“Sentyabr ayı, xüsusilə də dərs ilinin başlanması ilə əlaqədar olaraq, şəhər həyatında “ən sıx” dövrlərdən biri kimi xarakterizə oluna bilər. Bu dövrdə əhalinin böyük qismi tətil və istirahətdən qayıdır, nəticədə şəhər məkanlarında və ictimai nəqliyyatda ciddi yüklənmə müşahidə edilir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib.
Aslan Əsədov sözlərinə belə davam edib: “İctimai nəqliyyatda - xüsusən metro və avtobuslarda - sıxlıq özünü daha çox göstərir. Son illərdə avtobus parkının yenilənməsi, yeni marşrutların istifadəyə verilməsi və müasir nəqliyyat vasitələrinin tətbiqi müşahidə olunsa da, bu tədbirlər hələlik ümumi tələbatı tam ödəməkdə çətinlik çəkir.
Problemin əsas səbəbləri bunlardır:
Sentyabr ayında iş və təhsil mövsümünün eyni vaxtda başlaması;
Şəhər əhalisinin birdən-birə sayca artması;
Nəqliyyat infrastrukturunun sərnişin axınına tam uyğunlaşmaması.
Mütəxəssislərin fikrincə, davamlı olaraq nəqliyyat vasitələrinin yenilənməsi, marşrutların optimallaşdırılması və sərnişin axınına uyğun tədbirlərin görülməsi vacibdir. Yalnız bu halda, mövsümi yüklənmənin mənfi təsirləri minimuma endirilə bilər”.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə