Ermənistan təzminat ödəməyə məcbur edilməlidir - RƏY

“Ermənistanın torpaqlarımızı 30 illik işğal altında saxladığı dövr ərzində Azərbaycana qarşı ciddi formada maddi zərər dəyib. Bu zərər həm işğal prosesində, həm də işğal dövründə baş verib. Azərbaycan ərazisi bu müddət ərzində böyük ziyan çəkib. Məsələn, Azərbaycanın enerji resursları 30 il ərzində qanunsuz olaraq istismar edilib, tarixi və mədəni abidələri məhv edilib, eyni zamanda, torpaq mühitinə, fauna və florasına ciddi zərər vurulub. Bütün bu dörd istiqamət üzrə Ermənistan dövləti Azərbaycan qarşısında reparasiya öhdəliyi daşıyır. Bu, məsuliyyətin bir növüdür. Ermənistanın kompensasiya ödəmə məcburiyyəti var”.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bu sözləri açıqlamasında Vəkillər Kollegiyasının üzvü Polad Mehdiyev deyib.

Vəkilin sözlərinə görə, belə hallara tarixdə çox rast gəlinir: “Məsələn, XX əsrdə nasist Almaniyasının Polşaya törətdiyi əməllərə görə 1,3 trilyon avro kompensasiya ödənilib. Daha yaxın dövrdə, İraqın Küveyti işğal etməsi məsələsində BMT tərəfindən komissiya yaradılıb. Zərər müəyyən edilib və 687 nömrəli BMT qərarı ilə İraq Küveytə qarşı kompensasiya ödəməyə məcbur edilib. Hazırda isə Şərqi Avropada Sovet Rusiyasına qarşı Almaniyanın öhdəliyi barədə çox cüzi bir kompensasiya tələbi mövcuddur. 1945-ci ildə Yalta konfransında da bu məsələ qaldırılmışdı. Lakin maraqlı məqam ondan ibarətdir ki, Almaniyanın Sovet Rusiyasına qarşı kompensasiyanı ödəməyə maddi imkanı yox idi və zavod, fabrik, dəmir yolları və heyvanlarla bu proses əvəzləşdirmə yolu ilə həyata keçirildi. Bu məsələləri vurğulamaqla əsas məqsədim təcavüzkar bir dövlətin, kapitulyasiyaya məcbur edilmiş bir dövlətin mütləq bu təcavüzün cəzasını çəkməli olduğunu göstərməkdir. Bu cəza ən azı kompensasiya formasında olmalıdır. Ümumiyyətlə, cəzanın məqsədi nədir? Məsuliyyətin məqsədi nədir? Məsuliyyətin məqsədi çəkindirmə xarakteri daşıyır ki, həmin dövlət bir daha bu cür cinayətə təşəbbüs etməsin. Ermənistan dövləti ilə bağlayacağımız sülh sazişində mütləq kompensasiya bəndi öz əksini tapmalıdır. Əgər kompensasiya ödəməklə bağlı Ermənistan dövlətinin maddi resursları çatmırsa, bu gün hər kəsə məlum olan ikili standartlar çərçivəsində Ermənistanın silahlandırılmasına və dirçəlməsinə dəstək verən dövlətlər həmin davamlı və dayanıqlı sülhün bağlanması üçün Ermənistanın törətdiyi əməllərin nəticələrinə görə dəstək verməlidir. Məsələn, müvafiq təzminat fondu yaradıb onun vasitəsilə Azərbaycana vurulmuş zərər ödənilməlidir”.

Vəkil deyib ki, əgər bu da mümkün deyilsə, Ermənistan Azərbaycana qarşı öz suverenliyindən güzəşt etməlidir. Bu, ərazi kimi də ola bilər və ya suveren hüquqların başqa formada təhvil verilməsi ilə də mümkündür: “Ermənistan təcavüzkar dövlətdir və Azərbaycana 800 milyard dollara yaxın zərər vurub. İlkin hesablamalara görə, bu məbləğ arta bilər və bu zərər üçün dəqiq kompensasiya müəyyən edilməlidir.

Ermənistanın ödəmə qabiliyyəti yoxdursa və bu ölkənin dostları bunu ödəmək istəmirsə, Ermənistan ərazisindən, məsələn, Azərbaycanın ana hissəsindən Naxçıvan hissəsinə gedən Zəngəzur dəhlizi adlanan hissədə torpaq olaraq güzəştə getməlidir və ya orada suveren hüquqlarını Azərbaycanın nəzarətinə verə bilər”.

O bildirib ki, Azərbaycanın enerji resurslarının qanunsuz istismarı ilə bağlı enerji xartiyasına uyğun olaraq ölkəmiz tərəfindən Ermənistana qarşı arbitraj prosesi başlanılıb: “Bu proses çərçivəsində Ermənistan tərəfindən vurulmuş zərərin həcmi müəyyən ediləcək və buna görə də beynəlxalq məhkəmədə kompensasiya iddiası qaldırılacaq. Eyni zamanda, Bern konvensiyasına uyğun olaraq bu ilin aprel ayında Azərbaycan Beynəlxalq Haaqa Məhkəməsində Ermənistana qarşı iddia qaldırıb. Bu iddianın mahiyyəti ondan ibarətdir ki, Ermənistana Azərbaycanın fauna və florasına, təbii ehtiyatlarına, çaylarına, heyvanlar aləminə vurduğu zərərə görə kompensasiya ödəməyə məcbur edilsin. Başqa bir çox mühüm məsələ isə mədəni və tarixi abidələrə vurulmuş zərərlə bağlıdır və buna görə də kompensasiya ödənilməlidir. Bu məsələdə 1954-cü il Cenevrə Konvensiyasını, UNESCO-nun 1972-ci il Konvensiyasını və Avropa Partiyasının mədəni abidələrin qorunması ilə bağlı müvafiq sənədlərini xatırlatmaq istərdim.

Yekun olaraq, sadaladığım istiqamətlər üzrə Ermənistan kompensasiya ödəməyə, təzminata məcbur edilməlidir. Ödəmə qabiliyyəti olmadıqda isə bayaq dediyim kimi, alternativ üsullardan istifadə olunmalıdır. Bu, beynəlxalq hüquqi mexanizm baxımından mümkün bir addımdır”, - deyə Polad Mehdiyev əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə