab olunduğunu söyləyərək, ərəb dilinin Azərbaycanda öyrənilməsinin çox qədim köklərinin olduğunu da qeyd edib: "Hələ orta əsrlərdə Xətib Təbrizi, Hübeyş Tiflisi, Ərdəbili, Bərdəi, İsmayıl Cövhəri, İshaq əl-Fərabi kimi türk soylu filoloqlar ərəb dilinin müxtəlif problemlərini dərindən tədqiq ediblər. Müasir dövrümüzdə də bu iş uğurla davam etdirilir. AMEA Şərqşünaslıq İnstitutu və bir sıra digər elmi müəssisələrdə ərəb dili müxtəlif aspektlərdən araşdırılır və bu haqda bir-birindən dəyərli, sanballı əsərlər meydana çıxır".
Ərəb mənşəli sözlərin zaman-zaman Azərbaycan ədəbi dilinə daxil olaraq, öz leksik əlaqələrini genişləndirməsinin, mənaları dəyişərək semantik, stilistik cəhətdən əsl Azərbaycan sözləri kimi ortaya çıxmasının danılmaz bir həqiqət olduğunu deyən Gövhər xanım, dilimizdə olan ərəbizmləri müəyyən etmək üçün linqvistik xarakterli məsələlərlə yanaşı, hər iki xalqın sahib olduğu ədəbi, tarixi, fəlsəfi, dini, mədəni dünyagörüşünə bələd olmağın vacibliyini vurğulayıb. G.Baxşəliyeva İslam dininin zühurundan sonra ərəb dilinin elmin bütün sahələrinə güclü bir şəkildə təsir etdiyini, orta əsrlərdə bu dildə yüzlərlə qiymətli elmi əsərlər yarandığını, Azərbaycan dilində yazılan əsərlərdə də kifayət qədər ərəb sözlərinə rast gəlindiyini bildirib: "Məlumdur ki, ədəbiyyatımızın klassik dövrü də bu təsirdən kənar qalmayıb. Başda dahi Füzuli olmaqla, Nəsimi, Xaqani kimi klassiklərimizin yaradıcılığında ərəb mənşəli sözlərə xüsusi ilə çox təsadüf olunur. Bu baxımdan dilimizlə yanaşı, ədəbiyyatımızı da mükəmməl öyrənmək üçün ərəb dilini bilmək zəruridir. Ərəb dilini bilmək dilimizi dərindən öyrənmək istəyən hər kəsə yeni imkanlar açır, ona bir çox sözlərin əsl mənalarını dərindən qavramağa yardım edir".
Gövhər xanım özünün baş redaktoru olduğu "Azərbaycan dilində ərəb sözləri" adlı lüğətin bu istiqamətdə atılan növbəti bir addım olduğunu söyləyərək, 6 minə yaxın sözü özündə ehtiva edən bu lüğətdə artıq arxaikləşmiş sözlərə də rast gəlindiyini qeyd etdi. G.Baxşəliyeva bu tip lüğətlərin hazırlanması təcrübəsinin Azərbaycan şərqşünaslığında öncədən də olduğunu nəzərə çatdıraraq, Hani əs-Sisinin tədqiqat prosesində 1966-cı ildə AMEA-nın elmi əməkdaşları Ə.Orucov, B.Abdullayev və Y.Şirvaninin müəllifliyi ilə işıq üzü görmüş "Ərəb və fars sözləri lüğəti"ndən geniş istifadə etdiyini bildirdi.
Daha sonra Şərqşünaslıq İnstitutunun əməkdaşlarından Ərəb filologiyası şöbəsinin müdiri, filologiya elmləri doktoru Vilayət Cəfərov, təqdim olunan kitabın məsul redaktoru, filologiya üzrə fəlsəfə doktoru Laura Orucova, filologiya üzrə fəlsəfə doktoru Əmir Qasımlı, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Fərda Əsədov, İnstitutun dissertantı, Qafqaz Universitetinin ərəb dili müəllimi Qafqaz Ocaqlı çıxış edərək, təqdim olunan lüğətin əhəmiyyətindən danışdılar, son iki ildə Şərqşünaslıq İnstitutunun ərəbşünas əməkdaşlarına ərəb dili üzrə praktik məşğələlər keçən Hani əs-Sisinin bundan sonra da həm praktik, həm də elmi əməkdaşlığı davam etdirəcəyinə inandıqlarını söylədilər.
Bütün xəbərlər Facebook səhifəmizdə