Azərbaycan Prezidenti BMT tribunasından ədalətə əsaslanan yeni dünya qurmağa çağırış etdi - Vüqar Rəhimzadə
Dövlət başçısı İlham Əliyev sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında bu çağırışı etdi: “Gəlin, birlikdə ikili standartların aradan qalxdığı, ədalətin selektiv olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, əməli addımlarla təmin olunduğu bir dünya quraq.”
Cənab Prezidentin bu çağırışı yalnız bu gün ilə bağlı deyil. Azərbaycan dövlətinin başçısı 30 illik işğal dövründə ən yüksək tribunalardan, o cümlədən BMT Baş Assambleyasının sessiyalarından mütəmadi olaraq bu kimi bəyanatları səsləndirirdi. Amma “nədənsə” bu çağırışlar eşitməzlikdən, reallıqlar isə görməzlikdən gəlinirdi. Ədalətin və beynəlxalq hüququn tərəfində olan, daim bütün münaqişəli məsələlərin bu prinsiplər əsasında həllinə çağırışlar edən, ən əsası müharibə şəraitində yaşayan bir ölkə üçün dünyaya ədalət çağırışının edilməsi özündə bütün məqamları ehtiva edir. Torpaqlarının 20 faizi işğal altında, bir milyondan çox soydaşı qaçqın və məcburi köçkün vəziyyətində yaşayan Azərbaycan 27 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin icrasını gözlədi. Hansı ki, həmin qətnamələrin qəbulunda iştirak edən ölkələrdən üçü-ABŞ, Fransa və Rusiya 1992-ci ildə keçmiş Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını yerinə yetirmək məqsədilə yaradılan ATƏT-in keçmiş Minsk qrupunun həmsədr ölkələri idi.
Həmin qətnamələrdə Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni silahlı birləşmələrinin bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapmışdı. Lakin bütün bunlara baxmayaraq, bəzi dünya gücləri işğalçını adı ilə çağırmaqdan imtina etdilər və belə bir gülünc yanaşma ortaya qoydular ki, guya bu, birtərəflilik kimi dəyərləndirilər və münaqişənin həlli prosesinə mənfi təsir göstərər. Həmin güclər unutdular ki, onların özü ədaləti və beynəlxalq hüququ maraqlarına qurban verməklə problemlərin həlli prosesinin uzanmasına səbəb olurlar. Reallıq bu idi ki, onlar münaqişənin həllində deyil, onun dondurulmasında maraqlı idilər. Dövlətimizin başçısı İlham Əliyev sözügedən çıxışında da bu məsələlərə xüsusi diqqət yönəldərək bildirdi ki, uzun illər ərzində bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan, Azərbaycan tarixində yeni dövrdən, Vətən müharibəsi ilə işğala necə son qoyulduğundan, sülhü siyasi vasitələrlə necə təmin etməyimizdən danışacağam.
Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının, dövlətimizin regionda və dünyada möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır. Beş il bundan öncə - 2020-ci ilin bu günlərində dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın yeni ərazilər uğrunda müharibə planından bəhs etdiyi halda, bu gün 80-cı sessiyada otuz ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu diqqətə çatdırdı. Ermənistan müharibə zamanı şəhərlərimizə və kəndlərimizə ballistik raketlər atdı, onları kasetli mərmilərlə bombaladı, 100-dən çox günahsız mülki vətəndaşımızı qətlə yetirdi. Azərbaycan isə müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Mülki şəxslərin mühafizəsi təmin edildi, qeyri-hərbi infrastruktur hədəfə alınmadı. 44 günlük Vətən müharibəsi zamanı Silahlı Qüvvələrimiz işğal altındakı əraziləri azad etdi, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq bərpa etdi. 2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfərlə bitən müharibədən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi.
Vüqar Rəhimzadə qeyd edib ki, regionda sülh gündəliyinin müəllifi Azərbaycandır. Ölkəmiz beynəlxalq hüquqa əsaslanan beş təməl prinsipi irəli sürdü, sülh müqaviləsi layihəsini Ermənistana təqdim etdi. Azərbaycanın təşəbbüsü ilə layihə mətni üzrə 2022-ci ilin oktyabrından 2025-ci ilin yayına qədər danışıqlar prosesi davam etdi. Bu il avqustun 8-də Vaşinqtonda - Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri sülh müqaviləsinin mətnini parafladılar. Həmin gün Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Birgə Bəyanat imzaladılar. ABŞ Prezidenti Donald Tramp da bu sənədə şahid qismində imza atdı. Bundan əlavə, Azərbaycan və Ermənistan artıq sülh prosesinə aidiyyəti olmayan köhnəlmiş mexanizm kimi ATƏT-in Minsk qrupunun və əlaqədar strukturlarının bağlanması üçün birgə müraciət ünvanladılar. Beləliklə, sentyabrın 1-də ATƏT bu strukturların birdəfəlik bağlanması barədə qərar qəbul etdi. Ümumilikdə dövlət başçısı İlham Əliyevin avqust ayında ABŞ-a işgüzar səfəri zamanı əldə edilmiş razılaşmalar tarixi əhəmiyyət daşıyır. Ölkə Prezidenti çıxışında Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür etdi.
Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri də enerji təhlükəsizliyi oldu. Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ildə diqqətdədir. Ölkəmiz etibarlı və əvəzolunmaz tərəfdaşa çevrilib. Azərbaycan şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır. Prezident İlham Əliyev Azərbaycanın hazırda 14 ölkəyə təbii qaz ixrac etdiyini, boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutduğunu açıqladı. Bu, Avropada və onun hüdudlarından kənarda enerji təhlükəsizliyinin təmin edilməsində və təchizat marşrutlarının şaxələndirilməsində bizim strateji rolumuzu əks etdirir. Bundan əlavə, son vaxtlar Azərbaycan və Suriya enerji təchizatı, infrastrukturun inkişafı və münaqişədən sonra yenidənqurma işlərinə diqqət yetirərək ikitərəfli tərəfdaşlığı gücləndirib. Bu ilin avqust ayından Azərbaycan Türkiyə ərazisindən Suriyaya təbii qaz tədarük etməyə başlayıb və bununla da dost ölkənin elektrik enerjisi çatışmazlığını əhəmiyyətli dərəcədə azaldıb. Azərbaycan, həmçinin Günəş, külək və su elektrik enerjisi kimi bərpaolunan enerji mənbələrinə böyük sərmayələr cəlb edir. 2030-cu ilə qədər enerji istehsalımızın təxminən 40 faizi bərpaolunan mənbələr hesabına təmin ediləcək.
Vüqar Rəhimzadə hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərinin Azərbaycanın iqtisadi imkanlarının təqdimatında mühüm rol oynadığını vurğulayıb. Bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Prezident İlham Əliyev çıxışında bu reallıqları da diqqətə çatdırdı ki, Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır.
Milli Məclisin deputatı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası fonunda Azərbaycanın yeni dövrə qədəm qoymasından, hazırkı dövrün əsas çağırışlarından və hədəflərindən bəhs edib. Bildirib ki, dövlətimizin başçısının vurğuladığı kimi, biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə