“Gənc Bələdçi”lərin hazırlığına başlanılıb - FOTOLAR

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi, “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənc Bələdçi” layihəsi çərçivəsində İsmayıllı rayonunda təlim proqramı təşkil olunub. SİA xəbər verir ki, 4 regionda 100-dən artıq gənci əhatə etməsi planlanan layihənin ilk mərhələsi 23-26 noyabr tarixləri aralığında İsmayıllı şəhərində baş tutub.

25 nəfər gəncin iştirakı ilə 4 gün müddətində İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində praktiki sessiyalar təşkil olunub, “Ekoturizm”, “bələdçilik”, “ekoturlar üçün marketinq strategiyalarının və multimedia hesablarından məqsədyönlü istifadə”, “tur planlanması” mövzularında təlimlər keçirilib. Gənclərin “ekoturizmtəşəbbüslərinin” dəstəklənməsi məqsədi ilə mentorluq proqramı qurulub və layihənin davamlılığı təmin edilib.

Gənclərin Azərbaycan Turizm Agentliyi və Məşğulluq Agentliyinin regional nümayəndələri ilə görüşü təşkil olunub. Regionlarda turizm potensialı, görülən işlər, gənclərin bilik və bacarığının artırılması, özünəməşğullu proqramları haqqında müzakirələr aparılıb, “Gənc bələdçi”ləri maraqlandıran suallar cavablandırılıb.

“Gənc Bələdçi” layihəsinin İsmayıllı rayonunda son günü bağlanış mərasimi keçirilib. Tədbirdə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin direktoru Kəmalə Süleymanlı, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin rəis müavini Fərhad Qurbanov, İsmayıllı Regional Turizm Agentliyinin nümayəndəsi Arifə Gərayova, “İRƏLİ” İctimai Birliyinin ictimaiyyətlə əlaqələr katibi, “Gənc Bələdçi” layihəsinin koordinatoru Nigar Əliyeva çıxış edərək layihə haqqında fikirlərini bilirib, iştirakçılara uğurlar arzulayıblar. Tədbirdə layihənin əsas məqsədinin yeni ekoturizm təşəbbüslərinin yaradılması, Azərbaycanın zəngin mədəni və tarixi irsinin təbliğ olunması, ətraf mühitin qorunması, bölgələrə yerli və xarici turistlərin cəlb olunması, gənclərin məşğulluğunun artırılması və gənc bələdçilərin formalaşması olduğu vurğulanıb. Proqramın gənclərdə təkmilləşdirilmiş turizm təcrübələrilə nəticələnən mədəni və tarixi məlumatlılığın artırılmasını və ekoturizm infrastrukturunun və xidmətlərinin inkişafını hədəflədiyi bildirilib. Sonda layihənin iştirakçıları şəhadətnamə ilə təltif edilib.

Qeyd edək ki, layihə çərçivəsində növbəti görüşlərin Qəbələ, Şəki, Lənkəran şəhərlərində keçirilməsi planlaşdırılır və həmin regionlar üzrə qeydiyyat davam edir.

Qeyd edilən bölgələrdə yaşayan, turizm və bələdçilik sahəsinə maraqlı gənclər qeydiyyat linki vasitəsilə iştirakçı ərizələrini təqdim edə bilərlər: https://forms.gle/daPEJVzAVin7Ju3x5

Bütün xəbərlər Facebook səhifəmizdə