"Belə insanların sözünə əsla fikir vermək lazım deyil" - ŞƏRH EDİLDİ

"“Qapı pusmaq” Novruz bayramına aid adətlərdən biridir". Bunu SİA-ya açıqlamasında Əməkdar jurnalist, sosioloq Mətanət Məmmədova deyib.

O bildirib ki, 100 illərdir ki, bu bizim adət-ənənəmiz olaraq davam etdirilir. Novruz bayramında bu "qapı pusmaq" bölgələrə görə dəyişilir: "Məsələn, elə bölgələr var ki, orada İlaxır çərşənbə günü yəni, Torpaq çərşənbəsində qızlar və ya oğlanlar "qapı pusur"lar. Əgər içəridən xoş bir söz gələrsə onun hasil olunacağına yozurlar. Əgər kimsə ağzından bir bəd söz çıxararsa bunu isə diləklərinin hasil olmaması kimi yozurlar. Bəzi bölgələrdə isə bu mərasim 20 Martda bayram axşamında keçirilir. Yəni, hansı gündə keçirilməsindən asılı olmayaraq bunun mənası odur ki, "qapı pusmaq" eşidilən sözə görə insan öz arzu, diləklərini həyata keçirib-keçirməyəcəyini özündə qərarlaşdırır. Son dövrlərdə bəzi filoloqlar, etnoqraflar var ki, onlar "qapı pusma" kimi Novruz adətlərinin artıq bir mərasim olduğunu hesab edirlər. Lakin mən onlara demək istəyirəm ki, bu bizim xalqımızın əsrlərdən bəri yaşatdığı mərasimlərdən biridir. Burada heç də qeyri-adi heçnə yoxdur. Yəni İslama görə düşünürlər ki, İslam dinində, Quranda heç kim kiminsə qapısını pusmamalıdır, dinləməməlidir. Burda gedib kiminsə qapısını pusmaq onun ailədə danışdığı sözləri eşitmək məqsədi daşımır. Hər kəs bilir ki, bayram günündə onun qapısı pusula bilər, ona görə də çalışır ki, gözəl sözlər danışsın.

Yadımdadır biz uşaq olarkən bayram günlərində həmişə anam deyirdi ay bala xoş sözlər danışın, bir-birinizə çəmkirməyin. Çünki qapımızı pusan olar. Lakin bu gün elə filoloqlar, etnoqraflar meydana çıxıb ki, milli dəyərləmizin üstünə xətt çəkmək istəyirlər. Ancaq biz xalq olaraq hər birimiz öz sahəmizdə bunların qarşısını almağa çalışmalıyıq. Qapını pusmaq İslam adətlərinə və ya Quranda yazılanlara qarşı çıxmaq deyil, çünki hər kəs bilir ki bayram günündə onun qapısı pusula bilər. Sadəcə insan həmin günlər elə tək qapı pusanlar üçün yox, özü üçün, ailəsi üçün də bayram xətrinə özünü o qədər möhtəşəm şəkildə idarə etməlidir ki, bayramda evindən pis söz çıxmasın. Düşünürəm ki, bu adətləri davam etdirmək lazımdır. Qapı pusmaq əsrlərdən bəri Novruz adətlərimizdən biridir. Gənclər universitetə girmək üçün, öz taleylərinin necə olması, iş həyatında uğur qazanıb-qazanmayacaqlarını təxmin etmək üçün qulaq falına çıxırlar. Hər kəsin qəlbində bir arzusu vardır yəni, o arzu ilə qulaq falına çıxır. Məsələn, deyirlər ki, "papaq atmaq"da da elə ailələr olar ki papağın içinə qoymağa hər hansısa bir nemət qoymağa gücü çata bilməz, onlar kədərlənər, özlərini alçalmış hesab edərlər. "Papaq atdı" o demək deyil ki, sən o papağı ağzına kimi doldurasan. Bu o deməkdir ki, bir dənə alma, iydə, öz həyətində yetişdirdiyin məhsullardan bir qoz, fındıq, badam da belə qoysan həmin uşağın atdığı papağ onun sevincinə səbəb olacaq. Biz bu adətlərimizi yaşadıb bundan sonrakı gənclərə, gələcək nəsillərə verməliyik ki, onlarda yaşada bilsinlər. Bir xalqın, bir millətin tarixini, mədəniyyətini yaşadan onun adət-ənənələridir. Adət-ənənə yaşadıqca bu tarix mədəniyyətdə yaşadılacaq. Yox əgər biz bunları bu gün məhv etsək, gələcəkdə övladlarımıza danışacaq bir sözümüz, söhbətimiz olmayacaq, onlara təqdim edəcəyimiz bir mərasimimiz olmayacaq. Ona görə də belə insanların sözünə əsla fikir vermək lazım deyil, harada gəldi onların ağzının üstündən vurmaq lazımdır ki, bizim mərasimlərimizə qarşı bu cür münasibət göstərməsinlər".

Müəllif: Günel Əliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə