Xəyanət səs-küylə gəlmir. Bir gün adi bir cümlədə, başqa bir baxışda, gecikən bir mesajda hiss olunur. Qadın əvvəl özünə inanmır. “Bəlkə mən səhv başa düşürəm?”, “Bəlkə də keçici bir şeydir…” deyə-deyə susur. Çünki susmaq öyrədilib ona. Dağıtmamaq, qorumaq, yıxmamaq… Hər şeyi.
Amma xəyanət yalnız münasibəti deyil, qadının özünə olan inamını da yaralayır. Susduqca ağrı içində böyüyür, qadın özünü itirir. Güzgüyə baxanda artıq əvvəlki qadını görmür. Gülüşü yarımçıq, səssizliyi ağır olur.
Bəs qadın niyə susur? Qorxudan. Tənqidlərdən, “ailə dağıtdı” damğasından, cəmiyyətin ağır hökmündən. Halbuki xəyanəti edən o deyil. Buna baxmayaraq, hesab verən yenə qadın olur.
Özünü seçmək isə asan deyil. Bu, ağrılı bir cəsarətdir. Öz dəyərini xatırlamaq, “mən buna layiq deyiləm” deməkdir. Özünü seçmək bağırmaq deyil, bəzən sakitcə qalxıb getməkdir. Bəzən qalmaqdır, amma şərtləri dəyişərək. Əsas olan susaraq yox olmaq yox, danışaraq var olmaqdır.
Qadın bilməlidir: sədaqətsizliyə dözmək fədakarlıq deyil. Özünü seçmək eqoizm deyil. Bu, sağ qalmaq instinktidir. Çünki özünü itirən qadın nə ailəni, nə münasibəti, nə də gələcəyi qoruya bilər.
Xəyanətdən sonra verilən ən ağır sual budur: “Onu mu, yoxsa özümü mü seçirəm?”Bu sualın cavabı isə qadının taleyini müəyyən edir.
Və bəlkə də ən doğru cavab budur:Əvvəl özünü seç. Çünki səni səndən başqa heç kim xilas etməyəcək.
Xəyanətdən sonra qadının içində səssiz bir mübarizə başlayır. Bir tərəfdə keçmiş xatirələr, verilən sözlər, qurulan planlar dayanır; digər tərəfdə isə sındırılmış etibar və cavabsız suallar. Qadın çox vaxt öz ağrısını gizlədərək hər kəsi düşünür, amma özünü unudur. Halbuki ən dərin yaralar danışılmadıqca sağalmır, üstü örtülmüş ağrı isə zamanla insanın ruhunu içdən-içə yeyir.
Cəmiyyət qadından güclü olmağı tələb edir, amma onun yorulmağa da haqqı olduğunu görmür. Qadın susduqca səbrli sayılır, danışdıqca günahlandırılır. Lakin həqiqət budur ki, xəyanət qarşısında səssiz qalmaq fəzilət deyil, özünü inkar etməkdir. Qadın ağrısını dilə gətirdikdə zəifləməz, əksinə, öz dəyərini bərpa etməyə doğru ilk addımı atmış olar.
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB