Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir təşkil edilib

10 Dekabr - Ümumdünya İnsan Hüquqları Günü münasibətilə İspaniyanın paytaxtı Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir keçirilib.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Ölkəmizin İspaniyadakı səfirliyindən bildirilib ki, tədbir müharibə və silahlı münaqişələr üzrə ixtisaslaşmış, beynəlxalq səviyyədə tanınan jurnalist-fotoqraf Qervasio Sançezin təşəbbüsü ilə təşkil olunub.

Qeyd edək ki, Q.Sançez Azərbaycanda mina qurbanlarına dair məlumat toplamaq və mina problemini işıqlandırmaq məqsədilə cari il aprelin 25-dən mayın 12-dək ölkəmizdə səfərdə olub.

Tədbir zamanı Sançezin səfər çərçivəsində keçirdiyi görüşlər, xüsusilə Qarabağ və Şərqi Zəngəzur rayonlarına səfərləri zamanı 30-a yaxın mina qurbanı ilə fərdi söhbətləri əsasında topladığı materiallar və fotoşəkillərin “Səssiz əks-səda: Mina qurbanlarının danışılmamış hekayələri” adlı fotojurnal vasitəsilə təqdimatı olub.

Fotojurnalda müəllifin ölkəmizə səfəri çərçivəsində lentə aldığı 70-dən çox fotoşəkil - ümumi mənzərə, işğaldan azad olunmuş ərazilərdəki dağıntılar və Azərbaycanın apardığı genişmiqyaslı bərpa və quruculuq işləri, eləcə də I və II Qarabağ müharibələrindən sonra mina partlaması nəticəsində xəsarət almış mina qurbanlarının portretləri və şəxsi hekayələri yer alıb.

Azərbaycanın ilk qadın minatəmizləmə qruplarının fəaliyyətləri və onların yüksək peşəkarlıqla minatəmizləmə əməliyyatlarına cəlb edilmələri Sançezin fotoları vasitəsilə ispan cəmiyyətinə təqdim olunub.

Qeyd edək ki, Avropa auditoriyası üçün Azərbaycan ərazilərinin mina ilə çirklənməsinin miqyası və bunun humanitar fəlakət kimi ölkəmizin böyük səy və əzmlə həll etməyə çalışdığı problem olması ilk dəfədir ki, məhz avropalıların öz dilindən səsləndirilir.

Tədbirdə Milli Məclisin deputatı, Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevil Mikayılova və Azərbaycanın Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndəsi Nəriman Qasımov və Ramon Llull Universitetinin Beynəlxalq Əlaqələr professoru Xordi Çukla isə qonaq çıxışçılar qismində iştirakçılara ölkəmizdəki mina problemi haqqında ətraflı məlumat veriblər.

Q.Sançez Azərbaycandakı mina problemin miqyasını xarakterizə edərək 30-dan çox mina təhlükəsi ilə üzləşən ölkələrə səfər etdiyini və dünyanın heç bir yerində bu miqyasda mina təhlükəsinə rast gəlmədiyini bildirib. Onun sözlərinə əsasən, müharibə vikipediyada qeyd olunan tarixdə bitmir, onun tam fəsadları aradan qaldırılan zaman yekunlaşır. Azərbaycanın hazırda öz resursları hesabına ərazilərini minalardan təmizlədiyini və beynəlxalq dəstək olmadığı müddətcə bu prosesin daha uzun illər çəkəcəyini bildirib.

Regiondakı təhlükəsizlik prosesləri ilə bağlı məlumatlı olduğunu və dəfələrlə Azərbaycanda səfərdə olduğunu qeyd edən ATƏT PA-nın ətraf mühit məsələləri üzrə vitse prezidenti Pere Xoan Pons mina probleminin humanitar fəlakət olmaqla yanaşı, iqtisadi və ekoloji fəsadlarını diqqətə çatdırıb və Azərbaycandakı mina problemini ətraf mühit kontekstində dəyərləndirib.

İspaniya Senatında Milli Təhlükəsizlik və Müdafiə üzrə Birgə Komissiyanın üzvü, hüquqşünas Xose Antoniyo Monaqo cari ildə Qarabağa baş tutmuş səfərindən söz açaraq Azərbaycandakı mina probleminin fəsadları ilə əyani tanış olduğunu, Ağdam şəhərinə səfəri zamanı orada bir dənə də olsun dağıdılmamış binalara rast gələ bilmədiyini, Ağdam şəhərinin açıq kitab-muzey şəklində acı reallığı nümayiş etdirdiyini, müharibə bitməsinə baxmayaraq piyada əleyhinə minaların insanlar üçün davamlı təhlükə yaratdığını, məcburi köçkünlərin geri qayıdışına, iqtisadiyyatın, infrastrukturun inkişafına əsas maneə olduğunu bildirib.

İspaniyanın mina məsələsindəki geniş təcrübəsini paylaşan X.Monaqo Azərbaycanda mina ilə bağlı aparılan fəaliyyətin təkcə əraziləri təmizləməklə məhdudlaşmadığını, bu fəaliyyətin, eyni zamanda, insanlarda gələcəyə dair ümidlər yaratmaq, ədaləti təmin etməklə həyatını itirən mina qurbanlarının xatirələrinə hörmət etmək, yaralıların gələcək yaşamlarını qurmasına yardım göstərmək kimi məqamları ehtiva etdiyini deyib. Bu kontekstdə, Sançezin mina problemi üzrə məlumatlılığı artırmaq istiqamətində gördüyü işi təqdir edən X.Monaqo onun yalnız keçmişi sənədləşdirmədiyini, eyni zamanda, hamımızı kollektiv məsuliyyətə səslədiyini və beləliklə bu jurnalın öz mahiyyətini aşaraq daha çox məna kəsb etdiyini bildirib. O, növbəti dəfə Ağdama səfər etdiyində mina təhlükəsi probleminin bitəcəyinə ümidvar olduğunu bildirib.

İspaniya XİN-in Beynəlxalq İnkişaf üçün Əməkdaşlıq Agentliyinin (AECID) nümayəndəsi, Ukrayna üzrə əlaqələndirici şəxs hazırda Azərbaycanın üzləşdiyi mina probleminin daha sonralar Ukraynada yaşanacağını və bu kimi mina xarakterli humanitar problemlərə beynəlxalq diqqətin verilməsinin vacibliyini bildirib.

İspaniyanın kifayət qədər tanınmış jurnalistlərindən sayılan, yazıçı və ictimai fəal Ana de Santoş tədbirin moderatoru kimi mina probleminin humanitar fəlakət olması, bu səbəbdən minlərlə azərbaycanlı məcburi köçkünün hələ də öz torpaqlarına qayıda bilməməsi barəsində fikirlərini bölüşərək tədbir boyunca maraqlı müzakirələrin təşviq olunmasına töhfə verib.

Tədbirin sonunda Qervasio Sançezin Azərbaycanda çəkdiyi fotoşəkillərin e-sərgisi təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə