"Ağciyər xərçənginin erkən aşkarlanması üçün müntəzəm müayinə vacibdir" - PULMONOLOQ
"Ağciyər xərçəngi kişilər arasında ən çox yayılan xərçəng növlərindən biridir. Ağciyər xərçənginin əsas səbəbi isə, bildiyiniz kimi, siqaret və digər tütün məmulatlarından istifadədir". Bu sözləri SİA-ya açıqlamasında pulmonoloq, ağ ciyər həkimi Əsəd Beydullayev bildirib.

Onun sözlərinə görə, tütün məmulatlarından istifadə edən insanlarda bu xəstəliyə digər insanlarla müqayisədə təxminən 10 dəfə daha çox rast gəlinir:
"Eyni zamanda bəzi peşə qruplarında çalışan insanlarda da ağciyər xərçənginin rastgəlmə tezliyi daha yüksəkdir. Uzun müddət təndir qarşısında çörək bişirən qadınlar, eləcə də zərərli qazlar, toz və digər qıcıqlandırıcı faktorlarla daim təmasda olan iş sahələrində çalışan insanlar risk qrupuna daxildir.
Bu, əlbəttə ki, digər insanlarda ağciyər xərçənginin rast gəlinmədiyi anlamına gəlmir, sadəcə həmin qruplarda risk daha yüksəkdir. Təbii ki, hər bir insanda hansısa nahiyədə xərçəng yaranacaq deyə davamlı müayinə aparmaq real deyil.
Amma risk qrupunda olan insanlara, xüsusilə siqaret və tütün məmulatlarından istifadə edən şəxslərə ən azı ildə bir dəfə, daha yaxşı olar ki, hər 6 aydan bir döş qəfəsinin rentgen müayinəsindən keçməyi tövsiyə edirəm.
Siqaret aludəçisi olmayan insanlara da ümumilikdə ildə bir dəfə çek-up müayinəsindən keçmək tövsiyə olunur. Çek-up müayinəsi təkcə ağciyərlər üçün deyil. Ürəyin exokardioqrafiyası, (EKQ), qan analizləri və digər müayinələr başlanğıc mərhələdə olan xəstəliklərin vaxtında aşkar edilməsinə kömək edir.
Ağciyər xərçənginin diaqnostikasında ən faydalı üsullardan biri ağciyərlərin rentgen müayinəsidir. Risk qrupunda olan insanların ildə bir dəfə, daha yaxşı olar ki, 6 aydan bir döş qəfəsinin rentgenini etdirməsi yaranmış hər hansı düyünü və ya patologiyanı erkən mərhələdə aşkarlamaq şansını artırır. Əks halda, xəstəliyin əlamətlərini gözləmək düzgün deyil. Çünki əksər hallarda əlamətlər ortaya çıxanda artıq gec olur.
Əlamətlərə şiş toxumasının bronxlara təsir göstərməsi nəticəsində həmin nahiyənin büzüşməsi, atelektazın (ağciyərin bir hissəsinin havasız qalaraq sönməsi)
formalaşması, pnevmoniyanın inkişaf etməsi, şiş toxumasının bronx daxilində böyüyərək qanaxmaya səbəb olması, iri bronxları sıxaraq nəfəs darlığı yaratması daxildir. Lakin bunlar adətən xəstəliyin artıq irəliləmiş mərhələlərində müşahidə olunur.
Ümumilikdə hər kəsə tövsiyəm ondan ibarətdir ki, əgər siz tütün aludəçisisinizsə və ya zərərli qazlar, toz və digər qıcıqlandırıcı amillərlə təmasda olduğunuz peşədə çalışırsınızsa, hər 6 aydan bir rutin rentgen müayinəsindən keçin. Bu, sizi ağır bir xəstəliyin başlanğıc mərhələsində xəbərdar edə və erkən diaqnostika sayəsində müalicə şansınızı artırmış olar".
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB