Məktəblərin ətrafında təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERT DANIŞDI

Məktəblərin ətrafında təhlükəsizlik necə təmin olunmalıdır? - EKSPERT DANIŞDI

Son günlər 9-cu sinif şagirdlərinin bir-birinə bıçaqla xəsarət yetirməsi və nəticədə şagirdlərdən birinin həyatını itirməsi ilə bağlı məsələlər gündəmə gəlir. Ümumiyyətlə, təhlükəsizlik məsələsi çox vacib amillərdən biridir.

Bu barədə SİA-ya təhsil eksperto Ramin Nurəliyev danışıb.

O sözlərinə belə davam edib: “Mən təklif etmişdim ki, orta ümumtəhsil məktəblərində Elm və Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında müqavilə bağlansın. Daxili İşlər Nazirliyinin mühafizə polisi var və həmin əməkdaşlar orta ümumtəhsil məktəblərində giriş-çıxışlara nəzarəti həyata keçirə bilərlər.

Əgər məktəbdə mühafizə polisi varsa, bu, şagirdlərin müəyyən nizam-intizam qaydalarına riayət etməsinə də təsir göstərəcək. Çünki polisi görən şagird istər-istəməz özünə müəyyən qədər çəki-düzən verəcək və insident törətməkdən uzaq olacaq. Ona görə də mühafizə polisinin məktəblərdə xidmət göstərməsi ən optimal variantlardan biri kimi qiymətləndirilə bilər.

Məktəbin ətrafında baş verən hər hansı hadisəyə görə məktəb rəhbərliyi məsuliyyət daşımır. Məktəb rəhbərliyi yalnız məktəbin hüquqları çərçivəsində müəyyən məsuliyyət daşıyır. Bu, o demək deyil ki, məktəbdən kənarda, məsələn, küçədə hər hansı insident baş verərsə, məktəb rəhbərliyi buna görə məsuliyyət daşıyacaq.

Məktəbin ətrafında təhlükəsizliyin təmin olunması istiqamətində dünya təcrübəsində də müxtəlif yanaşmalar var. Məsələn, hər hansı məktəbdə müəyyən şübhəli məqamlar varsa, orada polis xüsusi geyimdə və ya mülki geyimdə xidmət göstərə bilər. Tutaq ki, narkotik vasitələrin satışı ilə bağlı şübhəli hadisə qeydə alınarsa, yaxud bıçaqlanma və digər hadisələrlə bağlı müəyyən şübhələr formalaşarsa, polis müdaxilə edə bilər.

Amma mütəmadi olaraq məktəbin ətrafında polisin xidmət göstərməsi formasında bir təcrübə yoxdur. Post-patrul xidməti əməkdaşları ərazidə vaxtaşırı patrul həyata keçirə və özlərini göstərə bilərlər. Lakin davamlı olaraq məktəbin qarşısında və ya ətrafında belə xidmət formasının yaradılması, məncə, dünya təcrübəsində geniş yayılmış yanaşma deyil.

Məktəblərin giriş-çıxışlarında müşahidə kameralarının quraşdırılması və mühafizə polisinin nəzarəti isə çox müsbət təşəbbüs olardı. İstər-istəməz polisi görən şagird özünə müəyyən qədər çəki-düzən verəcək.

Bununla yanaşı, müşahidə kameraları ilə yanaşı, bəzi inkişaf etmiş ölkələrdə məktəblərin giriş-çıxışlarında xüsusi cihazlardan da istifadə olunur. Şagirdlər həmin cihazlardan keçərkən soyuq silah və ya digər təhlükəli əşyalar keçirildiyi halda sistem xəbərdarlıq edir. Belə avadanlıqların xüsusilə böyük və mərkəzi məktəblərdə quraşdırılması məntiqli ola bilər.

Məktəblərin yaxınlığında təhlükəsiz zonaların yaradılmasına gəlincə, hesab edirəm ki, əgər hər hansı şübhəli məqam varsa, polis orada xüsusi xidmət göstərə bilər. Məsələn, əvvəlcədən planlaşdırılmış hər hansı hadisə barədə polisə məlumat daxil olubsa və ya məktəbin ətrafında narkotik vasitələrin satışı ilə bağlı şübhə varsa, həmin ərazidə polis xüsusi əməliyyat keçirə bilər.

Lakin polisin məktəblərin ətrafında davamlı şəkildə xidmət göstərməsi formasında yanaşmanın dünya təcrübəsində geniş tətbiq edildiyini düşünmürəm.

Mənim təklifim ondan ibarətdir ki, məktəblərin yaxınlığında internet klubları olmasın. Bununla yanaşı, məktəblərin ətrafında kafe, diskoteka və digər əyləncə mərkəzlərinin yerləşməsi də məqsədəuyğun deyil.

Şagird məktəbdən müəyyən boşluq taparaq internet kluba, kafeyə və ya digər əyləncə məkanlarına gedə bilər. Belə obyektlərin məktəbin yaxınlığında olmaması şagirdlərin diqqətinin yayınmamasına və boş vaxtlarını həmin yerlərdə keçirməməsinə təsir göstərə bilər. Əks halda, belə məkanlar məktəbə yaxın olduqda şagirdlərin həmin yerlərə maraq göstərməsi və getməsi ehtimalı artır”.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə