Ailə planlaması və demoqrafik siyasət: çoxuşaqlılıqla sosial imkanlar arasında balans necə qurulmalıdır? - SOSİOLOQ AÇIQLADI
Müasir dövrdə çox övlad sahibi olmaq təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin məsuliyyətidir. Lakin Sumqayıtda 9 uşaqlı bir ailənin yaşadığı çətinliklər göstərir ki, övladların sayı və şəraiti arasındakı balans hər zaman qorunmur. Təhsil, sağlamlıq və qidalanma baxımından yetərli imkan olmadan böyüyən uşaqlar həm fərdi, həm də sosial problemlərə səbəb olur. Bəs ailə planlaması və dövlətin dəstəyi bu məsələdə nə dərəcədə effektiv ola bilər? Hər kəs istədiyi qədər övlad dünyaya gətirməlidirmi? Bu məsələdə ailə planlaması və dövlətin sosial siyasəti arasında balans necə qurulmalıdır?
Məsələ ilə bağlı sosioloq Üzeyir Şəfiyev SİA-ya açıqlamasında bildirib ki, ailə planlaması ailənin öz qərarıdır və şübhəsiz ki, onlar öz imkanlarına, büdcəsinə uyğun olaraq ailəni planlayır, eyni zamanda arzularına uyğun şəkildə bu prosesi həyata keçirirlər:
"Azərbaycanda bu gün rəsmi statistikaya baxanda ailə planlaşmasında 1 və ya 2, ən yaxşı halda isə 3 uşağa üstünlük verildiyini görürük. Statistikaya əsasən, 2 uşaqlı ailələrin sayı daha çoxdur. Çoxuşaqlı ailələrin sayı isə əvvəlki illərlə müqayisədə xeyli azalıb. Məsələn, 2019-cu ildə çoxuşaqlı ailələrin sayı 16 mindən bir qədər çox idisə, hazırda bu göstərici təxminən 8–9 min arasındadır. Əlbəttə ki, demoqrafik artım həm cəmiyyət, həm də dövlət üçün prioritet məsələdir. Bu gün təhlil etdikdə görürük ki, Azərbaycanda təbii artım əvvəlki illərlə müqayisədə ləngiyib. Hətta son 5 ildə təxminən 38–39 min azalma müşahidə olunur. 2023-cü ildə təbii artım 15% olub, 2024-cü ildə də oxşar vəziyyət davam edib.
Sonrakı illərdə də analoji vəziyyətin davam etdiyi müşahidə olunur. Son 22 ildə ölkə əhalisi 26,4% artsa da, bu, əvvəlki onilliklərlə müqayisədə demoqrafik artımın ləngiməsini göstərir. Hesab edirəm ki, bu ləngimənin müəyyən müddətdən sonra sosial fəsadları ola bilər. Orta perspektivdə səfərbərliklə bağlı problemlər yarana bilər, əmək bazarında çətinliklər müşahidə oluna bilər. Eyni zamanda, təbii artım ləngidikcə mexaniki artım, yəni miqrant axını arta bilər və bu da müəyyən problemlərə səbəb ola bilər. Amma hazırki vəziyyət ondan ibarətdir ki, Azərbaycan hələ də Cənubi Qafqaz ölkələri arasında təbii artım tempinə görə liderdir. Buna baxmayaraq, orta perspektivdə bu məsələ bizim üçün də problem yarada bilər. Əlbəttə, ailə planlaşması məsələsində dövlət dəstəyinin rolu böyükdür. Əgər dövlət təhlillər nəticəsində görsə ki, demoqrafik artımda geriləmə var və bu, ciddi fəsadlara gətirib çıxara bilər, o zaman stimullaşdırıcı və həvəsləndirici dəstək alətlərindən istifadə edə bilər. Bu dəstək müxtəlif formalarda ola bilər. İlk növbədə, doğulan uşaqların sosial təminatı ilə bağlı valideynlərə dövlət tərəfindən dəstək göstərilə bilər. Bu, bir çox ölkələrdə demoqrafik geriləmə zamanı tətbiq olunan ənənəvi tədbirlərdəndir.
Hesab edirəm ki, Azərbaycanda da orta perspektivdə belə demoqrafik təşviq siyasətinə ehtiyac olacaq. Çünki ölkədə demoqrafik artımda nəzərəçarpacaq ləngimə müşahidə olunur. Qeyd etdiyim kimi, Azərbaycana keyfiyyətli əhali lazımdır. Keyfiyyətli əhali isə əsasən gənclərin və uşaqların ümumi əhali tərkibində yüksək paya malik olması ilə ölçülür. Hazırda Azərbaycanda gənclərin payı təxminən 21–22%, uşaqların payı isə 26% civarındadır. Hesab edirəm ki, demoqrafik ləngimə prosesi davam edərsə, gələcəkdə ailə planlaşmasında üç və daha çox uşağa üstünlük verənlərin sayı arta bilər. Çünki bu məsələ cəmiyyət və dövlət üçün strateji əhəmiyyət daşıyır. Zərurət yaranarsa, hökumət bu istiqamətdə stimullaşdırıcı və həvəsləndirici alətlərdən istifadə edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB